AZ EN RU

Misli görünməmiş cinayət - Xocalı soyqırımı

Tarix öz miqyası ilə bir çox dəhşətli faciələrin şahidi olub. Belə ki, hələ XIV əsrdə minlərlə insanın ölümünə səbəb alan taun epidemiyası, 1556 –cı ildə Çinin Şansi vilayətində 630 min insanın həyatına son qoyan dəhşətli zəlzələ, XX əsrdə milyonlarla insanın ölümünə səbəb olan I və II dünya müharibələri, Xatın, Leypitsiq, Oradır dəhşətləri, Xirosima və Naqasaki şəhərlərinin taleyinə qara xətt çəkən atom bombaları. Bütün bunlar zaman-zaman baş verib cəmiyyəti lərzəyə gətirsə də, XX əsrin sonlarında xalqımıza qarşı törədilən 20 Yanvar, Xacalı faciəsi bəşəriyyətin qoynunda yer tutan dərd, kədər və faciələrin ən dəhşətlisi hesab olunmalıdır.

Xalqımıza qarşı törədilən faciənin şahidi fransız jurnalisti Jan-İv Ginyet yazırdı: “Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla ermənilər onları arxada qoydular”.

1956-cı ildə Budapeşt, 1968-ci ildə Praqa, o cümlədən 1989-cu ildə Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq hüquqi qiymət verdiyi halda, 1990-cı ilin yanvarında Bakıda yaşanan olaylara, xocalı faciəsinə fərqli prizmadan baxıldı. Həmin hadisələr SSRİ rəhbərliyinin Azərbaycanda ekstremist qüvvələri zərərsizləşdirmək və əhalini xaosdan qorumaq üçün atdığı məcburi addımı kimi tanındı.

Azərbaycan xalqı son iki yüz il ərzində erməni şovinistlərinin davamlı olaraq etnik təmizləmə və soyqırım siyasətinə məruz qalmışdır. Soydaşlarımız tarixi torpaqlarından dəfələrlə qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş, on minlərlə azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Hələ XIX əsrin ilk onilliklərində rus çarizmi tərəfindən əzəli Azərbaycan torpaqlarında yerləşdirilən ermənilər dəfələrlə fitnəkarlığa, xəyanətə əl atmış, öz havadarlarına arxalanaraq 1905-ci, 1918-1920-ci illərdə və digər vaxtlarda xalqımıza qarşı qanlı qırğınlar törətmişlər.

Tarixi faktlar təsdiqləyir ki, “Dənizdən-dənizə Ermənistan” xülyası ilə yaşayan erməni ideoloqları müəyyən xarici havadarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı siyasəti həyata keçirmiş, etnik təmizləmə aparmışlar. Azərbaycanın tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın qəlbində dərin iz salan elə hadisələr də vardır ki, heç zaman xalqın qan yaddaşından silinmir. Ermənilərin törətdikləri Xocalı soyqırımı da unudulması mümkün olmayan belə dəhşətli hadisələrdəndir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Nəticədə şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar.

Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Soyuq, qarlı fevral gecəsində qız-gəlinlərimiz əsir düşmüş, girov götürülmüşdür. İnsanlar ermənilərdən yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv olmuşdur.

Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qoca, uşaq, qadın əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qalmışdır. 150 nəfərin taleyi hələ də məlum deyil. Bu, əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106-sı qadın, 63-ü uşaq, 70-i qoca idi. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

Xocalıda baş verən dəhşətləri həmin dövrdə bir sıra xarici ölkələrin aparıcı kütləvi informasiya vasitələri də işıqlandırıb. Faciə baş verən gün Xankəndində ezamiyyətdə olmuş Fransanın “Libardion” qəzetinin əməkdaşı Jul Gen Vaynerin qeydləri bu barədə xüsusi maraq doğurur. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazmışdır. O, “Libardion” qəzetində çap etdirdiyi “Erməni terrorizminin canlı şahidi oldum” sərlövhəli yazısında Xocalıda baş verənlərin qabaqcadan cızılan ssenari olduğunu açıq bəyan etmişdir. Onun fikrincə, burada məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olmuş, erməni terrorizminin dünyanı məhz bu yolla “ram etməyə” çalışdığını göstərmək istəmişdir.

Faciənin baş verməsində əsas məsuliyyətin bilavasitə o zaman ölkəyə rəhbərlik edən qətiyyətsiz hakimiyyətin üzərinə düşdüyünü də açıq deməliyik. Hadisələrin ilkin dövrlərində o zamankı iqtidar Xocalı şəhərinin mülki əhalisinin xilası naminə vaxtında qətiyyətli tədbir görməmişdir. Dövlətin başında duranlar hadisədən sonra xalqın qəzəbindən qorxaraq onun miqyasını kiçiltməyə çalışmış, rəsmi məlumatlarda isə Xocalıda guya “iki nəfərin öldüyü” bildirilərək əsl həqiqət barədə ictimaiyyətə yalan məlumat verilmişdir.

Xocalı faciəsi dünyada törədilən bir çox soyqırım hadisələrindən dəhşətli olsa da, bu hadisəyə uzun müddət hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etmiş, sənəddə hadisənin baş vermə səbəbləri təfsilatı ilə açıqlanmışdır. Eyni zamanda Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 1700-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Ulu öndər Heydər Əliyev demişdir “Bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür”.

Xocalı soyqırımının dünyada tanıdılması hazırda Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistanı işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində görülən işlər bu gün də davam etdirilir. Faciənin dünya ictimaiyyətinə tanıdılması istiqamətdə həm dövlət səviyyəsində, həm müxtəlif qurumlar, həm də ayrı-ayrı vətəndaşlarımız tərəfindən istər respublika daxilində, istərsə də respublikamızdan kənarda çoxlu iş görülüb. Bundan əlavə, beynəlxalq səviyyəli görüşlərdə, toplantılarda, konfranslarda bu mövzu gündəmə gətirilib, yürüşlər, mitinqlər keçirilib, sənədli xronoloji materiallar, fotolar dərc edilib, kitablar buraxılıb, sərgilər keçirilib.

Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Hersoqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.

2016-cı il aprelin 2-dən 5-dək davam edən Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan ordusu Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdi. Azərbaycan bununla öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi. Nəticədə, 4 günlük döyüşlərin beynəlxalq əks-sədası da dərhal duyuldu və Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlaması bir daha bütün dünyaya çatdırıldı.

Prezident İlham Əliyevin: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Bu soyqırımı törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”-sözləri Zəfər salnaməmizin yazılmasında hər kəsin birliyini bir daha nümaiş etdirdi.

2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi isə tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.

Nəticədə tarixi zəfərə imza atıldı, Azərbaycan Qarabağa qovuşdu, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu.

Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəiyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.

Bəli, Azərbaycan Ordusu Qarabağı xilas etməklə yanaşı, Xocalının da qisasını aldı. Bu qələbə Müzəffər Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümaiş etdirdi. İnanırıq ki, qürurlu və güclü xalqımız Prezident cənab İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşərək qüdrətli Azərbaycan uğrunda mübarizəni əzmlə davam etdirəcəkdir.

                    Arzu ABDULLAYEV

NDU “Beynəlxalq Münasibətlər” kafedrasının əməkdaşı,

Tarix üzrə fəlsəfə doktoru

Nəşr edilib : 22.02.2023 12:11