AZ EN RU

Misirlə əlaqələr Azərbaycanın Yaxın Şərqdəki mövqelərini gücləndirir

Məlum olduğu kimi, iyunun 7-də Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına səfər etdi və burada çox yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün faydalı müzakirələr apardı. Hazırkı dövrdə Misir və Azərbaycan arasındakı əlaqələr hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır və Prezidentin son səfəri bu əlaqələri daha üst səviyyəyə daşımaq üçün böyük rol oynayacaq. Ümumilikdə isə hər iki ölkə üçün bu əlaqələr vacibdir.

Qeyd edək ki, Misirlə Azərbaycan arasındakı dostluq əlaqələri hələ sovet dövründən mövcud olub. Misirin ötən əsrdə həyata keçirdiyi nəhəng layihələrdən olan Asuan bəndinin tikintisində azərbaycanlı mühəndislər çox yaxından iştirak etmişlər. Həmçinin, Misir ölkəmizin müstəqilliyini ilk tanıyan (26 dekabr 1991-ci il) 5 müsəlman ölkəsindən biri olub. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyev Azərbaycan Prezidenti kimi 1994-cü ildə Misirə səfər etmiş, qarşılıqlı görüşlər keçirmiş, hər iki ölkə arasında əlaqələrin əsasını qoymuşdur. Cənab İlham Əliyev isə Azərbaycan Prezidenti kimi ilk dəfə 2007-ci ilin 6-8 may tarixlərində Misirdə səfərdə olmuş, ölkə rəhbəri Hüsnü Mübarəklə qarşılıqlı münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparmışdır. Ötən il, 2023-cü ilin yanvarında isə Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycana səfər etmişdir. İki lider arasında keçirilən görüşün yekunu olaraq bir sıra sənədlər imzalanmışdır. Azərbaycan liderinin iyunun ilk ongünlüyündə Misirə səfəri isə qarşılıqlı əlaqələrin yeni mərhələyə daşınmasına imkan açır. Bəs bu yeni mərhələ özünü hansı istiqamətlərdə göstərəcək?

İlk olaraq bunu qeyd etməliyik ki, Misir Ərəb Respublikası hər zaman ən yüksək kürsülərdə Ermənistan-Azərbaycan münasibətlərində Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Bunu da nəzərə almalıyıq ki, ərəb dövlətləri içərisində Livandan sonra erməni diasporunun çox ciddi təsir imkanları olduğu ölkə Misirdir. Ancaq buna baxmayaraq Misir BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında və digər yüksək tribunalarda ölkəmizin mövqeyini yekdilliklə dəstəkləyib, Azərbaycanla həmrəylik nümayiş etdirib.  Azərbaycan Prezidentinin də dediyi kimi Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik edib. Bu gün Misir Şimali Afrikanın, ümumilikdə isə Yaxın Şərqin ən böyük ölkəsidir. 110 milyonu ötmüş əhali sayı ilə dünya orduları sırasında 14-cü yerdədir. Həmçinin Afrika qitəsində Nigeriyadan sonra ən böyük iqtisadiyyata malikdir. Bu ölkənin büdcəsinin, demək olar ki, yarısını turizm və xidmət sektoru ödəyir. Ümummilli gəliri 400 milyard dollar təşkil edən Misirin xarici dövlət borcu çox olsa da, ölkə islahatlar yolu ilə getməkdə qərarlıdır və hazırda 2030-cu ilə qədər iqtisadi sıçrayışı əldə edəcək yeni dövlət proqramını icra edir. Yaxın Şərq və Şimali Afrikada sənaye iqtisadiyyatı və texnoloji məhsulların əsas ixracatçısı olmağı qarşısına məqsəd qoyan bu ərəb ölkəsi son illərdə iqtisadiyyatına 140 milyarddan çox xarici sərmayə də cəlb edib. Misirin əsas gəlir mənbələrindən biri də Süveyş kanalından keçən gəmi rüsumlarından formalaşır. Amma Həmasın İsrailə hücumundan sonra Yəmən husilərinin Qırmızı dənizdə İsrailə və müttəfiqlərinə yük aparan gəmiləri hədəfə alması səbəbindən Misirin buradan gəlirləri xeyli aşağı düşüb. Buna görə də Misir öz iqtisadi gəlirlərini həm də digər ölkələrlə qarşılıqlı əlaqələr qurmaqla əldə etmək istəyir. Bu baxımdan Azərbaycan Misir üçün əməkdaşlıq baxımından çox yaxşı partnyordur. Eyni zamanda Azərbaycanın islam ölkələrinin həmrəyliyi yönündə atdığı addımlar Misir tərəfindən rəğbətlə qarşılanır. Digər tərəfdən Azərbaycanın hazırkı dövrdə Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində nəqliyyat imkanları, son illərdə ərəb dövlətləri ilə qarşılıqlı əlaqələri Misirin də maraqlarını təmin edir. Həmçinin Türkiyə-Azərbaycan əlaqələri və Türkiyə ilə Misir arasında arasındakı yeni əməkdaşlıq imkanları da qarşılıqlı əməkdaşlığın yeni mərhələsi üçün əlavə imkanlar təqdim edir. Təsadüfi deyil ki, cənab İlham Əliyevin Misirə dövlət səfərində qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi üçün imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar bu işi daha da irəli aparacaq. Xüsusilə, ilk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək perspektivi yüksəkdir.

Vurğulamaq lazımdır ki, müsəlman ölkələri içərisinə əhali və ordusunun sayı, yerləşdiyi geostrateji mövqeyinə görə Misirlə əlaqələr Azərbaycan üçün də  perspektivlidir. Misirin COP 27-yə uğurla sədrliyi və bu təcrübədən Azərbaycanın yararlanmağı, Yaxın Şərqin ən ağrılı qarşıdurmalarından olan İsrail-Fələstin münaqişəsində Fələstin dövlətinin qurulmasında bir çox ölkələrlə yanaşı Misirlə də həmfikir olmağı, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasının qarşıya məqsəd qoyulması həm də Azərbaycanın Misir vasitəsi ilə Yaxın Şərqdəki nüfuzunun artırılmasına birbaşa təsir göstərən amillərdəndir. Bütün bunları nəzərə aldıqda hər iki ölkə arasında yüksələn əlaqələrin  regional və beynəlxalq siyasətdə mühüm rol oynayacağı şübhəsizdir.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 10.06.2024 17:45