AZ EN RU

“Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin” “Vətən oğulsuz olmasın” kitabının təqdimatı xoş xatirələrlə yadda qaldı

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin”nin sədri şair, publisist, Kələğayıağı muzeyinin direktoru Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Vətən oğulsuz olmasın” kitabının təqdimat mərasimində görüşüb yaxından tanış olduq. Müsahibimiz bildirdi ki, Mirvarid Dilbazi öz istedadı, bacarığı ilə milli-mənəvi dəyərləri aşılayan, ictimai işlərdə fəal iştirak edərək, çoxşaxəli yaradıcılığı ilə Azərbaycan xalqı qarşısında müstəsna xidmətlər göstərən bir şair, vətəndaş, əsl Azərbaycan qadını kimi ürəklərdə yaşayır. Bu poeziya məclisi də onun əziz xatirəsini yaşatmaq üçün təşkil olunub.
     Güllü xanım Naxçıvanla bağlı təəssüratladın danışaraq bildirdi ki, Naxçıvana səfəri çərçivəsinə həm əlidolu, həm də qəlbi dolu gəlib: – “Vətən oğulsuz olmasın” kitabını Ulu Öndərimizin doğulub boya-başa çatdığı Naxçıvan torpağında oxuculara təqdim etmək qərarına gəldim. Mirvarid Dilbazinin Ulu Öndərə həsr etdiyi şeirlər bu kitabda özünə yer alıb. Səfər çərçivəsində Heydər Əliyev Muzeyini ziyarət edib maraqlı eksponatlar ilə tanış olduq. Sonra Hüseyn Cavid məqbərəsini ziyarət etdik. 41 il sonra uzaq Sibirdən Hüseyn Cavidin nəşi Ulu Öndərin təşəbbüsü ilə Naxçıvana gətirilərək öz doğma torpağında dəfn olunub. Elə Mirvarid Dilbazi də Ulu Öndərin bu böyük qayğısını yüksək dəyərləndirərək yazırdı:

Cavidi Vətənə gətirən oğul,
Onu öz xalqına yertirən oğul,
Xalqının misilsiz qayğılarını
Öz çiyni üstünə götürən oğul,
Var olsun oğul qeyrətin sənin!

     Artıq 3 gündür Naxçıvanda şəhid ailələrinin qonağı olub onların göstərdiyi qonaqpərvəriliyə görə minnətdarlığını bildirən Güllü Eldar dedi: – Onlar Vətənə qorxmaz, cəsur oğullar yetişdirən qəhrəman analardır. Digər bir tərəfdən onu da bildirmək istəyirəm ki, qədim Naxçıvan torpağı, folklorunun zəngin olması ilə yanaşı, milli dəyərlərin qorunub yaşadıldığı ocağıdır. Mən bu il çərçivəsində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş müxtəlif tədbirlər həyata keçirmişəm. Amma dahi rəhbərin öz doğma torpağında belə bir tədbir keçirmək insanda böyük qurur hiss yaşadır. Və mən inanıram ki, Naxçıvana növbəti səfərimiz quru sərhədimiz olan Zəngəzur yolu ilə olacaq.

Bülbül QULİYEVA

Nəşr edilib : 20.07.2023 19:41