AZ EN RU

Mir Qabil Əkbərov: “Təqdim etdiyimiz tamaşa və səhnəciklər türkiyəli izləyicilərin marağına səbəb oldu”

    Bu il 140 illik yubileyini qeyd edən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı öz yenilikləri ilə mədəniyyətimizə dəyərli töhfələrini verməkdədir. 1883-cü ildən bəri Azərbaycan teatrının bir qolu olan Naxçıvan Dövlət Milli Dram Teatrı bu gün də fəaliyyətini uğurla davam etdirir. Milli mədəniyyətimizin bir sahəsi kimi, teatr sənətinin də inkişafına böyük diqqət göstərən Ulu Öndər Heydər Əliyevin bu sənətə sevgi və qayğısını əsirgəməməsi Naxçıvan teatrının inkişafı üçün bir yol olmuşdur. Daim bu qayğıdan bəhrələnən teatr kollektivi müstəqilliyimizin bərpasından sonrakı dövrdə böyük inkişaf mərhələsinə qədəm qoymuş, çoxsaylı uğurlara imza atmış, göstərilən etimadın öhdəsindən layiqincə gəlməyə çalışmışdır.

    Davamlı olaraq teatr səhnəsində həm Azərbaycan, həm də dünya klassiklərinin əsərlərini uğurla səhnələşdirən teatr kollektivi tamaşaçıların hafizəsində dərin iz buraxaraq mədəni mühitin formalaşdırılmasına öz töhfələrini verməkdə davam edir. Yaradıcı kollektivin təqdim etdiyi səhnə əsərləri hər zaman tamaşaçı rəğbəti qazanır. Bu isə kollektivin daha məsuliyyətlə işləməsinə zəmin yaradır. Teatr kollektivinin bu yaxınlarda qardaş Türkiyədə mədəniyyətimizi uğurla təmsil etməsi də bunu bir daha göstərdi. Elə biz də bu qastrol səfəri ilə bağlı ümumi təəssüratları öyrənmək üçün teatrın baş rejissoru Mir Qabil Əkbərovla həmsöhbət olduq.
    Müsahibimiz qeyd etdi ki, Naxçıvan Dövlət Milli Dram Teatrının yaradıcı kollektivi iyul ayının 13-dən 17-dək qardaş ölkə Türkiyə Respublikasında qastrolda olub: – Bu səfər həm də onunla əlamətdar oldu ki, səfərimiz Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü və teatrımızın 140 illiyinə təsadüf edirdi. Qastrol çərçivəsində Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyevin türkiyəli dramaturq Mehmet Ümit Görgülünün “Cebimizdeki cinnet” əsəri əsasında hazırladığı “Cibimizdəki dəlilik” psixoloji komediyası Ege bölgəsi, Sardes, Foça və İzmir kimi şəhərlərdə teatrsevərlərə təqdim olundu. 
    Qeyd edim ki, Dionisos Teatr Təlim Düşərgəsinin koordinatoru, pedaqoq, dosent Rasim Aşının dəvəti ilə Sardesdəki düşərgədə iştirak etdik. Antik dövrdə teatrın yarandığı iddia edilən Sardesdə keçirilən VIII Beynəlxalq Dionis Teatr və Təlim Düşərgəsi bizim üçün çox maraqlı oldu. Belə ki, düşərgədə Azərbaycanı təmsil edən teatr kollektivi türkiyəli mütəxəssislər tərəfindən təşkil olunan təlimlərdə iştirak etdik. Eyni zamanda düşərgədəki təlimlərdə Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini Səməd Canbaxşiyev teatrın tarixi, yaradıcılıq ənənələri və bu günü ilə bağlı iştirakçılara geniş məlumatlar verdi. Bu isə oradakı iştirakçılar üçün də maraqlı oldu. 
    Mir Qabil müəllim bildirdi ki, orda teatr səhnələri təqdim olunmaqla yanaşı, digər səhnəciklərə də yer ayrılmışdı. Azərbaycan folklor nümunələri də türkiyəli izləyicilərin marağına səbəb oldu. Xüsusən də Sardesdə açıq hava altındakı meydanda “Kos-kosa” oyunu, “Xınayaxdı” mərasimi və “Tənzərə” yallısı tamaşaçılar tərəfindən sevgi ilə qarşılandı. Bu folklor nümunələrinin Türkiyədə layiqincə təbliğ olunması, təbii ki, mədəniyyətimiz üçün böyük bir töhfədir. Və bu töhfədə payımızın olması çox sevindiricidir.
    Söhbət zamanı müsahibimiz Foçadakı tamaşaçıların da teatr kollektivini heyranlıqla izləmələrindən söz açdı. Hətta yerli tamaşaçı ilə Türkiyədəki tamaşaçıların bəzi fərqli tərəflərindən də bizə danışdı: – Yerli tamaşaçılarımızdan fərqli olaraq, türkiyəli tamaşaçılar səhnə ilə birbaşa dialoqa girərək interaktiv şəkildə səhnəni birgə bölüşməmizi istəyirdi. Bu artıq onlarda vərdiş halını alıb və bu cür ünsiyyət olmadığı təqdirdə həmin tamaşaçıları razı salmaq mümkün olmur. Bizim də həmin tamaşaçılarla səhnə vasitəsilə birbaşa ünsiyyətimiz onlar tərəfindən alqışlarla qarşılandı. İzmir şəhərində Bələdiyyə Teatrının binasında da tamaşaçı qarşısına çıxdıq. Demək olar ki, hər bir tamaşamız və digər səhnəciklərimizlə tamaşaçıların rəğbətini qazandıq.
    Söhbət zamanı bunu da öyrəndik ki, əsərin müəllifi türkiyəli dramaturq Mehmet Ümit Görgülü tamaşaların təqdimatından sonra Naxçıvan teatrının kollektivi ilə görüşmüş, əsərin yüksək peşəkarlıqla tamaşaçılara nümayiş olunmasına görə təşəkkür edərək gələcək fəaliyyətində teatrımıza uğurlar arzulamışdır. Tanınmış müasir türk dramaturqu, teatr sənəti ilə yaxından bağlı olan bir müəllif qarşısında əsərini fərqli səhnə yozumunda, doğma xalqın sənət ocağı tərəfindən təqdimatı çox böyük məsuliyyət tələb edir. Onu da qeyd edək ki, əsər ilk dəfə 2015-ci ildə çap olunub və Anadolu Teatr mükafatlarından birinə layiq görülüb. Müəllifin Türkiyədə və bir sıra xarici ölkələrdə əsərləri tamaşaya qoyulsa da, “Cibimizdəki dəlilik” ölkəmizin teatr səhnəsində ilk yorumudur. Tamaşa bütün mənəvi çərçivələrə qarşı bəşəri mübarizənin uğurlu səhnə həllidir. Eyni zamanda klassik teatr ənənələri ilə müasir teatrın vəhdətindən yoğrulan uğurlu teatr yeniliyidir. Bütün bunları nəzərə alaraq türk ictimaiyyəti qarşısında əsərin fərqli səhnə yozumunun belə yüksək səviyyədə qarşılanması çağdaş qardaş ədəbiyyata yaradıcı münasibətdən, əsərin ideya və məzmununun dərindən dərk olunmasından xəbər verir. Xatırladaq ki, may ayında müasir türk yazıçısı Mehmet Ümit Görgülünün psixoloji dram janrında olan “Cibimizdəki dəlilik” əsəri əsasında səhnələşdirilən tamaşa doğma səhnəmizdə də maraqla qarşılanıb. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Birinci Naxçıvan Kitab Sərgisində iştirak edən ziyalılar, Qazaxıstan Respublikasının incəsənət ustaları və ictimaiyyət nümayəndələri tamaşanı yüksək qiymətləndiriblər. Müəllif və türk ziyalıları, sənətsevərləri qarşısında tamaşanın uğurlu təqdimatı isə teatrımızın böyük sənət hadisəsi sayıla bilər.
    Qeyd etmək istərdim ki, əsərin rejissoru, musiqi tərtibatçısı və baş rolunun ifaçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev, rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur. Tamaşada Azərbaycan Respublikasının Əməkdar artisti Əbülfəz İmanov və gənc aktyorlar Mir Qabil Əkbərov, Ələsgər Quliyev, Mehri Nəbiyeva, Məmməd Mehdiyev, Uğur Nəsirli, Ləman Vəliyeva, Vəfa Qurbanova, Amil Yusifov iştirak edirlər.
    Baş rejissor dedi: – Tarixi ənənələrə malik Naxçıvan teatrının bu qastrol səfəri Türkiyə mətbuatının da diqqətini cəlb etdi. Ümumilikdə, həm kollektivimizin peşəkar oyun təqdimatı həm də milli mədəni nümunələrimizin türk tamaşaçılarına ugurlu təqdimatı onlar üçün də yaddaqalan oldu. Düşünürük ki, belə səfərlər Türkiyə və Azərbaycan mədəniyyəti, incəsənəti arasındakı bağların daha da möhkəmlənməsinə öz töhfəsini verir. Fürsətdən istifadə edib qastrol səfərinin gerçəkləşməsində əməyi olan hər kəsə minnətdarlığımızı bildirir, kollektivimizə göstərilən etimadı bundan sonra da doğruldacağımıza inanırıq.
    Elə biz də fürsətdən istifadə edib 140 illiyi qeyd olunan teatr kollektivini ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq. İnanırıq ki, milli mədəniyyətimizin təbliğinə böyük töhfələr vermiş Naxçıvan Dövlət Milli Dram Teatrı bundan sonra da uğurlu fəaliyyəti ilə tamaşaçıların rəğbətini qazanacaq.

 Aidə İBRAHİMOVA

Nəşr edilib : 27.07.2023 18:47