AZ EN RU

Miqrasiya proseslərinə nəzarət günün tələblərinə uyğun həyata keçirilir

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər mart ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika  ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 36 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.

Ötən ay Dövlət Miqrasiya Xidmətinə ümumilikdə, 1204 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərdən 811-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılmış, müvafiq qərarlar qəbul edilmişdir.

Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 393 müraciət qeydə alınaraq icrası təmin olunmuş, müraciətlərdən 104-ü elektron poçt üzərindən qəbul edilmiş, o cümlədən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri reallaşdırılmışdır.

Ölkə vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər miqrasiya sahəsini əhatə edən və bu sahədə maraqdoğuran müxtəlif mövzularla bağlı suallarını Dövlət Miqrasiya Xidmətinin 202 Miqrasiya Məlumat Mərkəzinə, miqrasiya.nakhchivan.az saytının e-mail adresinə və ya Xidmətin rəsmi “Facebook” (Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti) və “Instagram” (nmr_miqrasiya_xidmeti) sosial şəbəkələrinə ünvanlayaraq ətraflı məlumat əldə edə bilərlər.

Naxçıvan Muxtar Respublikası

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 11.04.2023 12:05