AZ EN RU

Miqrasiya proseslərinə nəzarət gücləndirilir

    Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər oktyabr ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 38 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun barələrində müvafiq tədbirlər görülmüşdür. 
    Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə,1184 müraciət qeydə alınmışdır ki, onlardan 569-u əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə əsasən araşdırılmış, müvafiq qərarlar qəbul edilmişdir. Hesabat dövründə olduğu yer üzrə qeydiyyatla bağlı 615 müraciət qeydə alınaraq icrası təmin olunmuş, həmin müraciətlərdən 194-ü elektron poçt üzərindən qəbul edilmişdir.
    Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılmışdır. 

Naxçıvan Muxtar Respublikası 
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 18.11.2022 20:46