AZ EN RU

Miqrasiya proseslərinə nəzarət daha da gücləndirilir

    Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər fevral ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika  ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 35 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb. 
    Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 465 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərdən 279-u əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılmış, müvafiq qərarlar qəbul edilmişdir.
    Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 186 müraciət qeydə alınaraq icrası təmin olunmuş, həmin müraciətlərdən 49-u elektron poçt üzərindən qəbul edilmişdir.
    Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılmışdır. 
    Ölkə vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər miqrasiya sahəsini əhatə edən və bu sahədə maraqdoğuran müxtəlif mövzularla bağlı suallarını Dövlət Miqrasiya Xidmətinin 202 Miqrasiya Məlumat Mərkəzinə, miqrasiya.nakhchivan.az saytının e-mail adresinə və ya Xidmətin rəsmi “Facebook” (Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti) və “Instagram” (nmr_miqrasiya_xidmeti) sosial şəbəkələrinə ünvanlayaraq ətraflı məlumat əldə edə bilərlər.

Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 14.03.2023 18:39