AZ EN RU

Mineral su bulaqlarının öyrənilməsi onları düzgün qiymətləndirməyə imkan verir

    Naxçıvan Azərbaycanın mineral sularının çoxluğu və müalicəvi xüsusiyyətlərinə görə diqqətçəkən regionlarından biridir. Ölkəmizin  mineral su ehtiyatının 60 faizinin toplandığı muxtar respublikamızda 250-dən artıq belə su mənbəyi qeydə alınıb. 
    Diyarımızın Ordubad, Şahbuz və digər bölgələrində çayların vadilərində və yaxınlığındakı bulaqların kimyəvi tərkibi müxtəlif olub təsərrüfatda, içməli su təchizatında, həmçinin müalicə məqsədilə istifadə edilir. İnsanlar bulaqların şəfa gücünə görə onlara qotur suyu, mədə suyu, dəri suyu və sair  adlar veriblər. Mineral su bulaqlarının və onların formalaşdığı mühitin öyrənilməsinə çoxdan başlanılıb. Araşdırmalara əsasən Naxçıvanda mineral suların 98 faizi karbon qazlı olub, hidrokarbonat tipli sulara aid edilir.  
    Mineral su mənbələrinin toplandığı bölgələrimizdən birində – Ordubadda, təqribən, 30-a yaxın mineral su bulağı qeydə alınıb.  Bu bulaqlar, əsasən, Biləv, Ələhi, Gənzə, Kotam, Nəsirvaz, Nüsnüs, Parağa, Pəzməri, Tivi kəndlərinin ərazisində olub məşhur “Narzan”dan geri qalmır, digərləri isə müalicə qabiliyyətinə görə daha üstün hesab edilir. Onların bir çoxu bu gün də təbiətin qoynuna axmaqda davam edir. Belə bulaqlardan biri də Biləv mineral su bulağıdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova bulağın kimyəvi tərkibi ilə bağlı məlumat verərək bildirdi ki, bu bulaq Ordubad rayonunun Biləv kəndindən yuxarıda yerləşir, bir neçə çıxışı var. Suyu hidrokarbonatlı, natrium-kalsiumlu, PH-ı 5,9; temperaturu 18; debiti 20000 l/gündür. Tərkibində CO2  olduğu üçün xoş tamlıdır. “Darasun” tiplidir, tərkibində azacıq bor olduğu üçün müalicəvi xassələri var, mədə-bağırsaq və nəfəs yollarının xəstəliklərinə yaxşı təsir göstərir, minerallığı 2,1 mq/l-dir. 
   Muxtar respublika ərazisində olan bulaqlarla bağlı yeni araşdırmalar apardıqlarını deyən Fizzə xanım Şahbuz rayonunda Qoturlu suyu, Culfanın Bəyəhməd kəndindəki mineral bulağı öyrənib pasportlaşdırmaq istədiklərini bildirdi: – Qoturlu suyundan yerli sakinlər dəri xəstəliklərində istifadə edirlər. Bəyəhməd mineral bulağı isə karbon qazlı və aşağı minerallığa malik olduğundan “Sirab” suyunun analoqudur, içmək üçün yararlıdır. 10-a qədər mineral su var ki, hələ tam öyrənilməyib, onları öyrənmək üçün layihə hazırlayacağıq.
    Fizzə xanım qeyd etdi ki, Şahbuz rayonunun Gömür kəndi ərazisindəki Gömür mineral su nümunəsinin tərkibi dünya praktikasında qəbul edilmiş üsullar üzrə makrokomponentlərə görə analiz olunub.  Tərkibində kalsium, maqnezium, xlorid, hidrokarbonat, sulfat ionlarının çoxluq təşkil etdiyi suyun minerallaşma dərəcəsi 360-370 mq/l, PH (turşuluq göstəricisi) 6, 52, temperaturu 200C-dir. Analiz edilən suda  xlorid ionlarının  miqdarı (0,37 mq-ekv/l) zəif şorluq mühitini, suyun codluğu isə (4,12 mq-ekv/l) onun şirin sular qrupuna aid olduğunu praktiki olaraq  təsdiq edir. Suda sulfat ionlarının varlığı və hidrogen-sulfid ionlarının cüzi miqdarı mineral suyun tamına və keyfiyyətinə təsir göstərir. Bu amil və suyun fiziki göstəriciləri – tamı, uzun müddət saxlandıqda çöküntü verməsi və tərkibində gözlə görünən bulanıq maddələrin olması təqdim edilən suyun içmək üçün deyil, müalicəvi məqsədlər üçün yararlılığını təsdiq edir.
     Ölkə başçısının müvafiq Sərəncamı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” nda qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının duz yataqları, mineral suları, tarixi və dini abidələrindən, ekoturizm üçün təbii əlverişli şəraitindən yararlanmaqla regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi məqsədilə bu sahənin inkişafına yönəlmiş tədbirlər görüləcəkdir. Naxçıvan torpağının nemətləri, sərvətləri içərisində xüsusi yer tutan mineral bulaqların öyrənilməsi, üzə çıxarılması gələcəkdə muxtar respublika iqtisadiyyatına töhfə verə bilər. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 16.08.2023 19:54