AZ EN RU

Min illər öncədən ucalan bayraq

Soyuq bir qış gecəsində aləmə nur saçan Ayın işığında xəfif küləyin asta-asta dalğalandırdığı şanlı zəfər bayrağına tamaşa edirəm. Fikirlərim yüz illər öncəyə aparır məni, tarixin tozlu səhifələrindən çıxıb neçə-neçə oğulun əlində göylərə ucalan, o ucalsın, yerə düşməsin deyə canından keçən qəhrəmanlar gəlir gözlərim önünə. Naxçıvanın, dünyanın bəzəyinin başı üstə dalğalan şanlı bayrağın xələflərini bir-bir yada salıram.

Onuncu əsrdə Naxçıvan şahlığının, on ikinci əsrdə Atabəy Eldəgizin, Qızıl Arslanın, on dördüncü əsrdə Səfəvilər dövlətinin igid oğullarının göylərə yüksəltdiyi bayraqlarını, Naxçıvan xanlığının şöhrətli günlərini, Kəngərli süvarilərinin əllərində döyüşdən-döyüşə aparılan uğrunda can verilib can alınan, bu gün ən dəyərli xəzinə kimi mühafizə edilən şərəf və ləyaqətimizin, xalq, dövlət olmağımızın sübutlarını göz önünə gətirirəm. On doqquzuncu əsrin əvvəllərində bu torpağın başı üstə cəmi 23 ay dalğalanan üç rəngli ay-ulduzlu bayraq gəlir ağlıma. Xain əllər göylərdən endirdi o bayrağı amma xalqımızın ürəyindən silə bilmədi. Ən dəyərli xəzinə kimi saxlandı, əzizləndi gizlin-gizlin çıxarılıb neçə-neçə anaların, ataların sinəsinə basıldı göz yaşı ilə islandı.

Düz  70 il qədim diyarın gözləri doldu, bağrı yandı başı üstündə sovet bayrağı dalğalananda. Həmin 70 il ki, biz öz ata-babalarımızdan yadigar qalan bütün yadigarlarımız kimi öz milli rəmzimiz olan bayrağımızı sandıqda gizlətməli olduq. Həmin 70 il ki, o 70 ildə Naxçıvan MSSR-in bayrağı dəfələrlə dəyişdirildi, üstündəki atributlar yenidən işləndi, fərqli rənglər əlavə edildi muxtar respublikanın başı üstündə dalğalanan bayrağa. Sovetlər əsarət zincirini daha da bərkitmək üçün milli ornamentləri silsələr də, üzərindən ay-ulduzu çıxarıb çəkic-oraq qoysalar da yerinə bizim qəlbimizdə türklüyün, istiqlalın, islamın ay ulduzlu bayrağı gizlin-gizlin, yana-yana dalğalanırdı. Nənəmizin sandığında saxladığı o bayrağın qədim Azərbaycanın özü kimi əzəli yurdu Naxçıvanın başı üstə gec tez dalğalanacağına əmin idik. Çünki biz Atabəylərin, Kəngərlilərin igid oğullarının uğrunda can verdiyi hilalın eşqini ürəyimizdə yaşadırdıq daima. Həmin gün gəldi. Tarixi bir gündə üçrəngli bayrağımız doğma Naxçıvanımızdan qanad açıb Vətənimiz Azərbaycanın başı üzərində sülh göyərçininə, azadlıq carçısına döndü. Tanrı da haqqımızı haqq elan etdiyi həmin gün anaların sandığında illərdir ən dəyərli xəzinəsi kimi saxlayıb mühafizə etdiyi üç rəngli ay-ulduzlu bayraq məhz burada qədim Oğuz yurdu, Azərbaycanın göz bəbəyi Naxçıvanda igid Vətən oğlunun əllərində göylərə çəkildi. Göylərə ucalan şərəfimiz yüz illərdir bu bayrağı öz canı, qanı bahasına qoruyan oğulların ruhunu şad etdi.

          Bu gün daha qürurludur bu bayraq, ay-ulduzun şölə saçır, səmasında parlayır bütöv Vətənin. 34 il əvvəl Naxçıvandan qanad açıb müstəqillik carçısına çevrilən bayraq Vətən savaşında naxçıvanlı igidlərin əllərində Şuşa qalasına sancıldı. Azərbaycan oğulları silahı çiynində, bayrağı köksündə daşıdı. Onların yüksəldiyi zirvə şəhidlik oldu o zirvənin ən yüksək yerində isə üçrəngli bayraq.

Yüz illər keçəcək, vaxt gələcək dünyanın ilk yaradılış yerlərindən olan Naxçıvan muxtariyyətinin min ilini qeyd edəcək. İnsanlar, simalar dəyişəcək, onu qoruyan oğullar öz yerini nəvə-nəticələrinə verəcək amma onun başı üstə dalğalanan zəfər bayrağı – bütöv Azərbaycan bayrağı əbədi olaraq dalğalanacaq.

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 09.02.2024 10:39