AZ EN RU

Min bir dərdin dərmanı – Kəklikotu

Təkcə Azərbaycanda 24, Naxçıvanda isə 17 növü mövcuddur

İlin bu çağında muxtar diyarımızın bölgələrində dağ ətəklərinə yayılan kəklikotu təbiətin ən faydalı nemətlərindən biridir. Dərman kimi istifadə edilən kəklikotu həm də çay süfrələrinin əvəzedilməzidir. Belə ki, şəfa mənbəyi olan bu bitkinin təkcə Azərbaycanda 24, Naxçıvanda isə 17 növü mövcuddur. Xüsusilə də limonlu və qızılgüllü kəklikotu muxtar respublikamızın müxtəlif bölgələrində toplanaraq istifadə olunur. Elə biz də kəklikotunun sorağı ilə qədim yurd yerlərindən biri olan Kəngərli rayonunun Qarabağlar kəndinə yollandıq.

Muxtar respublikanın hər bölgəsində kəklikotu bitsə belə Qarabağlar kəndinin kəklikotusunun ətri tamam başqadır. Həzin meh əsdiyi zaman kəklikotunun ətri bütün kəndə yayılır. Burada bütün evlərin mətbəxində kəklikotu olar və onsuz  dəmlənmiş çayı içməzlərmiş. Elə biz də Qarabağlar kəndində qonaq olarkən bu deyimlərin nə qədər düz olduğunu öyrənməyə çalışdıq.

Kəndə təzəcə çatmışdıq ki, dağların sinəsinə yayılan kəklikotu yığan bir neçə xanımla rastlaşdıq. Elə iş başında Xanım Hüseynova ilə həmsöhbət olub öyrəndik ki, onlar illərdir, bu dağlarda dərman bitkiləri toplamaqla məşğul olan rayon sakinləridir. Xanım Hüseynovanın sözlərinə görə, kəklikotu ən faydalı  dərman bitkisidir. Yalnız ilin bu mövsümündə deyil, həm də qış fəslində kəklikotunun qurudulmuşundan çox istifadə edirik. Qurutduğumuz bu bitkidən yemək hazırlayarkən  ədviyyat kimi də istifadə edirik. Xoş ətri yeməklərə, eləcə də çaya xüsusi ləzzət qatır. Müsahibimiz qeyd edir ki, kəklikotu yığmağın da bəzi özünəməxsus  qaydaları var.  Belə ki,  yenicə torpaqdan baş qaldırmış yuxarıya doğru uzanan gövdəsini astaca qopardaraq yığılır. Onu toplayan zaman ovuclayaraq və ya kökündən qoparmaq  olmaz. Bununla yanaşı yığım zamanı,  ehtiyatlı olmalıyıq ki, ətrafdakı kəklikotu kolları əzilməsin.

Kəklikotunun faydalarından danışan Xanım xala bildirdi ki, kəklikotu çayı içən zaman  insanda  qan dövranını yaxşılaşdırdığı üçün xoş əhvali-ruhiyyə yaradaraq sinir sistemini sakitləşdirib, yorğunluğu aradan qaldırır. Həmçinin soyuqdəymə, bronxit və öskürək kimi xəstəliklərin qarşısını almaqda kömək olur. Faydaları saymaqla bitməyən bu bitki, iştahanı yaxşılaşdırır, həzmə kömək edir və  immuniteti artırır. Həmçinin, kəklikotunun çiçəyi diş ağrısına  müsbət təsir göstərir.

Müsahibim deyir ki, min bir dərdin dərmanı olan bu bitkinin  mürəbbəsini  hazırlayıb dərman kimi də istifadə edir.  Onun sözlərinə görə,  bu dağlarda ən geniş yayılmış kəklikotu növləri qızılgül və limon ətirlidir ki, onların dadına doyum olmur. Söhbətimizə Qarabağlar kəndində Asnı piri ərazisində yerləşən eyni adlı bulağın kənarında kəklikotulu ətirli çay süfrəsi arxasında davam edirik. Müsahibimiz deyir ki, kəndimizə qonaq olan hər kəsi, kəklikotulu çay içməyə dəvət edirik. Kəndimizdə bu adət ənənə halını alıb. Həmçinin uzaqda yaşayan qohumlara da yığdığımız ətirli kəklikotundan pay göndəririk. Elindən uzaqda olan hər kəs üçün  bu naz-nemət ən gözəl hədiyyədir.

Biz də samovarda dəmlənən, limon ətirli çayı içən zaman kəklikotu haqqında söylənən təriflərin şahidi oluruq. Bu kənddə olduğumuz müddətdə dağlardan gələn  kəklikotunun ətrini duymaq hissini sözlərlə ifadə etmək çətindir, gərək özünüz gəlib  görəsiniz. Yolu buradan keçənlər Qarabağlar kəndinin limonlu və qızılgüllü kəklikotu  çayının dadına baxarsa, bu yerlərə bir də gəlmək arzusunda olacaqlarına əminəm.

Bülbül QULİYEVA

Nəşr edilib : 03.06.2024 17:13