AZ EN RU

Milli valyutamızın 30 yaşı tamam olur

       Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 30 il ötür. Dövlətin müstəqilliyinin əsas göstəricilərindən biri öz mərkəzi bankının və pul vahidinin olmasıdır. Bu səbəbdən də müstəqillik əldə etdikdən dərhal sonra 1992-ci il 11 fevral tarixində “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərman verilib. Fərmanın qüvvəyə mindiyi gün, yəni 12 fevral tarixi ölkəmizdə ilk vaxtlar Milli Bank olaraq adlandırılan Mərkəzi Bankın yaradılması günü kimi qeyd edilir. 1992-ci ilin 15 avqustunda isə artıq müstəqil Azərbaycanın ilk milli valyutası olan manat dövriyyəyə buraxılıb. İlk milli pullar Fransa Mərkəzi Bankında hazırlanıb. 1992-ci ilin avqust ayından 1994-cü ilin yanvar ayına qədər Azərbaycan ərazisində 1 manat 10 rubla (rus pulu) bərabər olub və dövriyyədə hər iki valyutadan istifadə edilib. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il 11 dekabr tarixli “Milli valyutanın respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanından sonra Azərbaycan rubl zonasından çıxıb. Bununla da, Mərkəzi Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirməyə başlayıb. 1994-cü il 1 yanvarda manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olması haqqında Qərar qəbul edilib. 1992-ci ildən 2001-ci ilədək istifadə etdiyimiz əsginazların dizaynı xalçaçı-rəssam Eldar Mikayılzadəyə məxsus olub. Manatın eskislərinin hazırlanmasında xalça motivlərindən, dahi şəxsiyyətlərin portretlərindən istifadə edilib.
    Prezident cənab İlham Əliyev tərəfindən 2005-ci il 7 fevral tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi haqqında” imzalanmış Fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən Azərbaycan ərazisində yeni manatdan istifadə edilməyə başlanılıb. Yeni manata keçid zamanı           1 yeni manat 5000 köhnə manata bərabər tutulub. Yeni valyutanın dizaynı Avro əsginaslarının dizaynının da müəllifi olan Robert Kalinaya məxsusdur. Azərbaycanın yeni nəsil pullarının dizaynları vahid konsepsiya əsasında dünyada ən yeni cərəyanlar və “vahid ailə” prinsipi nəzərə alınaraq hazırlanıb, modern qrafik üsul əsas götürülüb, Azərbaycanın müstəqilliyi və inkişafı təzahür etdirilib. Dizayn mövzusu isə “Müstəqil Azərbaycan” müəyyən edilib. Hazırda istifadə etdiyimiz          1 manat və 1 qəpik “Mədəniyyət və incəsənət”, 5 manat və 3 qəpik “Yazı və ədəbiyyat”, 10 manat və 5 qəpik “Tarix”, 20 manat və 10 qəpik “Qarabağ”, 50 manat və 20 qəpik “Təhsil və gələcək”, 100 manat və 50 qəpik “İqtisadiyyat və inkişaf”, 200 manat “Modern arxitektura” mövzusu ilə bağlıdır. Şanlı Zəfər tariximizi əbədiləşdirmək üçün isə Azərbaycan Mərkəzi Bankı tərəfindən 4 noyabr 2021-ci il tarixdə 500 manat nominallı “Zəfər” xatirə banknotu tədavülə buraxılıb. 
    Yeni Azərbaycan manatının mühafizə sistemi xüsusi “mühafizə fəlsəfəsinə” uyğun olaraq İsveçrə Milli Bankı ilə əməkdaşlıq nəticəsində hazırlanıb. Tətbiq edilən mühafizə sistemində əsas məqsəd əhali tərəfindən əsginasların həqiqiliyini xüsusi bilik və səriştə olmadan müəyyən edilməsini mümkün etməkdir.
    İllər keçməsinə baxmayaraq, milli pul nişanlarımız estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə görə öz aktuallığını qoruyub saxlayır. Azərbaycan Mərkəzi Bankı nağd pul sferasında müasir çağırışları nəzərə alaraq pul nişanlarımızın mühafizə sistemlərinin müasirləşməsini daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, 2022-ci ilin fevral ayında dünyanın aparıcı mərkəzi banklarının iştirakı ilə ABŞ-ın Vaşinqton şəhərində keçirilən beynəlxalq konfransda Azərbaycanın yenilənmiş 50 manatlıq pul nişanı mövzusuna, dizaynına və təhlükəsizlik sistemlərinə görə “Dünyanın ən yaxşı yeni banknotu” tituluna layiq görülərək qalib seçilmişdir.
    Bu gün Azərbaycanda dövriyyədə 6 növ metal pul və 8 əsginas mövcuddur. Manatın dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması hüququ yalnız Mərkəzi Banka məxsusdur.

Aytac AXUNDOVA
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar 
Respublikası İdarəsinin əməkdaşı

Nəşr edilib : 12.08.2022 19:59