AZ EN RU

Milli teatrımızın və yaxud odu qoruyanların 151 yaşı tamam olur

Bu gün Milli Teatr Günüdür. Azərbaycan teatrı 151 yaşını qeyd edir. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasının tamaşaya qoyulması ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu, maarifçilərin teatrı idi. Onlar Avropa teatr modelini qəbul etdi və maarifçi missiyasında peşəkarlaşdı. Bu, Azərbaycan peşəkar teatrının dövlət teatrı statusu alması demək idi. Bu teatrın pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N. Nərimanovun "Nadir şah" faciəsinin tamaşası ilə açılmışdı. Bu şərəfli işdə Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin böyük xidmətlərini unutmaq olmaz. Tağıyevin Bakı şəhərində ilk teatr binasını inşa etdirməsindən sonra Azərbaycan səhnəsində Cahangir Zeynalov, Hüseyn Ərəblinskisi, Sidqi Ruhulla, Mustafa Mərdanov, Rza Təhmasib, Mərziyə Davudova, Fatma Qədri, Sona Hacıyeva, Hüseynqulu Sarabski, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova və daha adını yaza bilmədiyimiz yüzlərlə sima yetişdi. Şübhəsiz ki, teatrımızın bütün inkişafı dövründə mədəniyyət və incəsənətin böyük hamisi, bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Ümummilli Lider Heydər Əliyev deyirdi: “Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var. Milli teatr bu gün də, gələcəkdə də yaşayacaqdır”. Ulu Öndərin gerçəkləşdirdiyi bu amal hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlət başçısı 2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında” və 2007-ci ildə “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncamlar imzalayıb. 2009-cu il mayın 18-də isə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı təsdiq edilib. Bu sərəncamlar və proqramlar çərçivəsində hər il yüzlərlə istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür, mənzil və digər problemləri həll olunur və sənət qarşısında böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilir. Ötən illər ərzində Azərbaycan teatrlarının aktyorları dünyanın 30-dan çox ölkəsində, ölkəmizi layiqincə təmsil ediblər.
Milli teatrımızın keçdiyi inkişaf yoluna nəzər salanda görürük ki, bu illər ərzində Azərbaycan milli peşəkar teatr məktəbi əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmiş vətənpərvər ruhlu sənətkarların formalaşmasında müstəsna rol oynayıb. Hazırda ölkəmizdə milli dəyərlər sisteminə əsaslanan yeni teatr tipi və səhnə mədəniyyəti ilə seçilən aktyorlar məktəbi mövcuddur. Bu, peşəkar teatrın tarixidir. Əlbəttə, xalqın milli oyun mədəniyyətinin yaşı isə bundan on dəfələrlə çoxdur. 
Yerin, göyün sirr olduğu o müqəddəs qədim zamanlarda adamlar odla, suyla, torpaqla, yellə danışırmışlar. Oyun mədəniyyətimizdəki "Novruz", “Xıdır Nəbi”, “Qodu-qodu”, "Kosa-gəlin" və bir çox tamaşalar insanın təbiətlə unikal, mistik ünsiyyət forması olub. Həmçinin Milli Teatr gününün qadınlar bayramı və Novruz ərəfəsində qeyd olunması xoş təsadüf deyil, bəlkə də uzun illərin zəhmətinin nəticəsidir. Ona görə də hər iki bayramın qeyd olunmasında teatrın yeri və rolu danılmazdır. Teatr dünyəvilik yolunda, qadını səhnəyə çıxarmaq, cəmiyyətə qatmaq yolunda heç də az mücadilə etməyib.
Qədim şərqin qapısı Naxçıvanda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı ilə yanaşı beş xalq teatrı da fəaliyyət göstərir. Tamaşaçı zövqünün formalaşmasında, təxəyyül gücünün artmasında və asudə vaxtın səmərəli təşkilində bu teatrların yeri və rolu danılmazdır. Tarixən Naxçıvan teatrının görkəmli nümayəndələri teatrın inkişafında misilsiz rol oynayıblar. Onlar obrazların dili ilə qarşıya qoyulan əsas məqsədə nail olub, tamaşaçıya real dünya ilə əbədi dünyanın müqayisəsində həyat gerçəkliklərini çatdırıblar.
Teatr cəmiyyətin aynasıdır. Digər sahələr kimi teatr da günümüzdə çox böyük uğur qazanıb. Azərbaycanda teatrlarında, demək olar ki, donuqluq yoxdur. Yaradıcılıq prosesinə də öhdəçilik kimi yanaşılıb. İndi yeni gənc istedadlar yetişir. Yaşlı nəsillə gənc nəsil sənətkarlar dil tapır, bir-birinə qarşılıqlı hörmət edir, sələflərinin yolunu birlikdə addımlayırlar. 
Teatr bir oyundur, bir eşqdir, başlayan və heç bitməyən bir sevgi hekayəsidir, giriftar olmayan bilməz. Teatrı insanlar yaşadır. Abbas Mirzədən, Ərəblinskidən Şövqi Hüseynovadək qəlbindəki səhnə atəşini, odu qoruyan qədim insanlar kimi bir-birinə ötürənlər var olduqca bu od heç zaman sönməyəcək. Milli Teatr günündə bu müqəddəs odu qoruyan hər bir Oktay Eloğlu, hər bir Firəngiz missiyalı səhnə adamlarını təbrik edirik. Onlara pərdələrini sirr kimi açan teatr sehrini itirməməyi, tamaşaçıları daim eşqlə, sevi ilə, duyğu ilə həyacanda saxlamağı arzu edirik. Gününüz mübarək olsun!

Fariz ƏHMƏDOV

Nəşr edilib : 10.03.2024 12:36