AZ EN RU

Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda15 İyun –Milli Qurtuluş Gününə həsr olunmuş rəsm sərgisi təşkil edilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, müstəqillik tariximizin ən şanlı səhifələrindən birini Milli Qurtuluş Günü təşkil edir. Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmiz qısa zamanda  iqtisadi sabitlik və inkişafa qədəm qoydu. Ulu öndər böyük bir xilaskar kimi Azərbaycanı böhrandan çıxararaq inkişaf edən respublikaya çevirdi. Məhz Azərbaycanın işıqlı gələcəyinin təməlinin qoyulduğu 15 iyun tarixi xalqımızın fəlakətlərdən xilas olub, qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gün kimi müasir tariximizdə öz yerini alıb. Dahi öndərin uzaqgörən siyasəti bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük şanlı Vətən müharibəsində əldə edilən böyük Zəfər müstəqil Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. 

Ülviyyə Həmzəyeva çıxışının sonunda əlamətdar gün münasibətilə hər kəsi təbrik edib.

Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Cavid İsmayılov  və Həbibə Allahverdiyeva, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, dosent Ələkbər Qasımov çıxış edərək qeyd ediblər ki, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bütün sahələrdə, eləcə də mədəniyyət, incəsənətdə böyük nailiyyətlər əldə olunub. Ümummilli lider mədəniyyət və incəsənət xadimlərinin yaradıcı axtarışlarına həmişə mənəvi dayaq olub. Müasir dünyada Azərbaycanın layiqli yer tutmasında,  inamla addımlamasında böyük rol oynayıb.

Sonra sərgiyə baxış olub.

Qeyd edək ki, sərgidə 15 rəssamın 45 rəsm əsəri nümayiş etdirilib. Səyyad Bayramovun “Ulu Öndər, Həbibə Allahverdiyevanın“Muxtariyyət yolu”, Aygün Hacıyevanın“Şuşa”, Həmzə Sadiqovun“Qarabağ Azərbaycandır!”, Əli Səfərlinin“Dəmir yumruq”, Səriyyə Ələkbərovanın“Xarı bülbül” və digər rəsm əsərləri maraqla qarşılanıb.

Sərgi bir həftə davam edəcək.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 14.06.2022 19:38