AZ EN RU

Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Bu barədə DİA-dan məlumat verilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsini ehtiramla anıblar.

Tədbirdə DİA-nın rektoru akademik Urxan Ələkbərov böyük tarixi əhəmiyyət daşıyan 15 İyun- Milli Qurtuluş Günü haqqında məlumat verib. Rektor 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün təhlükələrin sovuşduğunu, respublikamızın böyük inkişaf yoluna çıxdığını diqqətə çatdırıb.

Akademik U.Ələkbərov dahi rəhbər Heydər Əliyevin zəngin dövlətçilik irsinin əhəmiyyətindən danışıb, ölkəmizdə qazanılan bütün nailiyyətlərin onun siyasətinin bəhrəsi olduğunu vurğulayıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirib.

Rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının təcrübədə tətbiqi nəticəsində bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan dünya liderləri sayılan ölkələrlə bir sirada dayanıb. U.Ələkbərov ölkəmizin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi rolunu qeyd edib.

Elmi-praktik konfransda Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, DİA-nın Siyasi Araşdırmalar İnstitutunun direktoru, Milli Məclisin deputatı professor Elman Nəsirov, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri professor Elçin Əhmədov və başqaları dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan bəhs ediblər. Məruzəçilər Milli Qurtuluş Gününün tariximizin şərəfli səhifəsi olduğunu vurğulayıblar.

Daha sonra YAP sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim edilib.

Nəşr edilib : 12.06.2024 11:12