AZ EN RU

Milli Qurtuluş Günü müstəqil dövlətçiliyimizin və ərazi bütövlüyümüzün təminatıdır

    Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək taleyini düzgün müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Bu gün Azərbaycanın dövlətçilik tarixində çox mühüm əhəmiyyətə malikdir. Çünki dünyanın çoxsaylı ölkələrindən fərqli olaraq Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra onu yenidən itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin siyasi səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu Azərbaycanın mövcudluğunu, sözün həqiqi mənasında, sual altında qoymuşdu. Xaos, anarxiya, özbaşınalıq, torpaqlarımızın işğal olunması xalqımıza müstəqilliyin sevincini yaşamaq imkanı verməmişdi. Belə çətin və mürəkkəb bir dövrdə Azərbaycan xalqı üzünü ulu öndər Heydər Əliyevə tutaraq öz varlığını təmin etdi. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkə­mizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən ümummilli lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Dahi şəxsiyyətin müdrik siyasətinin nəticəsi idi ki, ölkəmiz bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsindən xilas oldu, müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhran aradan qaldırıldı və inkişafın təməli qoyuldu.
    Tarix sübut edir ki, Azərbaycan hər zaman torpaqlarına göz dikənlərin, siyasi düşmənlərinin hədəfində olmuşdur. İstər çar Rusiyası dövründə, istərsə də ondan sonrakı dövrlərdə ölkəmiz anti-Azərbaycan qüvvələrinin təxribatları ilə üz-üzə qalmış, yalnız ötən əsrin 60-cı illərindən sonra xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində Azərbaycan bu cür təsirlərdən sığortalanmış, mövcudluğunu qoruyub saxlamışdır. Xüsusilə görkəmli dövlət xadimi Heydər Əliyev SSRİ rəhbərliyində təmsil olunduğu zaman Azərbaycanın gələcək müstəqilliyi ilə bağlı mühüm addımlar atmış, ermənilərin əsassız torpaq iddialarının qarşısını qətiyyətlə almışdır. Sovet imperiyasının xalqımıza qarşı məkrli niyyət və planlarını puç edərək Qorbaçov rejimini kəskin tənqid edən dahi siyasətçi 1987-ci ildə Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən istefa vermişdir. Bununla da Azərbaycanın ağır və çətinliklərlə dolu dövrü başlanmış, tarixi torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilmiş, Azərbaycan xalqına qarşı 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədilmişdir. Dahi şəxsiyyət Heydər Əliyev ali dövlət vəzifəsində olmasa da, Ona qarşı aparılan çirkin təbliğatlara baxmayaraq, həyatını təhlükə altında qoyaraq 1990-cı ilin Qanlı Yanvar faciəsini törətdiyinə görə faciənin təşkilatçılarını elə Moskvanın özündə kəskin ittiham etmiş, sovet rəhbərliyinin yarıtmaz, hüquqazidd fəaliyyətinin iç üzünü açaraq bütün dünyaya çatdırmışdır. Bundan sonra ulu öndərin Moskvada yaşaması mümkün olmamış və görkəmli siyasi xadim 1990-cı il iyulun 20-də Bakıya, sonra isə Naxçıvana qayıtmışdır. Xalqımızın böyük oğlunun Naxçıvana qayıdışı ölkəmizin həyatında yeni mərhələnin başlanğıcına çevrilmiş, Naxçıvanda müstəqil dövlət quruculuğu istiqamətində mühüm qərarlar qəbul olunmuş və ölkəmizin müstəqilliyi yolunda ilk addımlar məhz bu qədim Azərbaycan diyarında atılmışdır.
    Ümummilli lider Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi 1990-1993-cü illər Azərbaycanın müstəqil dövlət quruculuğu tarixində ən mühüm dövr sayılır. Məhz bu illərdə müstəqil Azərbaycanın təməl prinsipləri formalaşdırılmış, ölkəmizin gələcək inkişafının əsasları qoyulmuşdur. Həmin dövrdə Azərbaycanda baş verən hadisələr ölkəni faktiki olaraq müstəqilliyini itirmək həddinə gətirib çıxarmış, vətəndaş müharibəsi başlamışdı. 1993-cü il iyunun 4-də baş verən Gəncə hadisələri isə qardaş qırğını ilə bərabər, ölkəni real olaraq parçalanmaq təhlükəsi ilə də üz-üzə qoymuşdu. Məhz belə bir çətin dövrdə xalqın tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü il iyunun 15-də yenidən siyasi hakimiyyətə qayıtmışdır. Bununla da ölkəmizdə milli qurtuluş hərəkatının əsası qoyulmuş və 15 iyun müstəqil Azərbaycan dövlətinin tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olmuşdur. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli Qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Müasir tariximiz, şanlı tariximiz 1993-cü ildən başlayır. O ildən 2003-cü ilə qədər Azərbaycan böyük və uğurlu yol keçmişdir, dövlətçiliyin əsasları qoyulmuşdur. Mütərəqqi Konstitusiya qəbul edilmişdir, ümumi dövlət quruculuğu prosesi başlamışdır, əsaslı siyasi və iqtisadi islahatlar reallaşmışdır, Azərbaycan dünya miqyasında özünü tanıtdıra bilmişdir və beynəlxalq təşkilatlara üzv olmuşdur”. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov isə bu günün tarixi mahiyyətini belə xarakterizə etmişdir: “Müstəqil Azərbaycan öz nicatını görkəmli siyasətçi Heydər Əliyevin hakimiyyətə ikinci dəfə QAYIDIŞINDA tapdı. Keçdiyimiz zaman məsafəsi xalqın düzgün qərar qəbul etdiyini, saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin ən ağır və məsul dövründə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğunu bir daha sübut etdi. Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə QAYIDIŞI şərəfli xilaskar missiyasına – Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət edir”.
    Görkəmli dövlət xadiminin ali hakimiyyətə qayıdışı ilə ölkəmizdə mühüm işlər görüldü. Qısa müddətdə daxili sabitlik bərpa edildi, cəbhədə atəşkəsə nail olundu, hüquqi-demokratik dövlət quruculuğu istiqamətində potensial baza yaradıldı. Eyni zamanda iqtisadi sahədə mühüm addımlar atıldı, xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı, nəticədə, Azərbaycanın iqtisadi inkişafını şərtləndirən layihələrin həyata keçirilməsinə başlanıldı. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Bununla da Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm təməli qoyuldu. Ümumilikdə, Azərbaycan dünya iqtisadi sistemində öz layiqli yerini tutdu, beynəlxalq təşkilatlarda uğurla təmsil olundu, dünyada etibarlı tərəfdaş kimi tanındı, ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirdi. Bununla bərabər, ölkəmizin beynəlxalq təşkilatlarla əlaqəsi təmin olundu, müasir hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edildi. Nəticədə, çox qısa müddətdə müstəqil Azərbaycan özünün sosial, iqtisadi, siyasi və mədəni həyatında ciddi uğurlar qazandı. 
    Ulu öndər Heydər Əliyevin parlaq ideyalarını layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev siyasi fəaliyyətini ölkəmizin heç bir güc mərkəzindən asılı olmayaraq, müstəqil siyasət aparmasına, hər bir sahədə xalqın mənafeyinin qorunmasına həsr etmişdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan ötən dövrdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, TANAP, TAP kimi nəhəng iqtisadi layihələrlə bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir. Eyni zamanda dövlət başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Azərbaycan iqtisadiyyatı artıq tam mənası ilə şaxələndirilmiş iqtisadiyyatdır. Dünyanı bürüyən qlobal böhrana baxmayaraq, Azərbaycanın uğurlu inkişafı təmin edilmişdir. 
    Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və milli maraqlara cavab verən xarici siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş və ciddi uğurlara imza atmışdır. Hazırda BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlıq aparılır. 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Ölkə başçısının təşəbbüsü ilə Türk Şurası və Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunan Zirvə görüşləri, eləcə də BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi, həmçinin Azərbaycanın Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməsi ölkəmizə və dövlətimizin başçısına beynəlxalq arenada olan böyük hörmətin, nüfuzun göstəricisidir. Elə bu nüfuzun, gücün nəticəsidir ki, Azərbaycan Vətən müharibəsində 44 gün ərzində mənfur erməni ordusunu tamamilə darmadağın edərək 30 ilə yaxın işğalda saxlanılan torpaqlarını qəsbkarlardan azad etdi. Əgər ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə ali hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyini parçalanmaqdan, məhv olmaqdan qoruyub xilas etdisə, cənab İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü və müstəqilliyinin tamlığını bərpa etdi.
    Ötən əsrin sonlarından blokada vəziyyətində yaşamağa məcbur edilmiş Naxçıvan Muxtar Respublikası da QURTULUŞDAN öz payını alaraq böyük inkişaf yolu keçmişdir. Əgər muxtar respublika 1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevin əvəzolunmaz xidmətləri sayəsində işğal olunmaq təhlükəsindən qurtularaq öz mövcudluğunu qoruyub saxlamışdısa, sonrakı dövrlərdə Heydər Əliyev ideyalarına sadiqlik bu qədim Azərbaycan diyarını ölkəmizin lider regionuna çevirmişdir. Bir zamanlar enerji, nəqliyyat, rabitə və digər kommunikasiya əlaqələrinin kəsildiyi, qida məhsullarının, bütövlükdə, idxaldan asılı olduğu muxtar respublika bu gün özünün sürətli inkişaf dövrünü yaşamaqdadır. Vaxtilə neft lampasının zəif işıqlarına möhtac olan muxtar respublikada indi elektrik enerjisinə olan tələbatın 60 faizə yaxını bərpa olunan enerji ilə təmin edilir. Ötən əsrin 90-cı illərində erməni təcavüzünə qarşı doludağıdan topların ümidinə qalmış qədim diyarı bu gün Silahlı Qüvvələrimizin ən böyük hərbi birləşmələrindən biri olan Əlahiddə Ümumqoşun Ordu qoruyur. Və yaxud blokadanın ən ağır illərində əhalinin ərzaq təminatını yalnız idxal hesabına təmin edən muxtar respublika bu gün 384 növdə məhsul istehsal edir. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Sürətli iqtisadi inkişafın nəticəsidir ki, təkcə bu ilin yanvar-aprel aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz artıb. Muxtar respublikada iqtisadi nailiyyətlərdə hər il ondan əvvəlki illə müqayisədə böyük irəliləyişlər müşahidə olunur. Elə buna görədir ki, 2017 və 2018-ci illərdə “Caspian European Club”un dəstəyi ilə fəaliyyət göstərən “Caspian Energy İnternational Media Group”un hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası iqtisadi regionlar arasında ən yüksək bal toplayaraq lider olub. 
    Bu gün Milli Qurtuluş Gününün bəhrələri bir ucu sərhəd bölgəsi Sədərək, bir ucu bağlar diyarı Ordubad, dağlar qoynunda füsunkarlıq rəmzi olan Şahbuz və digər bölgələrimizin simasında aydın görünür. İndi muxtar respublikanın şəhər, rayon mərkəzləri ilə yanaşı, ucqar dağ kəndləri, sərhəd və ən kiçik yaşayış məntəqələri də Naxçıvanın hərtərəfli inkişafını özündə təcəssüm etdirir. Təsadüfi deyil ki, blokada şəraitində, həm də çox qısa bir dövrdə belə bu inkişaf və tərəqqiyə nail olmaq dünyada blokada şəraitində inkişaf modeli kimi qiymətləndirilir. Ötən il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfərə gəlmiş ölkə başçısı cənab İlham Əliyev bu inkişafı “Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb” fikirləri ilə bir daha təsdiq etdi.     
    Bu gün Azərbaycan Milli Qurtuluşunun növbəti ildönümünü qeyd edir. Ötən dövr onu göstərdi ki, Azərbaycanın işıqlı gələcəyi yalnız dahi şəxsiyyət Heydər Əliyev yolundan keçir. O yol ki bizi Ağdama, Kəlbəcərə, Füzuliyə, Zəngilana apardı… O yol ki dünya azərbaycanlılarını Şuşada görüşdürdü… O yol ki qədim Naxçıvanı Ana Vətənə bağlayacaq… Və qalib xalq olaraq bundan sonra bu yolda atdığımız hər bir addım müstəqilliyimizi daha da gücləndirəcək! Azərbaycanın bugünkü siyasi, iqtisadi uğurları, hərbi qüdrəti, dünyada böyük nüfuz qazanaraq mühüm qlobal problemlərin həllində qətiyyətli söz sahibinə çevrilməsi məhz Milli Qurtuluşun bəhrələridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının və dövlətinin həyatında dönüş tarixidir. Əgər Qurtuluş Günü olmasaydı, nə Azərbaycan olacaqdı, nə də ölkəmiz bugünkü inkişaf səviyyəsinə gəlib çata biləcəkdi. Ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə ölkəmizdə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan yenidən Azərbaycana qaytarıldı. Nəticədə, sabitlik, inkişaf və tərəqqi təmin edildi, Azərbaycan inkişaf etmiş dövlətlər sırasında layiqli yerini tutdu”.

“Şərq qapısı”

Nəşr edilib : 14.06.2022 23:50