AZ EN RU

Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib

    AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə “15 İyun – Milli Qurtuluş Günü” mövzusunda elmi konfrans keçirilib.
    Bölmənin sədri, akademik İsmayıl Hacıyev 1993-cü il 15 iyun tarixinin mahiyyəti, həmin tarixi günün dövlət müstəqilliyimizin, dövlətçiliyimizin qorunub saxlanmasındakı rolundan danışıb, 90-cı illərin əvvəllərində ölkədə hökm sürən vəziyyətdən, xaos və qarşıdurmalarla müşayiət olunan hakimiyyət böhranından, güclənən separatizm meyillərindən, habelə vətəndaş müharibəsinin astanasında olan xalqın acınacaqlı durumundan söz açıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə 15 iyun tarixi Milli Qurtuluşumuzun başlanğıcı olmuşdur.
    Akademik bildirib ki, Ümummilli Lider vəzifəsinin icrasına başladığı ilk gündən etibarən dövlət nümayəndələri, elm adamları ilə görüşlər keçirmiş, Azərbaycanın gələcək rifahına yönəlmiş məqsədyönlü addımlar atmışdır. Ulu Öndərin rəhbərliyi ilə beynəlxalq təşkilatlarla əməkdaşlığın yaradılması, balanslaşdırılmış siyasətin yürüdülməsi, müxtəlif sahələrdə əsaslı islahatların həyata keçirilməsi və başqa amillər ölkəni düşdüyü acınacaqlı vəziyyətdən xilas etməklə bərabər, yeni inkişaf dövrünün bünövrəsi olmuşdur.
    Çıxışının sonunda İsmayıl Hacıyev kollektiv üzvlərini Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
    Konfransda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrü (1990-1993-cü illər)”, Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev “15 İyun – Azərbaycan dövlətçiliyinin xilası günüdür”, Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Böyük Qayıdışdan inkişafa aparan lider”, Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzələr ediblər.

***

    Naxçıvan Dövlət Universitetində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev tədbirdə çıxış edərək tarixə qızıl hərflərlə yazılan əlamətdar günün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, 1997-ci ildən təqvimdə mühüm tarix kimi qeyd olunan bu gün Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb. Vurğulanıb ki, Qarabağın taleyini həll edən 44 günlük Vətən müharibəsində mühüm rol oynayan diplomatik strategiyanın təməli də məhz Heydər Əliyevin hakimiyyət illərində qoyulub. Prorektor Ulu Öndərin hakimiyyətə gəlişindən sonra ölkədə müstəqil dövlət quruculuğu istiqamətində qazanılan mühüm uğurlardan bəhs edib, muxtar respublikanın inkişafı istiqamətində atılan əhəmiyyətli addımlardan danışıb. Arzu Abdullayev bayram münasibətilə gənclərə müstəqil dövlətin vətəndaşları olaraq hər kəsin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyi tövsiyə edərək tədbir iştirakçılarını təbrik edib. 

    Universitetin Azərbaycan tarixi kafedrasının müəllimi Nuray Hacıyeva “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası günüdür” mövzusunda çıxış edib.
    Tədbirin bədii hissəsində bədii rəhbəri Sərxan Abdullayev olan “Buta” instrumental ansamblının konsert proqramı nümayiş olunub. 

***

    “Naxçıvan” Universitetində 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı ilə birgə “15 İyun müasir tariximizin dönüş mərhələsidir” mövzusunda konfrans keçirilib.

    Əvvəlcə “Naxçıvan” Universitetinin Elmi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin mənalı və şərəfli ömür yolunu, zəngin siyasi fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.
    Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    “Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin inkişafı naminə misilsiz xidmətlər göstərmiş Ümummilli Liderin dahi şəxsiyyət kimi xalqımız qarşısındakı misilsiz xidmətlərindən, Milli Qurtuluş Gününün böyük ictimai, siyasi və tarixi əhəmiyyətindən bəhs edib.
    Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, dosent Elman Cəfərli bildirib ki, 30 il bundan öncə xalqımız öz dahi, vətənpərvər oğlu, qüdrətli siyasi xadim, Ümummilli Liderimiz Heydər Əliyevin böyük zəkası, fədakarlığı nəticəsində ictimai-siyasi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən, separatçılıq meyillərindən xilas olub. 15 İyun isə Azərbaycanın tarixinə ölkəni xilas edən böyük qayıdış kimi şərəflə yazılıb. Bu gün sürətlə inkişaf edən, dünya birliyində öz layiqli yeri və mövqeyi olan Azərbaycan Ümummilli Liderimiz  Heydər Əliyevin şah əsəridir.
    “Naxçıvan” Universitetinin Turizm işinin təşkili ixtisası üzrə III kurs tələbəsi İbrahim Məmmədov Ulu Öndərin gənclərə göstərdiyi qayğı və diqqətdən, bu siyasi kursun bu gün  Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.
    Konfrans “Naxçıvan” Universitetinin bir qrup tələbəsinə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələrinin təqdim olunması və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş TEC konfransının yekun mükafatlandırılması ilə davam edib. Tələbələrin ifasında dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeir və musiqi nömrələri səsləndirilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 14.06.2023 22:26