AZ EN RU

Milli Qurtuluş Günü ilə əlaqədar Qazaxıstanda konfrans keçirilib

Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB), Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğunun, “Azərbaycan Mərkəzi” İctimai Fondunun və “Dostluq” Etnomədəni Birliyinin təşkilatçılığı ilə Aktauda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan-Qazaxıstan strateji əlaqələrinin inkişafında Heydər Əliyevin rolu” adlı konfrans keçirilib.

İctimai Birlikdən bildiriblər ki, Azərbaycanın Aktaudakı baş konsulu Elçin Məmmədov çıxışında Azərbaycanla Qazaxıstan arasındakı mehriban dostluq münasibətlərindən, iqtisadi və mədəni sahələrdəki əməkdaşlıqdan söz açıb.

Sonra TAİB-in sədri akademik Südeif İmamverdiyev çıxış edərək deyib ki, iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan Ümummilli Lider Heydər Əliyevdir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında müstəsna xidmətlərindən danışan TAİB sədri vurğulayıb ki, Ulu Öndərin prezidentliyi dövründə iki ölkə arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub.

Daha sonra çıxış edənlər Azərbaycan ilə Qazaxıstan arasındakı dostluq münasibətlərindən söhbət açıblar.

Sonda görkəmli sənətkar Aybəniz Haşımovanın və onun rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələrinin Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirilib. Konsertdə vətənpərvərlik mövzusunda mahnılar, eləcə də xalq mahnıları ifa olunub.

Nəşr edilib : 12.06.2024 15:01