AZ EN RU

Milli Qurtuluş Günü – Bütöv, Qalib Azərbaycan naminə yolun başlanğıcı

Tarixdə elə günlər olur ki, xalqın yaddaşında əbədi iz buraxır, illər, əsrlər ötsə də, unudulmur, əhəmiyyəti daha da çoxalır, əzəməti artır. Məhz hər bir azərbaycanlı üçün şərəf, qürur hissi ilə daim xatırlanan həmin tarixi gündən 31 il ötür artıq. Xalqımızın taleyində əbədiyyət günəşinin parladığı 1993-cü ilin 15 iyun günü...
Məşhur bir aforizmdə deyilir ki, tarix şəxsiyyətləri deyil, şəxsiyyətlər tarixi yaradır! Bəli, ictimai-siyasi hadisələrin cərəyan etdiyi ayrı-ayrı dövrlərə, ölkələrin həyatına, zaman-zaman dəyişilən dünya düzəninə nəzər yetirəndə aydın olur ki, tarix dahi insanların ideya və əməllərinin üzərində yaranır, qərar tutur. Məhz Ümummilli Liderimiz Heydər  Əliyev də belə nadir görkəmli şəxsiyyət, fenomen insanlardan biridir ki, Onun əbədiyaşar ideyaları üzərində müasir, müstəqil, qüdrətli, qalib, bütöv Azərbaycan bərqərar olunub. Bu baxımdan Ulu Öndərin adı ilə bağlı olan 15 iyun günü Azərbaycanın dövlətçilik tarixində çox mühüm əhəmiyyətə, həlledici rola malikdir. Bu mühümlüyü artıran əsas məqam isə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra onu yenidən itirmək təhlükəsi ilə üz-üzə qalması idi. Belə ki, həmin dövrdə ölkəyə rəhbərlik edənlərin siyasi səriştəsizliyi, idarəçilik qabiliyyətsizliyi Azərbaycanın mövcudluğunu, sözün həqiqi mənasında, sual altında qoyurdu. Bir tərəfdə xaos, anarxiya, özbaşınalıq, digər yanda torpaqlarımızın işğal olunması xalqımıza müstəqillik sevincini yaşamaq imkanı verməmişdi. Belə çətin və mürəkkəb bir dövrdə Azərbaycan xalqı üzünü əsl xilaskarına – Ulu  Öndər Heydər Əliyevə tutaraq öz varlığını qorudu. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Dahi şəxsiyyətin müdrik siyasətinin nəticəsi idi ki, ölkəmiz bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsindən xilas oldu, müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhran aradan qaldırıldı və uçurumun bir addımlığından qayıdan Azərbaycanda inkişafın təməli qoyuldu...
Milli Qurtuluş Günü haqqında danışan zaman mütləq şəkildə Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi 1990-1993-cü illəri yada salmamaq, həmin mərhələni Azərbaycanın müstəqil dövlət quruculuğu tarixində ən mühüm dövr kimi xarakterizə etməmək olmaz. Məhz bu illərdə verilən tarixi qərarlarla müstəqil Azərbaycanın təməl prinsipləri formalaşdırılıb, ölkəmizin gələcək inkişafının əsasları qoyulub. Əvvəlcə qeyd etdiyimiz kimi, həmin dövrdə Azərbaycanda baş verən hadisələr ölkəni faktiki olaraq müstəqilliyini itirmək həddinə gətirib çıxarmış, vətəndaş müharibəsi başlamışdı. 1993-cü il iyunun 4-də baş verən Gəncə hadisələri isə qardaş qırğını ilə bərabər, ölkəni real olaraq parçalanmaq təhlükəsi ilə də üz-üzə qoymuşdu. Ölkə Prezidenti cənab İlham Əliyev həmin dövrü belə xarakterizə edib: “O ağır dövrdə xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev, demək olar ki, gənc müstəqil Azərbaycan dövlətinin, sözün əsl mənasında, xilaskarına çevrilmişdi. Çünki müstəqilliyimiz əldən gedirdi, torpaqlar əldən gedirdi, ölkəmizin müxtəlif yerlərində separatçılıq baş qaldırıb gedirdi, ölkə parçalanma ərəfəsində idi, ölkədə bir çox silahlı birləşmələr faktiki olaraq müxtəlif istiqamətlərdə hakimiyyəti və ya hakimiyyət orqanlarını zəbt etmişdilər. Özbaşınalıq, quldurluq, xaos, anarxiya – 1993-cü ilin Azərbaycanı bax budur. Yəqin ki, gənc nəsil indi bunu kitablardan öyrənə bilir. Amma biz – o dövrü yaşamış insanlar o günləri yaxşı xatırlayırıq və heç vaxt o günləri unutmamalıyıq”.
Bəli, məhz həmin unudulmaz anlarda, çətin məqamda xalq ayağa qalxdı, təkidli tələblə görkəmli dövlət xadimi Heydər    Əliyevi 1993-cü il iyunun 15-də yenidən siyasi hakimiyyətə qaytardı. Bununla da ölkəmizdə milli qurtuluş hərəkatının əsası qoyuldu və 15 iyun müstəqil Azərbaycan dövlətinin tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli Qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi. 
Görkəmli dövlət xadiminin ali hakimiyyətə qayıdışı ilə ölkəmizdə mühüm işlər görüldü. Qısa müddətdə əsas vacib məqam sayılan daxili sabitlik bərqərar edildi, cəbhədə atəşkəsə nail olundu, hüquqi-demokratik dövlət quruculuğu istiqamətində potensial baza yaradıldı. Eyni zamanda iqtisadi sahədə mühüm addımlar atıldı, xarici neft şirkətləri ilə bu il 30 illiyi tamam olan “Əsrin müqaviləsi” imzalandı ki, nəticədə, Azərbaycanın iqtisadi inkişafını şərtləndirən layihələrin həyata keçirilməsinə başlanıldı. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Bununla da Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm təməli qoyuldu. Ümumilikdə, Azərbaycan dünya iqtisadi sistemində öz layiqli yerini tutdu, beynəlxalq təşkilatlarda uğurla təmsil olundu, dünyada etibarlı tərəfdaş kimi tanındı, ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirdi. Bununla bərabər, ölkəmizin beynəlxalq təşkilatlarla əlaqəsi təmin olundu, müasir hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edildi. Nəticədə, qısa müddətdə müstəqil Azərbaycan özünün sosial, iqtisadi, siyasi və mədəni həyatında ciddi uğurlar qazandı. 
“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyən dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri sayılan müstəqil Azərbaycanın taleyini Ulu Öndər məktəbinin layiqli davamçısına əmanət edib. Xalqımız Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında böyük uğurlar qazanır. Dahi liderin parlaq ideyalarını layiqincə reallaşdıran Azərbaycan Prezidenti siyasi fəaliyyətini ölkəmizin heç bir güc mərkəzindən asılı olmayaraq, müstəqil siyasət aparmasına, hər bir sahədə xalqın mənafeyinin qorunmasına həsr edib. Məhz bunun nəticəsidir ki, Azərbaycan ötən dövrdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, TANAP, TAP kimi nəhəng iqtisadi layihələrlə bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir. Eyni zamanda dövlət başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Azərbaycan iqtisadiyyatı artıq tam mənası ilə şaxələndirilmiş iqtisadiyyatdır. Dünyanı bürüyən müharibələrə, qlobal böhrana baxmayaraq, Azərbaycanda sabitlik hökm sürür, uğurlu inkişaf təmin edilib, regionun geosiyasi mənzərəsi tam mənasında ölkəmizin xeyrinə dəyişib.
Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və milli maraqlara cavab verən xarici siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib və ciddi uğurlara imza atıb. Hazırda BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər nüfuzlu beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlıq aparılır. 120 dövlətin təmsil olunduğu, BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına 4 il sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun və qüdrətinin əyani göstəricisidir. Ölkə başçısının təşəbbüsü ilə Türk Şurası və Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunan zirvə görüşləri, eləcə də BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi, həmçinin Azərbaycanın Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməsi ölkəmizə və dövlətimizin başçısına beynəlxalq arenada olan böyük hörmətin nəticəsidir. 
Bütün sahələr üzrə regionun söz sahibinə, Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı 2020-ci ildə 44 gün ərzində azad etdi, ərazi bütövlüyümüz təmin olundu. “Zəfər Günü” kimi tariximizə əbədi həkk olunan noyabrın 8-də Qarabağın gözü Şuşa şəhərinin işğaldan azad olunması ilə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin müqəddəs arzularını gerçəkləşdirdi. Ötən ilin 19-20 sentyabr tarixlərdə lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam təmin olundu. 
2024-cü ildə də ölkəmiz siyasi, diplomatik qələbələri, iqtisadi uğurları ilə müasir, şanlı tarixini yaratmaqda davam edir. Cənab İlham Əliyevin fevral ayında növbədənkənar prezident seçkilərində inamlı qələbəsi, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxarılması və Qazaxın 4 kəndinin geri qaytarılması bu tarixin qızıl hərflərlə yazılan parlaq səhifələridir. Hazırda müstəqil Azərbaycan dövləti mühüm beynəlxalq tədbirlərdən sayılan COP29-a ev sahibliyi edir, öz təmiz, keyfiyyətli məhsulları sayəsində ixrac potensialını gücləndirərək “yaşıl enerji” imkanları ilə Avropanın etibarlı tərəfdaşına, milli, mədəni və multikultural dəyərlərinə görə dünya ölkələri üçün əsl nümunəyə çevrilir. 
Bu gün Azərbaycan xalqı ərazi bütövlüyü, suverenliyi təmin olunmuş qalib ölkənin nümayəndələri kimi böyük fəxr, qürur hissləri ilə Milli Qurtuluş Gününü qeyd edir, bu xoşbəxtliyin memarı Ümummilli Liderin xatirəsini daim əziz tutur, ehtiramla anır. Hər bir vətəndaş Ulu Öndərin müqəddəs amallarına, əbədiyaşar ideyalarına sadiqliyini, sədaqətini ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü siyasətə davamlı dəstəkdə görür və bununla da inamlı, əminli gələcəyini təmin edir. Məhz 1993-cü ildə təməli qoyulan yolun təntənəsidir ki, bu gün üçrəngli Dövlət Bayrağımız bütün Qarabağ ərazisində, Laçında, Şuşada, Xocalıda, Xankəndidə, Qazaxın 4 kəndində dalğalanır, torpaqlarımıza soydaşlarımızla bərabər əbədi bahar qayıdır. Hər birimizin işində, fəaliyyətində ən ümdə vəzifə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq müstəqilliyini qoruyub yaşatdığı Azərbaycanın bax bu möhtəşəm qalibiyyətinə layiq olmaq, bütövlüyünü, suverenliyini qoruyub saxlamaq naminə dövlət başçısının ətrafında daha da sıx birləşməkdir. Ölkə Prezidentinin 2023-cü il mayın 10-da, Ümummilli Lider Heydər Əliyevin 100 illiyində Şuşadan xalqa müraciətində də dediyi kimi: “Bu gün Ulu Öndərin əziz xatirəsinə hörmət edərək biz, bax bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq, hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq. Əminəm ki, belə də olacaq. Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı – bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik”.

Nail ƏSGƏROV

Nəşr edilib : 15.06.2024 00:01