AZ EN RU

“Milli musiqi və rəqs” müsabiqəsinin qalibləri mükafatlandırılıb

    Aprelin 13-də məktəblilər arasında keçirilən “Milli musiqi və rəqs” müsabiqəsinin yekununa həsr olunmuş tədbir keçirilib.
    Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, şagirdlərin bilik və bacarıqlarının inkişafı və üzə çıxarılması üçün keçirilən tədbirlərdən biri də “Milli musiqi və rəqs” müsabiqəsidir.  Naxçıvan Muxtar Respublikası Təhsil və  Mədəniyyət nazirliklərinin  birgə təşkilatçılığı ilə reallaşan müsabiqədə məqsəd çoxəsrlik inkişaf tarixinə malik Azərbaycanın zəngin musiqi sənəti və mədəniyyətinin təbliği ilə yanaşı, şagirdlərin milli  ruhda tərbiyə olunması, xüsusi bacarığa malik olan gənclərin  istedadlarının aşkar edilməsindən ibarətdir. 

    Diqqətə çatdırılıb ki, 2021-ci il  yanvarın 21-dən  başlayaraq 3 mərhələdə keçirilən “Milli musiqi və rəqs” müsabiqəsində 108 məktəb üzrə 1300-dən artıq  şagird iştirak edib. Müsabiqədə şagirdlər Azərbaycan milli musiqiləri, rəqsləri, xalq mahnıları, çalğı alətləri ilə çıxış edərək öz qabiliyyət və bacarıqlarını nümayiş etdiriblər.
    Təhsil naziri Rəhman Məmmədov şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılması üçün yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. 
    Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxışında qeyd edib ki, muxtar respublikada milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Diyarımızda Naxçıvan Dövlət Filarmoniyası, Naxçıvan Dövlət Uşaq Filarmoniyası, Bəstəkarlar Təşkilatı, Aşıqlar Birliyi fəaliyyət göstərir. Həmçinin Naxçıvan Dövlət Universitetinin İfaçılıq fakültəsi, Naxçıvan Musiqi Kolleci, musiqi məktəbləri musiqiçi kadrların yetişdirilməsi istiqamətində öz töhfələrini verirlər.
    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev vurğulayıb ki, məktəblilər arasında keçirilən “Milli musiqi və rəqs” müsabiqəsi Azərbaycanın  zəngin musiqi mədəniyyətinin təbliğində  mühüm rola malik olmaqla yanaşı, şagirdlərin qabiliyyətlərinin formalaşmasında böyük əhəmiyyət kəsb edir. 
    Sonda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb.
    Qeyd edək ki, “Milli musiqi və rəqs” müsabiqəsində qaliblər münsiflər heyəti tərəfindən səhnə uyğunluğu və səhnə mədəniyyəti, jest və mimikalardan istifadə bacarığı, mahnı və rəqslərin düzgün seçilməsi, aydın intonasiya və tələffüzün düzgün qurulması nəzərə alınaraq mahnı, rəqs və çalğı alətləri nominasiyaları üzrə qiymətləndirilib.
    Sonda müsabiqə qaliblərinin təqdimatında konsert proqramı  olub. 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 13.04.2022 20:35