AZ EN RU

Milli Musiqi Gününə həsr olunmuş tədbirlər davam edir

    Sentyabrın 8-də Culfa Rayon Mədəniyyət Sarayında Milli Musiqi Günü münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri çıxış etmişdir. 
    Bədii rəhbəri və dirijoru istedadlı gənc musiqiçi Cahangir Qurbanov, dirijoru Hakim Məmmədli olan orkestr ilk olaraq Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ifa edib. Sonra Müslüm Maqomayevin “Azərbaycan”,  Polad Bülbüloğlunun “Şən Azərbaycan”, Hacı Xanməmmədovun “Aldatmayaq bir-birimizi”, Üzeyir Hacıbəylinin “Arazbarı”, “Aşıqsayağı”, “Arşın mal alan” operettasından  “Əsgərin ariyası”, Ceyhun Allahverdiyevin “Dəniz və səma”, Oqtay Kazıminin “İnanmaram”, Adil Babayevin “Nazəndə sevgilim”, Səid Rüstəmovun “Haralısan”, Rauf Hacıyevin “Azərbaycan” əsərləri, həmçinin “Girdim yarın bağçasına” və “Xarı­bülbül” xalq mahnıları səsləndirilmişdir.

    Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfov və Gülyanaq Fərzəliyevanın, filarmoniyanın solistləri Cəfər Tağıyev, Samir İsmayılov, Bəhruz Quliyev, Rüstəm İbrahimovun ifaları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 08.09.2022 21:07