AZ EN RU

Milli Musiqi Günü qeyd olunub

    Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyəti qarşısında misilsiz xidmətlərindən bəhs edib, Ulu Öndər Heydər Əliyevin  Fərmanına əsasən Milli Musiqi Gününün qeyd olunduğunu diqqətə çatdırıb.
    Həsən Seyidov qeyd edib ki, Üzeyir Hacıbəyli 1908-ci ildə  yazdığı “Leyli və Məcnun” əsəri ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. Ulu Öndər Heydər Əliyevin hər zaman Üzeyir Hacıbəylinin şəxsiyyətini  yüksək qiymətləndirdiyini deyən nazir müavini diqqətə çatdırıb ki, şanlı Zəfərdən sonra ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  iştirakı ilə Şuşada dahi bəstəkarın  heykəli yenidən ucaldılıb, əsərləri illər sonra doğma yurdunda səslənib. 
   Bildirilib ki, bu il də ənənəyə sadiq olaraq sentyabrın 18-dən 28-dək keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış edəcək. 
    Sonra Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestri Milli Musiqi Gününə həsr olunmuş konsert proqramında dahi bəstəkarın əsərlərindən parçalar ifa edilib. 

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti


***

    Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdən əvvəl universitet Elmi Kitabxanasının təşkilatçılığı ilə musiqi ədəbiyyatlarının təbliğinə həsr olunmuş sərgiyə baxış olub. Rektor Milli Musiqi Günü münasibətilə konservatoriyanın müəllim və tələbələrini təbrik edib, onlara uğurlar arzulayıb. Rektor Azərbaycan klassik musiqi janrının inkişafında böyük xidmətləri olan dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığından, milli mədəniyyətimizə verdiyi misilsiz töhfələrdən söz açıb.

    İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında konsert təqdim olunub.
    Həmin gün universitetin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecində də Milli Musiqi Günü qeyd olunub. Tədbirdə kollecin direktoru, Əməkdar müəllim Məhəbbət Babayeva və Əməkdar müəllim Səmirə Hüseynovanın çıxışları dinlənilib. Sonra kollecin müəllim və tələbələrinin Üzeyir Hacıbəylinin, Cahangir Cahangirovun, Səid Rüstəmovun və Nazim Əliverdibəyovun əsərlərindən ibarət musiqi nömrələri səsləndirilib. 
    Sonra Milli Musiqi Günü münasibətilə universitetin Konservatoriyasının professor-müəllim heyəti mükafatlandırılıb. Naxçıvan Dövlət Universitetinin Simfonik orkestrindəki uğurlu fəaliyyətlərinə görə pul mükafatı və təşəkkürnamə ilə təltif ediliblər.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
 ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 18.09.2023 19:44