AZ EN RU

Milli Musiqi Günü münasibətilə silsilə tədbirlərə start verilib

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1995-ci ildə imzaladığı Fərmana əsasən Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin anadan olmasının ildönümü hər il ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin müvafiq tədbirlər planına əsasən Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında, həmçinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
    Bu münasibətlə 5 sentyabr 2022-ci il tarixdə Ordubad Rayon Mədəniyyət Sarayında təşkil olunan tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı geniş konsert proqramı ilə çıxış edib. Bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdın Babayev, baletmeysteri Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Tamerlan Bağırov, xormeysteri Prezident mükafatçısı İlhamə Şirəliyeva olan ansamblın çıxışı tamaşaçıların alqışları ilə qarşılanıb. Azərbaycan Respublikasının Xalq artisti Əzizağa Məmmədov, Azərbaycan Respublikasının Əməkdar artisti Vilayət İsmayılov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Zülfiqar Mahmudov, Xatirə Səfərova, gənc ifaçılar Zamin Vəliyev və Nərmin Hüseynovanın, həmçinin rəqs qrupunun, xor kollektivinin ifaları iştirakçılara əsl bayram ab-havası bəxş edib.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 05.09.2022 18:21