AZ EN RU

Milli məfkurəyə sadiqlik, qardaş imdadına çağırış

Şəhid ailələrindən həmrəylik örnəyi

    Muxtar respublikamızdakı şəhid ailələrinin, şəhid yoldaşlarının, atalarının, analarının qardaş Türkiyə Respublikasına maddi yardım göstərəcəyi, başsağlığı verəcəyi xəbərini eşitdikdə çox sevindim, qürur duydum. Mayası humanist duyğularla, əmin-amanlıqla, dosta sədaqətlə yoğrulmuş xalqımızın böyükdən-kiçiyə hamılıqla bu çətin gündə qardaş ölkənin yanında olması necə qürurlandırmaya bilər ki, insanı? Şəhid valideynlərinin bu birlik və həmrəyliyə qoşulması isə bu hərəkata xüsusi müqəddəslik gətirir. 

    Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğunda keçirilən görüşdə, ümumilikdə, 50-yə yaxın şəhid ailəsi iştirak edirdi. Tədbirdə ilk olaraq qardaş ölkədə həyatını itirmiş türk soydaşlarımızın, o cümlədən Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
    Baş konsul Asip Kaya qonaqları böyük ehtiramla qəbul etdi, onların bu addımını yüksək qiymətləndirdi. O diqqətə çatdırdı ki, Türkiyənin, təxminən, 10 iri bölgəsində baş verən təbii fəlakət insanları istər fiziki, istərsə də psixoloji cəhətdən çox sarsıdıb. Hadisə baş verdiyi gündən etibarən qardaş Azərbaycandan zəlzələdən zərərçəkənlər üçün böyük yardımlar yola salınır, böyükdən-kiçiyə hər kəs əlindən gələni edir. Bu gün şəhid ailələrinin belə müqəddəs bir addım atması, həqiqətən də, təqdirəlayiqdir. Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu qardaşlıq, dostluq həmrəyliyinə və yardıma görə Azərbaycan dövlətinə və xalqına təşəkkür etmişdir.
    Vətən müharibəsi şəhidlərindən Vəli Quliyevin atası Kamal Quliyev, şəhid Amin Gülməmmədovun atası Mais Gülməmmədov qardaş ölkəyə başsağlığı verərək diqqətə çatdırdılar ki, Türkiyə Respublikasında baş verən təbii fəlakət hər bir azərbaycanlının kədərinə səbəb olub. Ölkəmizin hər bir yerində qardaş vətənə edilən yardımda şəhid ailələrinin yaxından iştirak etməsi hər kəs üçün örnəkdir. 
    Daha sonra şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov tərəfindən Vətən müharibəsində canından keçmiş qəhrəmanlarımızın xatirəsinə həsr edilmiş bir neçə kitab Baş konsul Asip Kayaya təqdim olunub. Şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova tərəfindən şəhid ailəsinin üzvü kimi, dövlət başçımız tərəfindən təyin edilmiş Prezidentin aylıq təqaüdünün bir  aylıq məbləği təbii fəlakətdən zərərçəkənlərə ianə edilib. Sonra zəlzələdə həyatını itirmiş türk soydaşlarımızın, şəhidlərimizin ruhuna dualar oxundu. Onu da diqqətə çatdıraq ki, muxtar respublikada şəhid ailələri tərəfindən 10 ton içməli su və maddi yardım da göndərilib. 
    Fürsətdən istifadə edib tədbirin bir neçə iştirakçısı ilə həmsöhbət oluruq. Yardım aksiyasının, necə deyərlər, ideya müəllifi kimi ilk olaraq Vaqif Şahsuvarov deyir ki, Azərbaycan və Türkiyə dostluq və qardaşlıq münasibətlərindən irəli gələrək bölgədə və dünyada gedən proseslərə münasibətdə həmişə eyni mövqe sərgiləyib, ortaq maraqlardan çıxış ediblər. Müasir dövrdə isə hər iki ölkənin bölgədə və dünyada gedən proseslərə vahid prizmadan yanaşmaları, xüsusən ərazi bütövlüyü kimi həssas məsələlərdə bir-birlərinin maraqlarını müdafiə etmələri mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, hər iki ölkənin siyasi rəhbərliyi indiki şəraitdə daha prinsipial mövqe nümayiş etdirir, hətta ortaq maraqlardan çıxış edirlər. Bunu istər İkinci Qarabağ müharibəsinin baş verdiyi zamanda, istərsə də qardaş ölkənin üzləşdiyi hazırkı təbii fəlakətin yaratdığı çətin şəraitdə bir daha gördük. “Çətin günlər güclü insanlar yaradar”, – deyirlər. Bəli, ölkəmizin yaşadığı ağır sınaq günləri, habelə 90-cı illərin mürəkkəb hadisələri, qardaş ölkənin düşdüyü ağrılı-acılı vəziyyətlər hər iki xalqı bir-birinə daha da doğmalaşdırıb. 
    Müsahibimiz qeyd edir ki, Türkiyə Respublikasında baş vermiş təbii fəlakət ağır fəsadları, çoxsaylı insan tələfatı yüz minlərlə türk soydaşımızın həyatına ağır zərbələr vurub, hər birimizin mənəviyyatına ciddi təsir göstərir, insanı qəhərləndirir. Belə bir çətin dönəmdə qardaş ölkənin yanında olmaq, onların az da olsa, yaralarına məlhəm olmaq üçün şəhid ailələri də türk soydaşlarımıza maddi yardım göstərmək qərarına gəldik. Qürur hissi ilə deyirəm ki, Vətən müharibəsində canını qurban vermiş şəhidlərimizin ailələri dövlət tərəfindən şəhid övladlarına verilən sosial ödənişin böyük bir hissəsini qardaş ölkəyə ianə etdi. Bu, həqiqətən də, şəhid adına layiq olan ən ali, müqəddəs addımdır, bütün Azərbaycana, yaşından, daşıdığı statusdan asılı olmayaraq, hər kəsə örnəkdir. 
    Vətən müharibəsi şəhidi Emin Sadiqovun anası Gülşad ana deyir ki, televiziya kanallarında hər dəfə qardaş ölkədə olan insan tələfatlarını, itkin xəbərlərini izlədikcə göz yaşlarımıza hakim ola bilmirik. Sanki həmin hadisələr bizi iki il əvvələ – Bərdə, Gəncə və Tərtər hadisələrində mənfur ermənilərin xalqımızın başına açdığı həmin faşizm hadisələrinə aparır. Həmin hadisələrdə bizim də qəlpələrə tuş gəlmiş, dağıntılar altında qalan övladlarımız, körpə balalarımız var idi. Bəlkə, elə bu hadisələrə görədir ki, xalqımız qardaş ölkənin yaşadığı hadisələri yaxşı başa düşür. Axı özü də bu çətinliyin şahidi olub. Üzərindən 2 ildən artıq bir müddət keçməsinə baxmayaraq, hələ də həmin hadisələrin acılarını ruhumuzla hiss edirik. Türk soydaşlarımıza belə çətin bir şəraitdə arxa-dayaq olmaq üçün biz də şəhid valideynləri kimi kömək əlimizi uzatmışıq. Gücümüz çatdığı qədər təbii fəlakətdən zərərçəkmiş qardaşlarımıza maddi yardım göstərdik. Sağ olsun, bütün şəhid valideynləri, ölkəmizin azadlığı yolunda canını qurban verən qəhrəman oğullarımızın yaxınları bu müqəddəs işdə əllərindən gələni əsirgəmədilər. İnanırıq ki, buna görə övladlarımızın da ruhu şaddır. Allahdan dünyasını dəyişən soydaşlarımıza rəhmət, yaralananlara şəfa, sağ qalanlara isə səbir arzu edirəm. 
    Şəhid Bağır Ələkbərovun atası Əsəd Ələkbərovun dediklərindən: – 44 günlük Vətən müharibəsindən sonra Türk dünyasının qarşılaşdığı bu ağır fəlakət hər birimizin kədərinə səbəb olub. Tək çarə isə bir zamanlar qardaş ölkənin bizə etdiyi kimi, çətin şəraitdə türk soydaşlarımızın yanında olmaq, onlara əlimizdən gəldiyi qədər yardım əlimizi uzatmaqdır. Çox şadıq ki, xalqımızın mənəviyyatlı, vicdanlı insanları bu yardım çağırışlarına səs verir, öz köməklərini əsirgəmirlər. İnanırıq ki, qardaş Türkiyə Respublikası, Türk dünyası bu çətin şəraitin öhdəsindən də layiqincə gələcək. Nə müharibənin dəhşəti, nə təbii fəlakətlərin ağırlığı türkü usandıra bilməz. Əsası böyük liderlərimiz tərəfindən qoyulmuş bu qardaşlığın sonsuz olmasını arzu edir, dünyasını dəyişən türk soydaşlarımıza Allahdan rəhmət diləyirəm.

    Qardaş ölkənin yaşadığı ağrı-acını ifadə etmək üçün söz acizdir... Tək reallıq illər ötsə də, bu iki qardaş ölkənin ən çətin anda belə bir-birinə arxa-dayaq durmasını unutmamaqdır. Çünki bu qardaşlıq nə bu günün, nə dünənin, nə də ötən-keçən illərin yadigarıdır. Uzun Həsənin diplomatik siyasətindən, Mehmet paşanın Sara xatuna “Ana” deyib müraciət etməsindən, Nuru paşanın xalqımızın imdadına çatmasından başlanır bu sülh yolu, qeyrət yolu. İllər bir-birini əvəzlədikcə daha da qüdrətlənir, dosta əmin-amanlıq verir, düşmənin canına vəlvələ salır. Bu gün şəhid ailələrimizin atdığı bu müqəddəs addım bir daha təsdiq edir ki, türk türkə hər zaman arxa-dayaqdır. Qoy ölkəmizdən ayrılan hər bir yardım azad Vətən səmasında şəhidlərimizin ruhuna rahatlıq gətirsin, doğmalarının bu xeyirxah əməli həm onların müqəddəs ruhuna, həm də müzəffər xalqımıza başucalığıdır. 

Məcid RƏŞADƏTOĞLU
 

 

Nəşr edilib : 14.02.2023 14:17