AZ EN RU

Milli mədəniyyətimizin hamisi

    Bu il xalqımız Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyini böyük fərəh və minnətdarlıq hissilə qeyd edir. Bu da təsadüfi deyil. Çünki dahi insanın Azərbaycan xalqının tarixi taleyində müstəsna rol oynaması, həyat və fəaliyyətinin çoxcəhətliliyi bizim öyrənməli olduğumuz çox müsbət keyfiyyətlərin mövcudluğu ilə əlaqədardır. 

    Dahi rəhbərimiz mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, dahi şəxsiyyət Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib. Ümummilli Liderimiz Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Dahi şəxsiyyət mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. 
    Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Ulu Öndərin qayğısı nəticəsində “Sosialist Əməyi Qəhrəmanı” kimi SSRİ-nin yüksək fəxri adını almışlar. Görkəmli dövlət xadimi bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanırdı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilirdi. Hansı sahədən danışırdısa, məlum olurdu ki, bu sahənin mütəxəssisi, bilicisidir. Dahi şəxsiyyət özü də incəsənət meyilli idi. Elə gəncliyində də incəsənətə gəlmək, memar olmaq istəyirdi. Amma zaman Ulu Öndəri siyasət memarına çevirdi. Çünki bu xalqın belə bir siyasət xadiminə çox böyük ehtiyacı var idi.
    Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalmışdı. Lakin dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sanki Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər  qapılarını yenidən insanların üzünə açdı. Azərbaycanda beynəlxalq səviyyəli kinofestivallar keçirilir, filmlərimiz beynəlxalq festivallarda nümayiş etdirilməyə başlayırdı. Teatrlarımız öz fəaliyyətlərini genişləndirdi. Ümummilli Lider teatrı çox sevirdi. O, həmişə tamaşadan sonra yaradıcı kollektivlə görüşür, onlara öz tövsiyə və tapşırıqlarını verirdi. Ulu Öndər deyirdi: “Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur”. 
    Görkəmli dövlət xadimi Heydər Əliyevin milli mədəniyyətə qoruyucu, yaradıcı münasibətinin, bu sahəyə tükənməz qayğı və diqqətinin əsas mənbəyi tükənməz Vətən sevgisi, hüdudsuz xalq məhəbbəti idi. Aparılan müdrik siyasət nəticəsində milli mədəniyyətimiz beynəlxalq miqyasda tanındı, dünyanın diqqət mərkəzinə çıxarıldı. Ədəbiyyatın, mədəniyyətin təbliği üçün həyata keçirilən möhtəşəm tədbirlər, yazıçı və şairlərin, mədəniyyət xadimlərinin yubileyləri ədəbiyyatın və mədəniyyətin bayramı səviyyəsinə qaldırıldı. Bütün bunlar xalq adına, milli mədəniyyət adına olan hüdudsuz sevginin göstəriciləri olmaqla yanaşı, həm də milli mədəniyyətə yeni təfəkkürlə yanaşmanın müasir, analoqu olmayan modelləri idi. Bu yubileylər, yığıncaqlar təkcə xalqın öz sənət xadimlərinə olan sevgisinin parlaq ifadəsi üçün deyildi, bu, qüdrətli xalqın zaman-zaman yaratdığı mədəniyyət xəzinəsinin dünyanın hər yerində tanıdılması üçün idi.
    Mədəniyyət, ədəbiyyat korifeylərinin əzəmətli heykəllərinin, abidələrinin ucaldılması dahi rəhbərin milli mədəniyyətimizə sonsuz sevgisinin, doğma xalqa ehtiram və məhəbbətinin ifadəsidir. Bu gün ədəbiyyat, sənət xadimləri bütün bunlardan hədsiz ehtiramla, minnətdarlıq duyğusu ilə söz açır, qürurla deyirlər ki, Ulu Öndər Heydər Əliyev sənət adamlarının, yazıçı və şairlərin ən böyük dostu, hamisidir. Ümummilli Lider zəngin mədəni irsimizin qorunmasını vacib hesab edərək deyirdi: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. Mədəniyyətimizə bu mövqedən yanaşan Ulu Öndərin sayəsində Azərbaycan ədəbiyyatı, musiqisi, rəngkarlığı, xalq sənətkarlığı, kino və teatr sənəti dünya şöhrəti qazanmışdır. 
    Dahi şəxsiyyət Heydər Əliyevin humanitar siyasəti, mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları bu gün Prezident cənab İlham Əliyev  tərəfindən davamlı olaraq həyata keçirilir. Bu siyasət bu gün muxtar respublikamızda da müasir dövrün reallıqları nəzərə alınmaqla uğurla davam və inkişaf etdirilir. Ötən müddət ərzində digər sahələrlə yanaşı, mədəniyyətin inkişafına da hərtərəfli qayğı göstərilib. Belə qayğının ifadəsidir ki, quruculuq tədbirlərinin böyük bir qismini mədəniyyət obyektləri əhatə edib. Bu dövrdə muxtar respublikamızın mədəni həyatında yeniliklər baş vermiş, uğurlu layihələr həyata keçirilmiş, kitabxanalar, musiqi məktəbləri, mədəniyyət evləri və mərkəzlər, kino və konsert salonları tikilib istifadəyə verilmiş və ya əsaslı təmir olunmuşdur. Bütün bunlar isə xalqımızın zəngin mədəni irsini qoruyub saxlamaq məqsədi daşıyır. 
    Ulu Öndər Heydər Əliyevin bir amalı var idi: “Qazanılan gəlir birinci növbədə mədəniyyətə sərf olunmalıdır. Çünki mədəniyyət hər şeydən üstündür”. Azərbaycan mədəniyyətinə göstərilən bu qayğı və diqqət heç vaxt yaddan çıxan deyil. Belə bir fikir var ki, millət şəxsiyyəti yetişdirir, şəxsiyyət də öz millətini dünyaya tanıdır. Müasir Azərbaycanın memarı olan Heydər Əliyev Ümummilli Lider və millət qəhrəmanı kimi tarixin şərəfli taxtına ucaldı. Ulu Öndərin milli mədəniyyətə, mənəviyyata göstərdiyi münasibət və mövqe hər birimiz üçün böyük məktəbdir.

Sevinc BABAYEVA 
Naxçıvan Dövlət Universitetinin müəllimi, Azərbaycan və
 beynəlxalq müsabiqələrin Qran-pri və Prezident mükafatçısı

Nəşr edilib : 06.05.2023 00:08