AZ EN RU

Milli-mədəni irsimizin əsasını təşkil edən musiqi sənəti inkişaf yolundadır

     Həyatda elə insanlar var ki, onlar qısa, ancaq bütövlükdə xalqının inkişafına, intibahına, azadlığına həsr olunmuş ömürləri ilə adlarını o xalqın tarixinə əbədilik yaza bilirlər. O insanlardan biri də dünya şöhrətli bəstəkar, musiqişünas, pedaqoq, tərcüməçi, publisist, ictimai xadim Üzeyir Hacıbəylidir. Üzeyir Hacıbəylinin anadan olmasının 110-cu ildönümündə Ulu Öndər Heydər Əliyev “Üzeyir musiqi gününün keçirilməsi haqqında” Fərman imzalamışdır. Fərmana uyğun olaraq hər il bəstəkarın doğum günü – 18 sentyabr Milli Musiqi Günü olaraq qeyd olunur, xatirəsi ehtiramla yad edilir.

    Üzeyir Hacıbəyli 138 il öncə mədəniyyət və mənəviyyat şəhərimiz olan Şuşada dünyaya gözlərini açmışdır. “Qafqazın Konservatoriyası” adlandırılan Şuşa mühiti, sazlı-sözlü aşıq məclisləri, muğam, poeziya gecələri gələcəyin böyük bəstəkarına ilham vermiş, bənzərsiz istedadını cilalamışdır. Hələ kiçik yaşlarından xalqının zəngin mədəni irsinə yaxından bələd olan bəstəkar təkcə mənimsəyib öyrənməmiş, həm də onları notun yaddaşına köçürüb əbədilik yaşamasını təmin etmişdir. Balaca olarkən Məhəmməd Füzulinin əsərindən götürülmüş, həvəskar aktyorlar tərəfindən səhnələşdirilmiş teatr əsəri dahi bəstəkarın dünyagörüşünə böyük təsir göstərmiş, sonralar mədəniyyət tariximizdə imza atdığı ilklərdən birinə çevrilmişdir. “Professional Şərq musiqisinin atası” adlandırılan Üzeyir Hacıbəyli xeyli sonralar bu hadisə haqqında belə yazacaqdı: “Təxminən, 1897-1898-ci illərdə… mən doğma şəhərim olan Şuşadakı həvəskar tamaşada “Məcnun Leylinin məzarı üzərində” səhnəsini gördüm; bu səhnə məni o qədər həyəcanlandırdı ki, mən opera yazmağa qərar verdim”. 
    Dahiyanə musiqi zəkası, iti zehni, fövqəladə intuisiya qabiliyyəti ilə seçilən Üzeyir Hacıbəyli əvvəlcə Şuşada, sonra Qori Müəllimlər Seminariyasında, Moskvada və Sankt-Peterburqda təhsil almışdır. O, müəllim kimi fəaliyyət göstərəndə də, müxtəlif mədəniyyət ocaqlarına rəhbərlik edəndə də ancaq Azərbaycan mətbuatının, teatrının, musiqisinin inkişafı üçün çalışmış, müstəsna xidmətlər göstərmişdir. 1908-ci ildə yazdığı “Leyli və Məcnun” əsəri ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuş, bir-birinin ardınca yazdığı “Şeyx Sənan”, “Rüstəm və Zöhrab”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla” muğam operaları, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları, marş, kantata, mahnı və romansları, kamera və xor üçün əsərləri ilə musiqi xəzinəmizi zənginləşdirmişdir. Xalq qəhrəmanlıq dastanının motivləri əsasında yazılan və bəstəkarın yaradıcılığının zirvəsi sayılan “Koroğlu” operası, Azərbaycanda musiqili komediyanın ilk nümunəsi olan “Ər və arvad” əsəri də Üzeyir bəy ömründən bizlərə qalan qiymətli incilər sırasındadır.
    Dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəyli həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq kimi müqəddəs bir missiyanı çiyinlərinə qaldırmış və buna nail olmuşdur. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. Azərbaycan xalq musiqisini, muğam və aşıq yaradıcılığını özünün yaradıcılıq çeşməsi sayan dahi bəstəkar həm də Azərbaycan musiqi mədəniyyəti tarixində milli bəstəkarlıq məktəbinin özülünü qoymuş, böyük bir sənət məktəbinə himayədarlıq etmiş, yetişdirdiyi milli kadrların da məhz bu ənənələrdən güc alması üçün əlindən gələni əsirgəməmişdir. 
    Üzeyir Hacıbəyli həm də ədəbi-bədii dəyərini itirməmiş yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu-dramaturqdur. Onun həyat və fəaliyyətinin bütün mərhələlərində yalnız və yalnız xalqın mədəni inkişafı, onun müstəqilliyi, milli şüurun oyanışı və gələcək taleyi var idi. Korifey sənətkar böyük bir nəslin edə biləcəyi işi təkbaşına uğurla həyata keçirmiş, mədəniyyət tariximizdə bir sıra ilklərə imza atmışdır. Şərqdə ilk musiqili teatrın, ilk notlu xalq çalğı alətləri orkestrinin yaranması, Müslüm Maqomayevlə birgə ilk “Azərbaycan türk el nəğmələri” məcmuəsinin nəşr etdirilməsi də məhz o əvəzsiz insanın gərgin əməyinin nəticəsi idi. Üzeyir Hacıbəyli həm də Azərbaycan Dövlət Himninin bəstəkarıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə nota alınan Dövlət Himni ölkəmiz müstəqillik qazandıqdan sonra yenidən xalqımızı milli birliyə, həmrəyliyə, Vətən uğrunda can verməyə, qan tökməyə səsləyirdi.
    Azərbaycan mədəniyyətinin böyük himayədarı Ümummilli Lider Heydər Əliyev Üzeyir Hacıbəylinin şəxsiyyətini yüksək qiymətləndirir, mədəniyyət, incəsənətlə bağlı çıxışlarında dəfələrlə böyük bəstəkarın sənətinə, bənzərsiz musiqisinə vurğunluğunu dilə gətirirdi. Təsadüfi deyil ki, Ümummilli Lider Azərbaycanda siyasi hakimiyyətə gələndən sonra 1975-ci ildə dahi bəstəkarın Bakı şəhərində ev-muzeyi açılmışdır. Üzeyir Hacıbəylinin anadan olmasının 100 illik yubileyi böyük təntənə ilə keçirilmiş, UNESCO miqyasında qeyd edilmişdir. 
    Ulu Öndərin bütün sahələrdə uğurlu davamçısı olan Prezident cənab İlham Əliyevin həssas münasibəti sayəsində Üzeyir Hacıbəylinin irsi bu gün də hörmətlə yaşadılır və təbliğ olunur. Ölkə başçısı 2012-ci ildə Bakıda Xalq qəhrəmanı Koroğlunun abidəsinin açılışı zamanı sənətkarın 1930-cu illərdə yazdığı “Koroğlu” operasının əbədi yaşayacağını vurğulayaraq demişdir: “Bütün təntənəli mərasimlərdə “Koroğlu” operasının uvertürası səslənir. Bu bizim Dövlət Himnimizlə bərabər Azərbaycan xalqının ayrılmaz böyük dəyəri kimi bu gün də yaşayır”. 
    Vurğulamaq yerinə düşər ki, 2009-cu ildən etibarən Üzeyir Hacıbəylinin xatirəsinə ehtiram olaraq bəstəkarın doğum günündə yerli və xarici sənətçilərin iştirakı ilə ölkəmizdə Beynəlxalq Musiqi Festivalı keçirilir. Mədəniyyətimizin inkişafı və təbliği yolunda böyük fədakarlıq göstərən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə ölkəmizdə və xaricdə dahi bəstəkara həsr olunmuş böyük musiqi layihələri, tədbirlər reallaşır, onun mədəniyyət tariximizdə başlatdığı yol, milli ənənələr yaşadılır və təbliğ olunur. Bu il də ənənəyə sadiq olaraq sentyabrın 18-dən 28-dək ölkəmizdə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festival çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış edəcək. 
    Bu gün ölkəmizdə musiqi sənətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il ölkəmizdə yeni musiqi məktəbləri inşa olunur, konsert salonları təmir edilir və yenidən qurulur, maddi-texniki bazaları gücləndirilir, milli musiqiçi kadrların yetişdirilməsi istiqamətində uğurlu layihələr həyata keçirilir, bu sahənin inkişafı üçün çalışan insanların əməyi yüksək qiymətləndirilir, müxtəlif fəxri adlara layiq görülür, sosial problemləri diqqətdə saxlanılır. Son illər beynəlxalq səviyyəli musiqi festivallarının keçirilməsi ölkəmizdə musiqi mədəniyyətinin inkişafından xəbər verir. “Qarabağ xanəndələri” albomunun, “Üzeyir Hacıbəyov Ensiklopediyası”nın və “Muğam Ensiklopediyası”nın nəşr olunması Azərbaycan muğamının, aşıq sənətinin, tar ifaçılığı sənətinin, kamançanın, Naxçıvanın ənənəvi qrup rəqsləri – Yallının (Köçəri, Tənzərə) UNESCO-nun müxtəlif siyahılarına daxil edilməsi isə qədim musiqi mədəniyyətimizə verilən qiymətin daha bir ifadəsidir.
    Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Son illərdə Naxçıvan şəhərində, rayon mərkəzlərində və kənd­lərdə yeni uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri tikilib istifadəyə verilmiş, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilmiş, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının, Aşıqlar Birliyinin fəaliyyəti təmin edilmişdir. Həmçinin muxtar respublikada xalq musiqisinin, yallılarımızın, muğamlarımızın nota köçürülməsi, xalq yaradıcılığımızın bu sahələri haqqında kitab və monoqrafiyaların işıq üzü görməsi sistemli həyata keçirilir.
    Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-ci il 5 iyun tarixdə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiqi haqqında Sərəncam imzalamışdır. Dövlət Proqramının icrası mədəniyyət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, mədəniyyət sahəsinin inkişafının təmin edilməsinə, milli-mənəvi dəyərlərə bağlı, istedadlı gənclərin yetişib püxtələşməsinə öz töhfəsini verəcək.
    Artıq 3 ildir ki, Milli Musiqi Günü xüsusi ab-hava ilə, qələbə ovqatında qeyd olunur. “Dəmir yumruq” ətrafında birləşən xalqımız 44 günlük Vətən müharibəsində Şanlı Zəfərə imza atdı, müzəffər Ordumuz 30 il erməni tapdağında qalan torpaqlarımızı, o cümlədən Üzeyirin vətənini – Şuşanı azad etdi. Qələbədən sonra kərpic-kərpic qurulan Qarabağda dahi bəstəkarın büstü ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə yenidən ucaldıldı, ölümsüz bəstəkarın əsərləri illər sonra da yenidən doğma yurdunda səsləndi, Şuşanın dağlarına bəstəkarın təkrarsız nəğmələri hopdu. Qarabağ bu gün böyük mədəniyyət tədbirlərinə – “Xarıbülbül” Musiqi Festivalına, Vaqif Poeziya Günlərinə ev sahibliyi edir, şəhərlərimizin işğaldan azad olunduğu günlər bayram ovqatında qeyd olunur. Belə möhtəşəm tədbirlərdə xalqımızın zəngin xəzinəsi, mənəvi sərvəti sayılan Üzeyir Hacıbəylinin əsərləri təkrar-təkrar ifa edilir, alqışlarla qarşılanır. 
    Dahi Üzeyir Hacıbəyli hələ 1910-cu ildə “Həqiqət” qəzetində belə yazırdı: “Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə, bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında, bəlkə, öləndən sonra da camaata mənfəət verirlər”. Bu fikirləri bu gün böyük məmnuniyyətlə elə dahi bəstəkarın özünə şamil etmək olar. Üzeyir Hacıbəyli Azərbaycan musiqisini milli ruhda yenidən yoğurub elə bir mərtəbəyə yüksəldib ki, o ucalıqdan boylananda hər zaman bəstəkarın bənzərsiz sənəti görünəcək.

Naxçıvan Muxtar Respublikası
 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 15.09.2023 19:25