AZ EN RU

Milli Məclisin sədri Latviya Seyminin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikası Seyminin sədri Dayqa Mierinyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu bardə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu gün iki ölkə arasında siyasi sahədəki sıx əməkdaşlıq iqtisadi, mədəni, elmi-texniki və humanitar sahələrdə də əlaqələrin daha da genişlənməsinə öz müsbət təsirini göstərməkdədir. Dövlət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin, müntəzəm təmasların, həmçinin müxtəlif sahələrdə imzalanan sənədlərin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyi diqqətə çatdırılıb.

Görüşdə parlament sədrlərinin, işçi qruplarının qarşılıqlı səfərlərinin, müntəzəm görüşlərinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb, həmçinin parlamentlərin profil komitələri və komissiyaları arasında əlaqələrin dərinləşdirilməsinin vacibliyi qeyd olunub.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra regionda yaranmış yeni vəziyyət barədə məlumat verən Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, torpaqlarımızın 30 il işğal altında saxlanılmasına və münaqişənin həll olunmamasına səbəb ölkəmizə münasibətdə ikili standartların nümayiş olunması olub. Bu illər ərzində BMT TŞ-nin 4 məlum qətnaməsi və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər icra olunmayıb.

Üç gün öncə Cenevrə şəhərində Ermənistan parlamentinin spikeri ilə keçirilmiş ikinci görüşünün təfərrüatları barədə danışan Milli Məclisin sədri bildirib ki, Azərbaycan sülh gündəliyinə sadiqliyini nümayiş etdirib. O deyib ki, sülh gündəliyinin irəli aparılması üçün yaxşı imkanlar mövcuddur. Spiker Sahibə Qafarovanın sözlərinə görə, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində də proses davam etdirilir.

Söhbət zamanı ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, həmçinin "ağıllı şəhər", "ağıllı kənd" layihələrinin icrası barədə məlumat verilib. Mina terrorunun bu ərazilərdə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılması prosesini ciddi ləngidən amillərdən olduğu bildirilib.

Qonaq, Latviyanın 2026-2027-ci illər üçün BMT TŞ-nin qeyri-daimi üzvlüyü məsələsində Azərbaycanın birmənalı dəstəyinə görə təşəkkürünü bildirib. O, Latviyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini bildirib.

Seymin sədri 100 ildən də əvvəl latviyalı rəssam Yulie Straumenin Şuşada yaşadığını və orada müəllim işlədiyini, həmçinin onun Şuşada Azərbaycan xalçalarının kolleksiyasını yaratdığını xatırladıb. Qonaq bu faktın onlar üçün xüsusi əhəmiyyətini qeyd edib.

Dayqa Mierina Azərbaycanın regionda davamlı sülhün bərqərar olunması, delimitasiya-demarkasiya işlərinin aparılması, həmçinin ölkəmizin bölgədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindəki rolunu təqdir edərək deyib ki, gələcəkdə latviyalı şirkətlər də Qarabağda aparılan bərpa və yenidənqurma işlərində iştirak edə bilərlər.

Söhbət zamanı Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi haqqında da fikir mübadiləsi aparılıb. Sahibə Qafarova Milli Məclisin də COP29 çərçivəsində keçiriləcək tədbirlərə fəal qoşulacağını, bu çərçivədə Azərbaycan Parlamentinin Parlamentlərarası İttifaqla birlikdə təşkil edəcəyi Parlament konfransı haqqında da məlumat verib.

Qonaq ölkəmizin belə mötəbər beynəlxalq tədbirə evsahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb, Latviyanın COP29-un həyata keçirilməsində Azərbaycana yaxından dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 20.05.2024 18:36