AZ EN RU

Milli Məclisin plenar iclasında 16 məsələ müzakirə edilib

Oktyabrın 17-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Tədbiri açan Sahibə Qafarova iclasın ölkəmizin və xalqımızın həyatında dönüş yaradan tarixi bir gün – 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ərəfəsində keçirildiyini vurğulayıb. Qeyd olunub ki, 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən dövlətimiz 1990-cı illərin əvvəllərində ağır problemlərlə üzləşib. Ölkə vətəndaş müharibəsi və dağılmaq həddinə gəlib çıxmışdı. Taleyin hökmü ilə bu dəfə Heydər Əliyev fenomeni dövlət müstəqilliyinin itirilməsinə yol vermədi. 1993-cü il iyunun 15-də ali dövlət rəhbərliyinə qayıdan Ümummilli Lider qüdrətli zəkası və müdrikliyi, yenilməz iradəsi və qətiyyəti sayəsində Azərbaycanın siyasi varlığını qoruyub saxlaya bildi.

Parlamentin sədri diqqətə çatdırıb ki, Ümummilli Liderin inkişaf strategiyasını yeni çağırışlar şəraitində yaradıcı surətdə davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasəti ölkəmizə heyrətamiz uğurlar qazandırıb. Onun ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxıb.

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Komitə sədri Siyavuş Novruzov, deputatlar Tural Gəncəliyev, Fazil Mustafa, Ceyhun Məmmədov, Nizami Səfərov, Sahib Alıyev, Əli Məsimli, Tahir Kərimli, Bəhruz Məhərrəmov, İlham Məmmədov, Musa Qasımlı çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 15-də Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ölkəmizin üçrəngli Dövlət Bayrağını ucaltmasını əlamətdar tarixi hadisə kimi dəyərləndiriblər.

Deputatlar Azərbaycan Prezidentinin Xankəndidə səsləndirdiyi fikirlərin, verdiyi mesajların mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Milli Məclisin deputatları bəzi aktual məsələlər barədə də fikirlərini açıqlayıblar.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyində 16 məsələ var. O, birinci məsələnin “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsinin olduğunu, layihənin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, bir oxunuşda qəbul ediləcəyini deyib.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan sənəddə Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərində bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq dəyişikliklər nəzərdə tutulub. Dəyişikliklərə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsinin ərazisində 1213 hektar torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 hektar və 2223,67 hektar torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri deyib ki, gündəliyin növbəti 12 məsələsi ikinci oxunuşda olan qanun layihələridir.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Energetika haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O sədri bildirib ki, qanunun qəbulu energetika sahəsinə investisiyanın cəlb edilməsinə, bərpaolunan enerjinin təşviqinə, ekoloji tarazlıq pozulmadan enerjinin hasilatı, emalı, istehsalı sahələrinin daha da inkişaf etdirilməsinə xidmət göstərəcək.

Yeni qanun layihəsi energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.

Müzakirələr zamanı deputat Vahid Əhmədov sənəd barədə bəzi fikirlərini, qeyd və təkliflərini səsləndirib.

Sadiq Qurbanov qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra, qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. O bildirib ki, layihə lisenziyanın verilməsi şərtlərinin Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən tələblərlə, icazələrin verilməsi şərtlərinin isə Azərbaycan qanunları və digər normativ hüquqi aktları ilə müəyyən edilən tələblər əsasında tənzimlənməsini müəyyənləşdirir. Dəyişikliklərdə qüvvədə olan qanunda bəzi dəqiqləşdirmələrin aparılması və digər normativ hüquqi aktlara uyğunlaşdırılması da nəzərdə tutulur. Birinci oxunuşdan sonra layihə barədə heç bir irad və təklifin daxil olmadığı da qeyd edilib.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Mülki Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Notariat haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Deputat birinci oxunuşda layihə barədə geniş məlumat verildiyini, heç bir əlavə rəy və təklifin olmadığını söyləyib, sənədin səsə qoyulmasını xahiş edib.

Qeyd edilməlidir ki, sənəd “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2022-ci il 2 dekabr tarixli 665-VIQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlanıb. Layihədə müvafiq dəyişikliklər edilməklə, icra sənədləri sayılan aktların məzmununun “İcra haqqında” Qanunda icra sənədləri üçün müəyyən edilmiş tələblərə uyğunlaşdırılması təklif olunur.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova növbəti iki məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu bildirib. O qeyd edib ki, bu məsələlər “Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələridir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov həmin qanun layihələrini təqdim edib. O, birinci oxunuş zamanı hər iki sənəd barədə ətraflı məlumat verildiyini söyləyib, səsləndirilən bəzi qeydlərə aydınlıq gətirib, layihələrin ümumilikdə deputatlar tərəfindən dəstəkləndiyini bildirib.

Qeyd olunmalıdır ki, “Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənəd daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslərin kursant adlandırılması, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi isə daxili işlər orqanları üçün kadr hazırlığı sahəsinin hüquqi tənzimlənməsi məqsədilə hazırlanıb.

Deputatlar Fəzail Ağamalı və Aydın Mirzəzadə dəyişikliklərdə əks olunan məsələlərin əhəmiyyəti barədə öz fikirlərini açıqladıqdan sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O bildirib ki, sənəddə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib. O bildirib ki, sənəddə müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumlarının ləğv edilməsi nəzərdə tutulur. Qeyd edilib ki, dəyişiklik arxiv xidmətlərinin daha operativ icrasının təmin olunmasına yönəlib.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Sonra Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Ovçuluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, layihənin birinci oxunuşu zamanı heç bir əlavə təklifin olmadığı deyib və səsə qoyulmasını xahiş edib.

Qeyd olunmalıdır ki, sənəd ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili, onların fəaliyyətinin effektli həyata keçirilməsi, ovçuluq biletlərinin verilməsi prosedurununsadələşdirilməsi, normalararası uyğunsuzluğun aradan qaldırılması məqsədilə hazırlanıb.

Məsələ ilə bağlı deputat Sabir Rüstəmxanlı bəzi qeydlərini bildirdikdən sonra, qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O bildirib ki, sənəddə təklif olunan dəyişikliklər valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş və ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində yaşamış şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə “Poçt haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verərək bildirib ki, ölkə Prezidentinin müvafiq fərmanına uyğun olaraq, sənəddə universal poçt rabitəsi xidmətlərinin tariflərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilməsi nəzərdə tutulub.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. O qeyd edib ki, layihədə fiziki şəxs tərəfindən şəxsi istehlak məqsədilə ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğlərinin azaldılması nəzərdə tutulur. Bununla yanaşı, sənəddə “Telekommunikasiya haqqında” qanuna əsasən dəqiqləşdirmə xarakterli düzəliş edilir.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, diqqətə çatdırıb ki, qanun layihəsində təklif olunan dəyişikliklər dəqiqləşdirmə və uyğunlaşdırma xarakteri daşıyır. Komitə sədri ötən müddət ərzində sənədin mətnində əlavə heç bir dəyişikliyin olmadığını deyib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin son 3 məsələsi birinci oxunuşda olan qanun layihələridir.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş qanun layihəsində müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsinin qaydasının təkmilləşdirilməsi nəzərdə tutulur. Belə ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsini təşkil edən çağırış komissiyalarının qərarlarının verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yekun tibbi müayinənin aparılması nəzərdə tutulur. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

O qeyd edib ki, təklif olunan dəyişikliyin qəbulu nəticəsində müddətli həqiqi hərbi xidmətə çağırış prosesində şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, çağırışçıların sağlamlıq vəziyyətinin daha dəqiq dəyərləndirilməsi üçün zəruri şəraitin yaradılması, qeyd olunan fəaliyyətin elektron informasiya sistemləri vasitəsilə təşkili və icrası proqnozlaşdırılır.

Məsələ ilə bağlı müzakirələr zamanı komitə sədri Siyavuş Novruzov, deputatlar Fazil Mustafa, Tahir Kərimli, Aydın Hüseynov, Sədaqət Vəliyeva bəzi qeydlərini bildiriblər.

Komitə sədri Ziyafət Əsgərov çıxışlarda səsləndirilən fikirlərə aydınlıq gətirdikdən sonra, qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Əli Məsimli “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. O bildirib ki, qanun layihəsi mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq mühasibat uçotu subyektlərinin dairəsinin müəyyən edilməsi məqsədilə hazırlanıb.

Sənəddə təklif olunan əlavəyə əsasən, bəzi mühasibat uçotu subyektlərində, o cümlədən iri sahibkarlıq subyektlərində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq, orta sahibkarlıq subyektlərində, qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergiödəyicilərində, illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidəedilmiş) maliyyə hesabatlarını bu Qanuna uyğun olaraq dərc etməli olan publik hüquqi şəxslərdə mühasibat uçotu elektron formada aparılmalıdır.

Qeyd olunub ki, bu müddəa Vergi Məcəlləsində təsbit olunan elektron auditin aparılmasına dəstək verəcək, həmçinin layihədə qeyd olunan vergiödəyiciləri tərəfindən müvafiq məlumatların aidiyyəti üzrə təqdim edilməsi sahəsində operativliyi artıracaq.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Əli Hüseynli qanun layihəsi ilə bağlı məlumatında onun rəhbərlik etdiyi komitə tərəfindən sənədə daxil olan Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləyə təklif olunan dəyişikliklərə müsbət rəy verildiyini bildirib.

Əli Məsimli qanun layihəsinin təmsil etdiyi komitədə müzakirə edildiyini və dəstəkləndiyini bildirib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev layihəyə daxil olan “Elektron imza və elektron sənəd haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, “elektron sənəd” anlayışının tərifinin yeni redaksiyada verildiyini söyləyib. O, rəhbərlik etdiyi komitədə məsələyə baxıldığını və müsbət rəy verildiyini diqqətə çatdırıb.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Nəşr edilib : 17.10.2023 20:29