AZ EN RU

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

İyulun 14-də Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlamentin 2023-cü il növbədənkənar sessiyasının sonuncu iclası keçirilib.

Əvvəlcə iclasda cari məsələlərin müzakirəsi olub.

Müzakirələrdə çıxış edən deputatlar müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyini böyük bir dövrün başlanğıcı kimi dəyərləndiriblər. 1969–1982-ci illərdə Ümummilli Liderin respublika rəhbəri kimi siyasi fəaliyyətinin ölkəmizin gələcək müstəqilliyinin təməllərinin atılmasında və xalqın özünə qayıdışında, milli ruhun oyanışında müstəsna əhəmiyyəti vurğulanıb.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli birinci məsələ - “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu (ikinci səsvermə) layihəsinin normativ-hüquqi aktların hazırlanması, qanunverici subyektlər arasında münasibətlərin qurulması qaydalarının tənzimlənməsi baxımından əhəmiyyətindən danışıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi ilə bağlı fikirlərə münasibət bildirdikdən sonra Konstitusiya qanunu layihəsi ikinci səsvermədə qəbul edilib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov gündəliyin ikinci məsələsini - “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi barədə məlumat verib.

Bildirib ki, Azərbaycanla Slovakiya arasında münasibətlər son illər yüksələn xətlə inkişaf edir, bu kontekstdə Slovakiyada səfirliyimizin açılması mühüm əhəmiyyət daşıyır.

Deputatlar Ceyhun Məmmədovun və Musa Qasımlının sənədlər fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri bildirib ki, gündəliyin qalan 17 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir, növbəti 6 məsələ isə Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Diqqətə çatdırılıb ki, gündəliyin 3-8-ci məsələləri olan “Avtomobil nəqliyyatı haqqında” Qanunda, İnzibati Xətalar Məcəlləsində, Vergi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə parlamentin iki komitəsində baxılıb. Sahibə Qafarova bildirib ki, 3-cü, 5-ci, 7-ci və 8-ci məsələlərə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılıb.

Komitə sədrinin müavini Əli Məsimli bildirib ki, 3-cü məsələ olan “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı əvvəlki oxunuşlarda geniş məlumat verilib. O xatırladıb ki, layihə sərnişin və yükdaşımaları sahəsində icazələrin təkmilləşdirilməsinə xidmət edir. O diqqətə çatdırıb ki, 5-ci məsələ olan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, 7-ci məsələ olan “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə və 8-ci məsələ olan “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun hazırlanıb, dəqiqləşdirmə və uyğunlaşdırma xarakteri daşıyır.

Parlamentin sədri bildirib ki, 4-cü və 6-cı məsələlərə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb.

Komitənin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə dair məlumat verib. Deyib ki, qanun layihələrinə dair komitəyə heç bir rəy və təklif daxil olmayıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli təqdim olunan son iki qanun layihəsi barədə komitənin müsbət rəyini də səsləndirəndən sonra bu 6 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. O, layihənin ikinci oxunuşda qəbulundan sonra məsələ ilə əlaqədar heç bir irad və təklifin daxil olmadığını bildirib.

Sənəd ətrafında müzakirələrdə deputat Rəşad Mahmudov bəzi məqamlarla bağlı öz fikir və qeydlərini səsləndirib. Komitə sədri Əhliman Əmiraslanov qaldırılan məsələlərə aydınlıq gətirib.

İclasda Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib.

Daha sonra Əli Hüseynli “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) deputatların nəzərinə çatdırıb.

Deputat Nizami Səfərov “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb.

Deputat Fazil Mustafa bəzi fikir və qeydlərini səsləndirib.

Sonra hər dörd qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 3 məsələsinin də yeni medalların təsis edilməsi ilə bağlı olduğunu deyib. O, bu qanun layihələrinin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu qeyd edib. Milli Məclisin sədri həmin sənədlərin - “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi, “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi və “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri olduğunu diqqətə çatdırıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov yuxarıda qeyd olunan 3 qanun layihəsini təqdim edib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsini (üçüncü oxunuş) nəzərə çatdırıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son iki məsələsinin Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib. O qeyd edib ki, bu məsələlər - “Dövlət satınalmaları haqqında” (üçüncü oxunuş) və Vergi Məcəlləsində, “Energetika haqqında”, “Büdcə sistemi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələridir.

Əli Məsimli həmin qanun layihələri barədə məlumat verib. O, “Dövlət satınalmaları haqqında” qanun layihəsi ilə bağlı qeyd edib ki, həm komitədə, həm də plenar iclasda müzakirələr zamanı bəzi məsələlər qaldırılıb. Həmin məsələlərlə əlaqədar qanunvericilik təşəbbüsü subyektinin təklifi ilə sənədin bir sıra maddələrində dəyişikliklər edilib.

Deputat həmin düzəlişləri diqqətə çatdıraraq bildirib ki, dövlət satınalmalarının əsas prinsiplərinə həsr olunmuş 4-cü maddədə “satınalmaların şəffaflıq, aşkarlıq və rəqabətlilik əsasında həyata keçirilməsi” cümləsinə “ədalətlilik” sözü də əlavə olunub. O, qanunun məxfiliyə həsr olunmuş 8-ci maddəsində “Azərbaycan Respublikasının Hesablama Palatası” sözlərinin əlavə edildiyini söyləyib. Qeyd edib ki, dövlət satınalmalarına nəzarətin xüsusiyyətlərinə dair 14-cü maddədə “satınalma predmetinin həcminin 15 faizə qədər artırılıb-azaldılmasına razılıq vermək” cümləsində 15 faiz 10 faizlə əvəz edilir. Milli Məclisin deputatı qanunun 33-cü və 38-ci maddələrinə də müvafiq redaktə xarakterli bəzi dəyişikliklərin edildiyini, “həmçinin ehtimal olunan qiyməti keçməmək” ifadəsinin əlavə olunduğunu, 39-cu maddənin isə tamamilə çıxarıldığını deyib. Deputat bu düzəlişlərin məqsədəmüvafiq olduğunu bildirib.

Sonra deputat Əli Məsimli Vergi Məcəlləsində, “Energetika haqqında”, “Büdcə sistemi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumatı təqdim edib.

Deputatlar Razi Nurullayev və Aydın Hüseynov təqdim olunan məsələlərə dair fikir və qeydlərini açıqladıqdan sonra son iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri parlamentin növbədənkənar sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Nəşr edilib : 15.07.2023 12:21