AZ EN RU

Milli Məclisin deputatları Şimali Kipr Türk Respublikasının banilərinin xatirəsini yad ediblər

Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası işçi qrupunun sədri Cavanşir Feyziyev başda olmaqla Milli Məclisin bir qrup deputatı mayın 13-də Lefkoşaya səfər çərçivəsində Şimali Kiprin türk xalqının maraqları uğrunda görkəmli mübarizlərin – Fazıl Kiçik və Rauf Denktaşın xatirəsini yad ediblər.

Deputatlar Cavanşir Feyziyev, Əhliman Əmiraslanov, Vüqar İsgəndərov, Fazil Mustafa, Ağalar Vəliyev və Kamilə Əliyeva Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrımın və Türkiyə-Şimali Kipr Türk Respublikası dostluq qrupunun rəhbəri Orxan Ərdəmin müşayiəti ilə Fazıl Kiçiyin abidəsini ziyarət ediblər.

Onlar Parlamentlərarası dostluq qrupları adından abidənin önünə əklil qoyub, Fəxri qonaqlar kitabında ürək sözlərini yazıblar. Tədbir iştirakçıları Türkiyə və Şimali Kipr Türk Respublikası uğrunda canlarından keçənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Üç ölkə parlamentariləri və yerli liseylərin şagirdləri xatirə şəkli çəkdiriblər.

Sonra deputatlar Şimali Kipr Türk Respublikasının yaradıcısı və birinci Prezidenti Rauf Denktaşın məqbərəsini ziyarət edib, siyasətçinin xatirəsini anaraq əklil qoyub, Fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar. Görkəmli dövlət xadiminin ruhuna dualar oxunub.

Şimali Kipr Türk Respublikasının yaradıcısının oğlu, ŞKTR XİN-in sabiq başçısı Sərdar Denktaş mərasimdə iştirak etdikləri üçün türk və azərbaycanlı parlamentarilərə minnətdarlığını bildirib.

Nəşr edilib : 13.05.2024 15:41