AZ EN RU

Milli Məclisdə bir qrup tələbə gənclərlə görüş keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev dekabrın 28-də Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bir qrup tələbəsi ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Aparat rəhbəri tələbələrə Milli Məclisin fəaliyyəti barədə məlumat verib. O vurğulayıb ki, Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında söylədiyi proqram xarakterli nitqində parlamentə verdiyi tövsiyələr Azərbaycan parlamentinin bütün fəaliyyət istiqamətlərində rəhbər tutulub. Qeyd olunub ki, bugünkü Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması parlamentin beynəlxalq fəaliyyətində, parlament diplomatiyasında əsas yer tutur.

Sonra F.Hacıyevin xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin yüksək liderlik keyfiyyətləri, uzaqgörən siyasəti, müasir Azərbaycanın formalaşmasında müstəsna xidmətləri barədə slaydlarla müşayiət olunan geniş məruzəsi dinlənilib. Azərbaycanın bugünkü qələbələrinin və uğurlarının Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulayan Aparat rəhbəri Ulu Öndər Heydər Əliyev ideyalarının bundan sonra da Azərbaycan xalqını yeni-yeni zəfərlərə doğru aparacağını vurğulayıb.

Azərbaycan parlamentinin də Ulu Öndərin xatirəsini dərin hörmət və sevgi ilə yaşatdığını deyən Fərid Hacıyev Ümummilli Liderin 100 illik yubileyi münasibətilə Milli Məclis tərəfindən keçirilən tədbirlərdən danışıb.

Görüşdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Bakı Dövlət Universitetinin kafedra müdiri Şəhla Səmədova və tələbələr çıxış edərək, Milli Məclislə tanışlıq üçün yaradılan şəraitə görə parlamentin rəhbərliyinə təşəkkür edib, gələcək əməkdaşlıq imkanları ilə bağlı fikirlərini səsləndiriblər.

Tədbirdə “Heydər Əliyev – zamanın fövqündə” adlı sənədli film nümayiş etdirilib.

Filmin nümayişindən əvvəl film barədə məlumat verən Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibov bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın ideya müəllifliyi ilə parlamentin arxiv materialları əsasında hazırlanan bu ekran əsəri Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərini, o cümlədən parlament quruculuğu sahəsində gördüyü möhtəşəm işləri işıqlandırır.

Daha sonra parlament Aparatının rəhbəri Fərid Hacıyev Sahibə Qafarovanın məsul redaktorluğu ilə Milli Məclisdə hazırlanmış “Heydər Əliyev və Azərbaycan parlamenti” adlı üçcildlik kitabın nüsxələrini Bakı Dövlət Universitetinin nümayəndələrinə təqdim edib. Milli Məclisin bu nəşrində Ulu Öndərin parlamentin sədri olduğu dövrdə keçirilmiş Milli Məclis iclaslarının stenoqramları öz əksini tapıb.

Sonda xatirə şəkli çəkdirilib.

Görüşdən sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri parlamentin inzibati binası ilə də tanış olublar.

Nəşr edilib : 28.12.2023 18:45