AZ EN RU

Milli Məclisdə bələdiyyələrin statusu və onların fəaliyyətinə inzibati nəzarət haqqında qanunlarda dəyişikliklər müzakirə olunub

İyunun 24-də Milli Məclisin Regional məsələlər komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclası açan komitə sədri Siyavuş Novruzov gündəliyə birinci oxunuşda bir qanun layihəsinin - “Bələdiyyələrin statusu haqqında” və Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin daxil edildiyini deyib. Qanun layihəsi barədə məlumat verən Siyavuş Novruzov diqqətə çatdırıb ki, təklif olunan dəyişikliklər bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edən bir sıra mühüm məsələlərin həllini nəzərdə tutur.

Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Səbinə Xasayeva layihənin Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu bildirib. Qanun layihəsi barədə ətraflı məlumat verən komitə üzvü deyib ki, təklif olunan dəyişikliklər bələdiyyələrin fəaliyyəti sahəsində yaranan münasibətlərin tənzimlənməsi üçün hüquqi əsasların yaradılmasını nəzərdə tutur. Həmçinin diqqətə çatdırılıb ki, qanunlara təklif olunan bir qrup düzəlişlər isə bələdiyyələrin işinin təşkili ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün zəmin yaradacaq.

Müzakirələrdə komitənin üzvləri Məzahir Əfəndiyev, Kamran Bayramov çıxış edərək qanun layihəsinin aktuallığını vurğulayıb, təklif olunan düzəlişlərlə bağlı fikirlərini bildiriblər.

Sonda qanun layihəsi birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Nəşr edilib : 24.06.2024 16:19