AZ EN RU

Milli Məclis sədrinin müavini naxçıvanlı gənclərlə görüşüb - YENİLƏNİB

    Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Gənc­lər və İdman Komitəsinin sədri Adil Əliyevin gənclərlə “Heydər Əliyev müasir Azərbaycan  gənclər siyasətinin banisidir” mövzusunda görüşü keçirilib.
    Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilən görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.  
    Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev tədbirdə çıxış edərək bildirib ki, ölkəmizdə dövlət gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. 
    Ölkəmizdə gənclərə və gənclər siyasətinə böyük önəm verildiyini bildirən vitse-spiker ötən dövrdə gənclər siyasəti sahəsində görülən sistemli işlər çərçivəsində Gənclər və İdman Nazirliyinin yaradılmasını, Gənclər Fondunun təsis edilməsini, “Gənclər siyasəti haqqında”, “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsini, bu sahədə Dövlət proqramlarının həyata keçirilməsini, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsini qeyd edib. 
    Adil Əliyev gənc nəslin savadlı və vətənpərvər ruhda yetişdirilməsinin ölkəmizdə bu sahədə aparılan siyasətin əsas hədəflərindən olduğunu bildirib, bu məqsədlə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən bəhs edib.
    Gənclər siyasətinin Vətən müharibəsi dövründə də öz uğurlu nəticəsini verdiyini bildirən Milli Məclisin sədr müavini Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin əsas hərəkət qüvvəsinin gənclər olduğunu, gənclərin ön və arxa cəbhədə böyük qəhrəmanlıqlar göstərdiyini qeyd edib.
    Sonra görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
    Sonda  Vətən müharibəsi qazilərinə hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib. 
    Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini keçirilən görüşlə bağlı “Şərq qapısı” qəzetinə bunları deyib: 
    – Bildiyiniz kimi, 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunub. Bununla bağlı Milli Məclisin sədr müavini, Gənclər və İdman Komitəsinin sədri kimi müxtəlif bölgələrdə gənclərlə görüşlərimiz keçirilir. Bu görüşlərdə, əsasən, Ulu Öndərin gənclər siyasəti ilə bağlı gördüyü mühüm işləri gənc­lərimizə aşılayırıq. Naxçıvandakı bugünkü görüşümüz də Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə verdiyi töhfə ilə bağlıdır. Düşünürəm ki, dahi şəxsiyyət Heydər Əliyevin gənclərə olan böyük ümidi artıq özünü doğruldub və bu gün əldə etdiyimiz uğurların təməlində də bu dayanır. Naxçıvanlı gənclərlə görüşümüzdə də dahi şəxsiyyət Heydər Əliyevin bu sahədəki fəaliyyətindən bəhs etdik. 

 Səbuhi HƏSƏNOV

Nəşr edilib : 26.10.2023 11:10