AZ EN RU

Milli Məclis sədrinin müavini Mərakeş Krallığının hər iki palatasının sədrləri ilə görüşüb

Mərakeş Krallığında səfərdə olan Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami və Müşavirlər Palatasının sədri Naam Mayara ilə görüşüb.

Görüşdə Adil Əliyev Azərbaycanla Mərakeş arasında əlaqələrin inkişafının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, ortaq dini və mədəni dəyərlərin dövlətlərimiz arasında münasibətlərin inkişafına xüsusi töhfə verdiyini qeyd edib.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 30 illiyinin xüsusi təntənə ilə qeyd edildiyini bildirən Milli Məclis sədrinin müavini Ulu Öndərin Azərbaycan-Mərakeş münasibətlərinin inkişafına verdiyi töhfələrdən söhbət açıb. O, Ümummilli Liderin davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son vermiş 44 günlük Vətən müharibəsindən söz açıb, işğaldan azad edilmiş ərazilərdə hazırda aparılan irimiqyaslı tikinti-bərpa və abadlıq-quruculuq işlərindən danışıb

Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş, Milli Məclisin Bakıda keçirilən xüsusi sessiyasında iştirakını məmnuniyyətlə qeyd edib, dahi şəxsiyyətin dövlətimiz və xalqımız üçün gördüyü işlərin dünyaya nümunə olduğunu bildirib.

Daha sonra çıxış edən Müşavirlər Palatasının sədri Naam Mayara iki ölkə arasındakı münasibətlərdə parlamentlərarası əməkdaşlığın verdiyi töhfədən söhbət açıb, Azərbaycanın təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin parlamentlərarası münasibətlərin inkişafında xüsusi rolunu vurğulayıb.

Tərəflər parlamentlərarası münasibətlərlə yanaşı, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı əməkdaşlıq məsələlərini də geniş müzakirə ediblər.

Görüşdə Milli Məclisin deputatları Mahir Abbaszadə, Ceyhun Məmmədov və Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov iştirak ediblər.

Nəşr edilib : 16.06.2023 18:45