AZ EN RU

Milli Konstitusiyamız ölkə vətəndaşlarının hüquqları və azadlıqlarının əsas təminatçısıdır!

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli qanunverici aktların qəbul edilməsi, hüquqi islahatların həyata keçirilməsi qaçılmaz amilə çevrilmişdir. Dövlətçiliyin, qanunçuluğun möhkəmləndirilməsi istiqamətində qətiyyətli addımlar atılmağa başlanıldı. Demokratik dövlətin formalaşıb inkişaf etməsi hər bir sosial-siyasi şəraitə uyğun xarakterik formada həyata keçirilir. Azərbaycan reallığına nəzər yetirdikdə biz demokratik idarəçilik sistemində milli dövlətçilik ənənələrinin qorunmasının şahidi olarıq. Bununla yanaşı, ümumbəşəri dəyərlər, dünyanın demokratik dövlətlərinin təcrübəsindən də bəhrələnildiyinin şahidi olarıq. Bu da özlüyündə təqdirolunası bir hal kimi qiymətləndirilə bilər.

Faktiki olaraq demokratiyanın əsas göstəricisi kimi xalq tərəfindən seçilən adamların hakimiyyətini ilk növbədə qeyd edə bilərik. Bununla yanaşı, demokratiyanın digər cəhətləri kimi hakimiyyətin mənbəyinin  xalq olması, siyasi hakimiyyətin qəbul olunmuş qanunlara müvafiq olaraq icrası, qanunverici, icraedici və məhkəmə hakimiyyətinin mövcudluğunu da göstərə bilərik. Bu sıralamada əsas insan hüquq və azadlıqlarının təminatı və müdafiəsi xüsusilə əhəmiyyət kəsb edən bir faktordur. Demokratiya insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi surətdə bağlı olan amillərdəndir. Müasir dövrdə insanın əsas hüquqları dedikdə dövlətlərin konstitusiyalarında və insan hüquqlarına dair beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuş hüquqlar nəzərdə tutulur.

Azadlıq, bərabərlik, ədalət prinsiplərinə əsaslanan və universal xarakter daşıyan insan hüquqlarının müdafiəsi vətəndaş cəmiyyəti üçün başlıca amillərdəndir. Azərbaycan Respublikasında milli dövlətçiliyi və vətəndaş cəmiyyətini şərtləndirən demokratik prinsiplər sırasında eyni zamanda, qanunvericilik və institusional islahatların aparılması, hüquqi dövlət quruculuğunun formalaşmasını qeyd etmək lazımdır. Yeni demokratik cəmiyyət modelinin başlıca amillərdən biri də konstitusion dövlətin mövcudluğudur. Azərbaycan dövlətinin mövcud, xüsusilə insan hüquqlarının təmini baxımdan xüsusi əhəmiyyətə malik olan konstitusiyası hüquqi islahatların zirvə nöqtəsi hesab oluna bilər.

Qeyd edək ki, 1995-ci ildə insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Milli Konstitusiyamızın başlıca qayəsini Azərbaycan Respublikasının 18 oktyabr 1991-ci ildə qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”ndan irəli gələn müddəalar təşkil etdi. Bu müddəaların konstitusiyada təsbit olunması ilə yanaşı, icrası da zəruriləşdi. 1995-ci ildən etibarən Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi hüquqi islahatlar və demokratikləşmə yolu təqdirəlayiqdir. Beləliklə, Konstitusiyanın qəbul olunması ilə demokratik dəyərlər üstünlük təşkil etməyə, Avropaya inteqrasiya olunmağa başlanıldı. Ən əsası isə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində mühüm uğurlara nail olundu.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Milli Konstitusiya ölkədə demokratikləşmə siyasəti fonunda mütərəqqi addım hesab olunur. Giriş, 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalardan ibarət olan Milli Konstitusiyamız ictimai münasibətlərin tənzimlənməsi, insan hüquq və azadlıqlarının tanınması və müdafiəsi baxımından xüsusilə əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, konstitusiyamızın mühüm fəlsəfi özəlliyi Azərbaycanda daha öncə heç bir hüquqi sənəddə belə geniş şəkildə vətəndaş hüquq və azadlıqlarına dair ayrıca fəsil ayrılmamasıdır. Təsadüfi deyildir ki, hüquqi dövlətdə mühüm yer tutan insanın əsas hüquq və azadlıqlarına konstitusiya hüquqları da deyilir.

Milli Konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqları xarakterik olaraq şəxsi hüquqlar və azadlıqlar, siyasi hüquqlar və azadlıqlar, iqtisadi, sosial və mədəni hüquqlar və azadlıqlar əsasları ilə qruplaşdırılmışdır. Bütün bu hüquqları ölkə vətəndaşları doğulduqları bir gündən əldə edirlər. Konstitusiyaya əsasən, hər bir vətəndaşın qanuni maraqları, hüquq və azadlıqları qorunmaqla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının II bölməsinin III fəsli məhz bizim müzakirə predmetimiz olan “Əsas insan və vətəndaş hüquqları və azadlıqları”na həsr olunmuşdur. 71 maddədən ibarət olan bu fəsildə insan və vətəndaşların hüquqları və azadlıqlarının toxunulmaz, pozulmaz və ayrılmaz olduğu qeyd olunmuşdur. Konstitusiyada eyni zamanda, insan hüquq və azadlıqlarının aliliyi göstərilmiş, onların hər hansı normativ-hüquqi aktla və ya hər hansı vəzifəli şəxs tərəfindən məhdudlaşdırılmasının, yaxud ləğv edilməsinin yolverilməzliyi təsbit edilmişdir. Konstitusiyanın 12-ci maddəsinin I hissəsində deyildiyi kimi “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.”

“Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlı 3-cü fəslin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi” adlı ilk maddəsində insan ləyaqətinin qorunduğu və ona hörmət edildiyi, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqlarının olduğu, hüquqlar və azadlıqların hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə etdiyi, hüquqlardan sui-istifadənin yol verilməz olduğu əks olunmuşdur. Adıçəkilən fəslin müvafiq olaraq sonrakı maddələrində əsas insan və vətəndaş hüquqları və azadlıqları geniş şəkildə əks etdirilmişdir.

Bərabərlik, yaşamaq, azadlıq, mülkiyyət, əqli mülkiyyət, təhlükəsiz yaşamaq, şəxsi toxunulmazlıq, mənzil toxunulmazlığı, nikah, əmək, tətil, istirahət, sosial təminat, sağlam ətraf mühitdə yaşamaq, mədəniyyət, sağlamlığın qorunması, təhsil, mənzil, milli mənsubiyyət, ana dilindən istifadə, şərəf və ləyaqətin müdafiəsi, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak, dövlətin idarə olunmasında iştirak etmək, seçki, müraciət etmək, birləşmək, azad sahibkarlıq, hüquqi yardım almaq, məhkəməyə təkrar müraciət, zərərin ödənilməsini tələb etmək, siyasi sığınacaq hüquqlarının, fikir və söz, vicdan, sərbəst toplaşmaq, məlumat, yaradıcılıq kimi azadlıqların təsbit edildiyi ali sənəd ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Bu prinsip  əsas Qanunun “Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi” adlı 147-ci maddəsində belə təsbit olunur:

I. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.

II. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.

III. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır.

Şəxsiyyət, cəmiyyət və dövlət arasındakı qarşılıqlı münasibətlərin nizama salındığı Konstitusiyanın 25-ci maddəsinin II hissəsində kişi ilə qadının eyni hüquqları və azadlıqlarının olması qeyd olunmuşdur. Bununla da gender bərabərliyi ilk dəfə dövlət səviyyəsində ifadə olunmuşdur. Həmin maddənin III hissəsində dövlətin irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verdiyi əks olunmuşdur.

Qeyd edək ki, konstitusiyada zamanın diktə etdiyi dəyişikliklər və əlavələr də reallaşdırılmışdır. Bu məqsədlə 2002, 2009, 2016-cı illərdə referendum keçirilmişdir. Bu da öz növbəsində konstitusiyanın dinamik bir sənəd olduğunu təsdiqləmiş olur. Qloballaşan dünyada yeni dünya nizamına uyğun olaraq hüquqi islahatların gerçəkləşdirilməsi, dövlət idarəçiliyində effektivliyin artırılması, insan hüquqlarının və azadlıqlarının təmin olunması sahəsində yeni mexanizmlərin işlənib hazırlanması istiqamətində bir sıra demokratik addımlar atılmış, mövcud qanunvericilik bazası təkmilləşdirilmişdir. Konstitusiyaya referendum yolu ilə edilmiş əlavə və dəyişikliklər eyni zamanda, vətəndaş-dövlət münasibətlərinin daha harmonik inkişafına, mütərəqqi islahatlara gətirib çıxarmışdır.

Azərbaycan hökuməti tərəfindən Konstitusiyasının qəbul olunması milli dövlətçilik tariximizdə qürurverici, əlamətdar hadisələrdəndir. Dövlətimizin beynəlxalq təcrübəyə əsaslananan konstitusiyasının mövcudluğu ilə yanaşı eyni zamanda, bu konstitusiya ilə təsbit olunan insan və vətəndaş hüquqlarının həyata keçirilməsi, təmin edilməsi və müdafiəsi üçün vacib icra mexanizmlərinin yaradılması bir daha Azərbaycanda müasir dövrün tələblərinə cavab verən demokratik hüquq sisteminin formalaşdırılmasına və dövlətin inkişaf perspektivlərinin reallaşmasına dəlalət edir.

 

Çinarə İSMAYILOVA

NDU Elmi Kitabxanasının baş kitabxanaçısı

Məqalə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin

(Ombudsmanın) Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə keçirdiyi müsabiqəyə təqdim olunur

Nəşr edilib : 25.05.2024 12:45