AZ EN RU

Milli istiqlal şairi Əhməd Cavadın 130 illiyi münasibətilə konfrans keçirilib

    “Naxçıvan” Universitetində “Əhməd Cavad yaradıcılığına elmi-nəzəri baxış” mövzusunda keçirilən konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra görkəmli şair Əhməd Cavadın həyat və yaradıcılığından bəhs edən videoçarxa baxış olub.
    Universitetin rektoru, dosent Nurlana Əliyeva iştirakçılara Azərbaycan Respublikası Prezidentinin “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” 2022-ci il 20 aprel tarixli Sərəncamını konfrans iştirakçılarının diqqətinə çatdırıb. Rektor Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış ictimai xadim Əhməd Cavadın azadlığa yol açan, maarifçiliyə işıq tutan ideyaları barədə danışıb. Bildirilib ki, latın qrafikalı əlifbanı müdafiə edən ilk ziyalılardan olan, Balkan müharibəsində iştirak edən, könüllü əsgər kimi İstanbulun azad olunması uğrunda döyüşən, I Dünya müharibəsində ermənilərə qarşı vuruşan Əhməd Cavad Bakıdakı “Cəmiyyəti-xeyriyyə” təşkilatının fəal üzvlərindən biri kimi Azərbaycanın müstəqil, doğma xalqını xoşbəxt görmək istəyib. Buna görə də görkəmli ziyalı saxta ittihamlarla həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb və 1937-ci il repressiyasının qurbanı olub.
    “Əhməd Cavad və ədəbi dilimiz” mövzusunda çıxış edən professor Sədaqət Həsənova onun şeirlərindən nümunələr səsləndirərək romantik şairin yaradıcılığının Azərbaycan dilinin inkişafına, lüğət tərkibinin zənginləşdirilməsinə olan xidmətlərindən bəhs edib.
    “Əhməd Cavad şeirlərinin dil-üslub xüsusiyyətləri” mövzusunda çıxış edən universitetin müəllimi, dosent Arifə Zeynalova dövlət rəmzlərimizi yüksək şeiriyyətlə, alovlu tərənnüm edən şairin vətənpərvərlik duyğularının poetik ifadəsindən ətraflı bəhs edib. 
    Konfransda universitetin müəllimi Şəbnəm Əhmədovanın “İstiqlal şairi Əhməd Cavad” mövzusunda çıxışı da dinlənilib, tələbələr Əhməd Cavadın vətənpərvərlik mövzusunda şeirlərini bədii qiraət ediblər.

“Naxçıvan” Universitetinin
 mətbuat xidməti

Nəşr edilib : 15.12.2022 20:37