AZ EN RU

Milli iradə və sarsılmazlıq rəmzinə çevrilən tarixi gün

    Bu il Qanlı 20 Yanvar faciəsindən 33 il ötür. Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən, ən yeni tariximizin şərəfli səhifələrindən biri olan bu gün xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzlik simvolu və milli azadlıq hərəkatının müstəqilliyə doğru addımlarında ciddi dönüş nöqtəsidir. Milli birlik və vətənpərvərliyin rəmzinə çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.

    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələrinin Azərbaycanda törətdiyi kütləvi qırğından 33 il keçməsinə baxmayaraq, xalqımız həmin faciənin ağır nəticələrini bu gün də xatırlayır, Vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş oğul və qızları dərin ehtiramla yad edir. Xalq heç zaman unutmur ki, Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir!
    Bu tarixi gün Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərmiş, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olmuşdur. Məhz bu tarixdən etibarən milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü.
    Yüzdən çox insanın qətlə yetirilməsi ilə nəticələnən 20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığı, mətinliyinin nümayişidir. Həmin dövrdə sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də öz şəhidləri ilə vidalaşdı. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etdi.
    Əlbəttə, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa, istəyinə – azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək.
    Hər il faciənin ildönümündə milyonlarla insan Şəhidlər xiyabanını ziyarət edir, qəhrəmanlarının əziz xatirəsini anır. Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən Ümummilli Liderimiz Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.
    Qanlı Yanvar hadisəsinə ilk həqiqi siyasi qiymət verən məhz Ümummilli Lider Heydər Əliyev oldu. O, faciədən sonrakı gün özünün və ailəsinin həyatını təhlükə altında qoyub Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Kommunist rejimin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pislədi, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürül­məsinə etirazını bildirdi, təqsirkarların cəzalandırılmasını tələb etdi və Azərbaycan xalqının kədərini bölüşdü.
    Ulu Öndər Heydər Əliyevin 2000-ci il yanvar ayının 17-də imzaladığı Fərmanla 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verildi. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir.
    “Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, –  deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
    Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti və xalqımızın birliyi ilə 44 günlük müharibədə işğalçı Ermənistan Azərbaycan qarşısında diz çökdü.  Bu möhtəşəm Zəfər nəticəsində 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Qədim şəhərlərimiz, əzəli torpaqlarımız azad olundu.
    Bu gün artıq işğaldan azad edilmiş bölgələrdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılıb. Azad olunmuş bütün ərazilərin bərpası və bu ərazilərdə vətəndaşlarımızın normal həyatının təmin edilməsi üçün bütün müvafiq addımlar atılır. Füzuli-Şuşa avtomobil yolu, Füzuli, Zəngilan Beynəlxalq hava limanları tikilmiş, dəmir yollarının tikintisinə başlanılıb. Bütün bunlar bizə deməyə əsas verir ki, yenidənqurma işləri və gələcəkdə həyata keçiriləcək layihələr bölgəyə yeni nəfəs gətirəcək, həmin ərazilərdə daimi sülh bərqərar olacaqdır.
    Bu da həqiqətdir ki, müharibə itkisiz olmur. Bu gün Azərbaycan xalqı illərdir, gözlədiyi, ruhunun təntənəsi olan qalibiyyəti yaşamaqla bərabər, bu yolda canını fəda edən Vətən övladlarının əziz xatirəsini də yad edir və əbədiyyən qəlbində yaşadacaq. Heç təsadüfi deyil ki, Prezident cənab İlham Əliyev Şuşanın azad olunmasını, Azərbaycan xalqı isə Zəfər Gününü tarixi həqiqətləri daim yada salan, şəhidlik zirvəsinin nə olduğunu hər addımda xatırladan Şəhidlər xiyabanında qeyd etdi. Axı müstəqil Azərbaycan uğrunda canlarından keçənlərin ən böyük hədiyyəsi azad Vətən torpağıdır. Artıq bütün şəhidlərimizin narahat ruhları şaddır. 
    Qoy 44 günlük Vətən müharibəsi şəhidləri də daxil bütün şəhidlərimizin ruhu şad olsun!
    Allah bütün şəhidlərə rəhmət eləsin!

Məhərrəm HƏSƏNOV 
Naxçıvan Dövlət Universitetinin
fəlsəfə və  sosial iş kafedrasının müəllimi

Nəşr edilib : 17.01.2023 21:30