AZ EN RU

Milli ideologiya ruhlu, azad və müstəqil Azərbaycan duyumlu Rəsulzadə imzası…

Sonda deyəcəyimiz sözü əvvəldə deyək: Məhəmməd Əmin Rəsulzadə yalnız öz dövründə zaman qavramını adlayıb keçən əvəzsiz tarixi şəxsiyyət deyildi. O, milli ideologiyaya göstərdiyi sədaqəti, Azərbaycan xalqının qurtuluşu və nicatı, o cümlədən vətənin azadlığı və müstəqilliyi naminə etdiyi fədakar xidmətləri ilə bütün dövrlərdə adı qürurla anılan, sevilərək xatırlanan fenomenal şəxsiyyət idi. Qələmini mənsub olduğu xalqın göz yaşına, ürəyinin qanına batırıb azadlıqdan, müstəqillikdən yazan, yüz illər boyu tarixdə “tatar”, “müsəlman” “qafqazlı” milləti kimi tanınan bir xalqa, türk övladı türk - azərbaycanlı olduğu həqiqətini çatdıran Rəsulzadə imzası dövlətçilik tariximizin ən yaddaqalan dövrlərinə işıq tutur…
Bu mövzumuzda yetmiş ildən bir az artıq ömür yoluna böyük taley yükünü sığdırmış Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan mətbuatındakı əvəzsiz xidmətlərindən, milli ideologiyanın yaranması və yaşadılması istiqamətində sözə, jurnalistika tariximizə verdiyi töhfələrdən qısa da olsa danışacağıq. O töhfələr ki, hələ azad, müstəqil Azərbaycan anlayışı xalqımızın milli şüurunda kök salmamış formalaşmağa başlamış, zaman – zaman dövrün yaratdığı çətinliklərlə üzləşmiş, tarixin dolanbac, enişli – yoxuşlu yollarında məhv olmaq, unudulmaq təhlükəsi ilə üz - üzə qalmışdı…
Dövrün ictimai – siyasi, sosial və mədəni həyatını yaxından izləyən, hadisələrə obyektiv və tutarlı münasibət bildirəcək yüksək səriştəyə, yaradıcı gücə malik olan Məhəmməd Əmin bəyin mətbuat sahəsinə gəlişi, belə söyləmək mümkündürsə, zamanın tələbindən və Azərbaycanın o dövrdə yaşadığı siyasi vəziyyətindən asılı idi. Çünki milli mətbuatımızın daşıdığı mənəvi feyzə, gücə bələd olan bir çox ziya sahiblərimiz kimi, Rəsulzadə də istər açıq, istərsə də gizli yollarla dövrün yaratdığı böhranlara qarşı gəlmiş, azərbaycançılıq ideologiyasının yaranması, təbliği və xalqı bu ideologiya ətrafında birləşdirmək kimi müqəddəs məqsədi, məhz mətbuatın gücü ilə həyata keçirmişdi. Onun mətbuatımıza gəlişi XX əsrin ilk anadilli dövrü nəşri sayılan “Şərqi – rus” qəzetindən başlamış, sonrakı illərdə qələmə aldığı müxtəlif mövzuda məqalələr, felyetonlar isə doğma dilimizdə buraxılan qəzet və jurnallarda işıqlandırılmışdır. Yaradıcılığa başladığı ilkin dövrlərdə qələmini mətbuatın, qəzetin və digər ədəbi nəşrlərin xalqın formalaşmasına və tərəqqi etməsinə göstərdiyi misilsiz xidmətlərə kökləyən Məhəmməd Əmin Rəsulzadə, daha sonra yazılarında insanların savadlanmasını təbliğ etmiş, elm və mədəniyyətin, məktəb və tədris ocaqlarının açılmasını cəmiyyətin formalaşmasında və inkişafında əsas amil kimi qiymətləndirmişdir. 
Azərbaycanda milli mətbuat və qəzetçilik ənənəsinin formalaşmasını, ana dilində nəşr olunan hər bir yeni qəzet və jurnalın senzuradan uzaq fəaliyyət göstərməsini arzulayan, yazılarında bunu dəfələrlə vurğulayan Məhəmməd Əmin bəy “Bizim məramımız” adlı məqaləsində yazırdı: “...Qəzet millətin danışan dilidir. Bir millətin ki, qəzeti yoxdur, elə bil ki, o millətin dili yoxdur...Vətən dərdlərinə mətbuat dərman olur. İstibdadın yurd-yuvasını qəzetlər dağıdıb və dağıdır. Qəzet həmişəlik qaravuldadır (gözətçilikdədir), qoymur ki, ölkənin inkişaf yolu bağlansın”. Onu da qeyd edək ki, “Şərqi-rus” qəzetinin 2 may 1903-cü il nömrəsində çap olunmuş ilk məqaləsində gələcəyin böyük ideoloqu yazırdı: “Şükür və min dəfə şükür ki, biz Qafqaz müsəlmanları da bir qəzet sahibi olduq”.
Azərbaycan tarixində dövlət xadimi, jurnalist, şair, publisist və tədqiqatçı kimi anılan Məhəmməd Əmin Rəsulzadə keçmiş sovet süründürməçiliyinin hakim olduğu bir dövrdə azad mətbuat anlayışını gündəmə gətirməklə, həm də hakim zümrənin qatı millətçilik meyillərinə, onların Azərbaycan xalqına qarşı bəslədiyi amansız münasibətə qarşı çıxırdı. Bu məqamda bir faktı diqqətə çatdırmaq istəyirəm ki, sözügedən illərdə Cənubi Qafqazda erməni – gürcü dilində 19 adda qəzet və jurnal nəşr olunduğu halda, Azərbaycan dilində bir neçə qəzetin nəşr edilməsinə belə icazə verilmirdi. Böyük çətinliklərlə nəşr olunan milli qəzetlərimiz isə ağır senzuralara məruz qalır, ya da fəaliyyətlərinə dolayı yollarla xitam verilirdi. Jurnalistlərin həbs və sürgünlərə məruz qalması, mətbəələrin bağlanması, bu da bəs etmirmiş kimi, dövrün hakimiyyətinin həyata keçirdiyi ağır repressiyalar həmin illərin acınacaqlı mənzərəsi idi…
Bir az əvvəl də qeyd etdiyimiz kimi, Məhəmməd Əmin Rəsulzadə qələmə aldığı bütün mövzularda yarı açıq, yarı gizli yollarla dövrün ictimai – siyasi mənzərəsini yarada bilirdi. Onun işıq üzü görən məqalələri, sözdə mətbuat azadlığından danışsa da, bu ideyalar yalnız azad söz demək hüququnu təbliğ etmirdi, həm də buna paralel olaraq vətənin azadlıq, müstəqillik mövzusunu özündə ehtiva edə bilirdi. Bu məqamda çox maraqlı, olduqca aktual bir sual çıxır meydana; Məmməd Əmin bəy nə üçün azad mətbuata və azad sözə bu qədər qiymət verirdi? Bir halda ki, dövrün mövcud şəraiti buna izin vermirdi və azərbaycanlıların hüquqlarını müdafiə edəcək, onları maarifləndirəcək mətbuat orqanı yaratmaq çox müşkül, necə deyərlər, çətin məsələ idi. Qeyd edək ki, Rəsulzadə özünün “Mətbuat niyə azad olmalıdır?” başlıqlı məqaləsində də bu suala cavab verir və yazır: “…tarix mətbuat senzurasının bünövrəsinin necə zülm, sitəm üzərində qurulduğunu kifayət qədər olmasa da, hər halda göstərir…Aydındır ki, milli əsarət də, elmi, ədəbi əsarətin tayıdır. Millətin azadlığı, düşüncənin azadlığıdır. Başqa mənada zülmü güclə aradan götürmək azadlığa bərabərdir. Azadlıqda inkişaf ilahi bəxşişdir…”
Cümhuriyyətin 23 ay davam edən qısa, lakin tarixi proseslərlə zəngin, milli şüuru oyatmaq baxımından isə uzun və mürəkkəb olan dövrü, onun süqutundan sonra da baş verəcək bir sıra siyasi hadisələrin mənbəyi oldu. Belə ki, əgər cümhuriyyət dövründə mövcud hakimiyyət və xalq arasında açıq şəkildə azadlıq mübarizəsi gedirdisə, onun dağıdılmasından sonra ideoloji və fikir mübarizəsi alovlanmağa başladı. Bu mübarizələr ya milli mətbuat orqanlarımızda çap edilən müxtəlif yazılarda özünü göstərdi, ya da xitabət kürsülərindəki odlu-alovlu nitqlərdə, necə deyərlər, hədəfə çatdırıldı. Bir fakta diqqət edək. Deməli, 1923 - cü ilin sеntyabrın 26-dan yenicə cümhuriyyətini elan etmiş qardaş Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan mühacirət mətbuatının ilk nümunəsi оlan “Yеni Qafqasya” jurnalı nəşr еdilməyə başladı. Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük idеоlоqu, Şərqin ilk dеmоkratik rеspublikasının banisi Məhəmməd Əmin Rəsulzadə tərəfindən nəşr еdilən bu jurnalın başlıca qayəsi Azərbaycanda davam еdən milli istiqlal mübarizəsinə dəstək vеrmək, vətəni bоlşеvik işğalından xilas еtmək və cümhuriyyət dövründə yarım qalan fikri inkişafı yenidən cuşa gətirmək idi. Həmçinin jurnalın müxtəlif saylarında çap edilən bir – birindən zəngin, mövzu baxımından mürəkkəb və aktual olan yazılarda xalqın azadlıq mübarizəsi, ölkənin bolşevik – daşnak qüvvələrindən təmizlənməsi, o cümlədən ana dilinin dövlət səviyyəsinə qaldırılması, bu dildə dərsliklərin, ədəbiyyatların yaradılması və digər zəruri mövzular işıqlandırılmağa başladı…
Məhəmməd Əmin yaradıcılığında millət və xalq anlayışı böyük önəm daşıyır. Çünki siyasi fəaliyyətə sosial – demokratiyaya meyilli bir gənc olaraq başlayan Rəsulzadə, istər jurnalist kimi çalışdığı illərdə, istərsə də siyasi təbliğatla məşğul olduğu dönəmlərdə ölkənin mövcudluğunun və müstəqillik anlayışının daimi və əbədi olmasını milliyət anlayışı ilə şərtləndirirdi. Onun yanaşmasına görə millət, eyni coğrafi ərazidə yaşayıb, ortaq dil, din, mədəniyyət və digər milli – mənəvi amillərlə bağlanan toplumların ortaq adı idi. Bununla belə o, yüz illər boyu tarixdə “müsəlman”, “tatar”, “qafqazlı” adı ilə qeyd olunan Azərbaycan xalqını milli mənsubiyyət və etnik tərkib baxımından türk ulusuna daxil olduğunu göstərdi, yazılarında azərbaycanlıları milliyət fazasında gördüyünü açıqladı. Bu barədə Rəsulzadə yazırdı: “Biz Rusiya müsəlmanları milliyətdən əvvəl din cəhətinə əhəmiyyət verdik; Türkcə qəzetə çıxardıq – adına müsəlman qəzetəsi dedik, Türkcə teatrlar, operalar düzəltdik – ünvanlarını müsəlman teatrosu və müsəlman operası dedik. Məktəb açdıq, rus – müsəlman məktəbi namını verdik. Cəmiyyətlərimizin sifətləri yenə “müsəlman” kəlməsindən ibarət oldu. Halbuki elədiklərimizin hamısı türkcə olub və türk mədəniyyəsini diriltmək üçün idi. Başqaları bizə “teatr” və “persiyan” demişlər, ona da etiraz etməmişik. Bu tamamilə ondan gəlmiş ki, biz özümüzü necə ki lazımdır tanımamışıq…”
Azadlığı, müstəqilliyi əsarət və işğal altında olan xalqların nicat yolunu mütləq milli məfkurədə, demokratik fikirdə görən Rəsulzadə bu barədə yazırdı: “Özünü lüzumunca bilib də istiqlal üçün müəyyən bir ideal, məfkurə bəsləyən millət şübhəsiz ki, böyük bir qüvvə təşkil edər. Dünya xəritəsinin alacağı yeni şəklə vətəndaşlarının fədakarlığı, dövlətlərin təşkilatı və ordunun əzəməti ilə bərabər, heç şübhə yoxdur ki, aşkar və qətiyyət peyda etmiş milliyətlərin də təsiri var və olacaqdır.” Böyük ideoloqun qələmə aldığı hər bir cümlədə onun dərin yanaşma tərzi, analitik düşüncəsi, o cümlədən mənsub olduğu xalqa, millətə olan böyük sevgisi aydın hiss olunur. 
Məhəmməd Əmin bəy sadə, zəhmətsevər ailədə doğulub böyüdüyü üçün istər Cənubi Azərbaycanda mühacirətdə olduğu illərdə, istərsə də cümhuriyyətə rəhbərlik etdiyi dövrlərdə xalq və hakimiyyət arasında olan real münasibətləri mənimsəmiş, siyasi müstəvidə baş verən hadisələri duymuş və bu amillər onun gələcək dünyagörüşündə mühüm rol oynamışdır. Hələ siyasətlə məşğul olmağa yeni başladığı dönəmlərdə, daha dəqiq desək, jurnalist kimi çıxış etdiyi müddət ərzində onun mətbuat orqanlarında çap etdirdiyi silsilə məqalələr böyük ideya və fikirləri özündə ehtiva edirdi. Bir sözlə gənc Məhəmməd Əmin bəy böyük düşünür və böyük danışırdı. Bu barədə professor Solmaz Rüstəmova – Tohidi özünün “Cümhuriyyətin Azərbaycan adlandırılması və onun tarixi əhəmiyyəti” adlı kitabında yazır: “I dünya müharibəsinin gedişində “topların gurultusu ilə bərabər qopan “Millətin hüququ müqəddəsdir” nidası və “Dəhşətlərinə şahid olduğumuz böyük müharibə böyük bir həqiqəti - əsrimizin milliyət əsri olduğunu isbat etdi. Dünyanın xəritəsi dəyişəcək” - kimi müddəalar Rəsulzadənin artıq bir siyasi xadim kimi düşündüyünü və milli hərəkat qarşısında konkret tələblər qoymağa hazır olduğunu göstərir. Təsadüfi deyil ki, milliyətdən millətə keçid yolunda artıq yeni tələb kimi “Açıq söz” qəzetinin səhifələrində “milli müstəqillik və milli dövlətçilik” şüarları, “millət – özünün dövlətini yaratmaq qətiyyətini nümayiş etdirən milliyətdir” – kimi müddəalar irəli sürülür. 
Tarix boyu qəhrəmanlığı, mübarizliyi ilə öyünən bir xalqın, Qafqaz coğrafiyasında min illər boyu mövcudluğunu davam etdirən Vətənin yadelli işğalçılar tərəfindən əsarət altına alınmasına, habelə hegamon imperiyalar və nəhəng dövlətlər tərəfindən parçalanmasına qarşı çıxan, millət anlayışı olaraq “türk” və “azəri” məhvumunun kənar təsirlərə məruz qalmasını qəbul etməyən, bütün siyasi dünyagörüşü, dərin biliyi və yaradıcı təfəkkürü ilə tariximizin qaranlıq tərəfləri aydınlandırmaq üçün mübarizə aparan Məhəmməd Əmin Rəsulzadə, Azərbaycan mətbuat tarixində böyük iz qoymuşdur. Onun 1905 – ci ildə nəşr edilən “İrşad” qəzetinə redaktorluq etdiyi dövrdə çap edilən əlliyə yaxın məqaləsi, o cümlədən “Təkamül” qəzetində işıq üzü görən qırxa yaxın məqaləsi, mühacirətdə olduğu illərdə İranda yaratdığı Avropatipli ilk mətbuat orqanı olan “İrani – nov” məcmuəsində dərc edilən iki yüzdən artıq yazısı, xüsusən də “Açıq söz” qəzetində iki yüz əlli doqquz imzalı və iki yüzdən artıq imzasız məqaləsi, hesab edirəm ki, Rəsulzadə yaradıcılığının qiymətini verməyə şərait yaratdığı kimi, həm də Azərbaycan mətbuatında milli siyasi – analitik publisistikanın formalaşmasına dəyərli töhfədir. Və sevindirici haldır ki, Azərbaycan ədəbiyyatına, jurnalistikasına, milli mətbuatımızın böyük bir hissəsinə qiymətli töhfələr vermiş Məhəmməd Əmin Rəsulzadə şəxsiyyəti dövlətimizin diqqətindən kənarda qalmamışdır. Belə ki, görkəmli ideoloqun 140 illik yubileyinin qeyd olunması ilə bağlı 23 dekabr, 2023 - cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır”.
Bütün qəlbi və ruhu ilə Azərbaycana bağlı olan, Azərbaycan xalqını sevən, onların savadlanmasını, dərin elm və bilik sahibi olmasını, o cümlədən bir millətə hər şeydən daha əziz, daha doğma olan azadlıq və müstəqilliyin nəyin bahasına olursa olsun əldə edilməsini hər vəchdə söyləyən və söylədən Məhəmməd Əmin Rəsulzadə şəxsiyyətinə böyük hörmət və ehtiram hissi ilə...

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 01.07.2024 16:28