AZ EN RU

Milli həmrəyliyin təntənəsi, Böyük Qələbənin ayaq səsi- Tovuz döyüşləri

    Üç il bundan öncə, daha dəqiq desək, 2020-ci il iyulun 12-də günorta saatlarında düşmən qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində növbəti təxribatı nəticəsində başlayan və bir neçə gün davam edən döyüşlər müzəffər Ordumuzun parlaq qələbəsi ilə yekunlaşdı. 44 günlük Vətən müharibəsi öncəsi baş verən bu silahlı qarşıdurma ölkəmizdə vətəndaş həmrəyliyini, dövlət-xalq-ordu birliyini dünyaya bəyan etməklə yanaşı, qarşı tərəfin ikiüzlü, riyakar və sadalamaqla bitməyən digər mənfur sifətlərinin növbəti dəfə ifşası, məkrli planın, bədnam niyyətin fiyaskoya uğraması kimi yaddaşlara həkk olundu...

    Düşmən işğal olunmuş ərazilərdən deyil, məhz dövlət sərhədi istiqamətində  hücuma keçməklə əsl niyyətini ortaya qoydu, hansı ki həmin əraziyə yaxın yerdən Azərbaycanın əsas xarici nəqliyyat marşrutları sayılan Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Böyük İpək Yolu, Bakı-Tbilisi-Qars dəmir yolu xətti keçir. Bununla həm də Azərbaycanı dövlət sərhədindən hücuma təşviq etməklə ölkəmizin dünyada artan nüfuzuna, imicinə xələl gətirməyə, özünün əyninə biçilmiş “işğalçı donu”ndan pay tutmağa çalışan bədxahların digər bir məqsədi isə KTMT-yə üzv olan ölkələri, xüsusilə də Rusiyanı münaqişəyə cəlb etməklə öz aləmlərində nəyəsə nail olmaq idi. Lakin bu cılız təfəkkürlə qarşı tərəf nəinki istədiyini əldə edib, üzv ölkələri aldada bildi, əksinə, başını çətin çıxıla biləcək məngənəyə saldı. Çünki məsələyə məntiqlə yanaşan xarici ölkə liderləri, politoloqlar, siyasət mütəxəssisləri gözəl bilirdilər ki, əgər Azərbaycan həmin vaxt müharibə etmək fikrində olsa idi, bunu o zaman işğalda olan Qarabağ ərazisi istiqamətində edərdi, ikincisi, ordumuzun arsenalında kifayət qədər güclü texnikalar var olduğu halda, düşmənin uydurduğu kimi niyə “UAZ” markalı avtomobillə hücuma keçsin ki... Beləliklə, erməni yalanlarına, uydurmalarına qulaqları tox olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir neçə üzvü ölkəmizin haqlı mövqeyini dəstəklədi...
    Dörd gün davam edən Tovuz döyüşlərində günahsız insanları, qeyri-hərbi obyektləri, yaşayış məntəqələrimizi hədəfə alan düşmənin yalanları, təxribatları bitmək-tükənmək bilmədi. Azərbaycan Müdafiə Nazirliyi baş verən hadisələri bir-bir faktlar əsasında, ictimaiyyəti çaşdırmadan bəyan etsə də, xunta rejiminin məlum qurumları insanların başını saxta görüntülərlə, dezinformasiyalarla aldatmağa, bu yolla saysız-hesabsız itkilərini gizlətməyə çalışdılar. Lakin saatlar ötdükcə itkilərin böyüməsi yalan pərdəsinin aradan qalxmasına, özünüifşaya yol açdı. Belə ki, Edqar Qasparyan adlı erməninin “Twitter”də məhv edilən erməni əsgərinin şəklini paylaşaraq yazdığı sözlər düşmən ictimaiyyətində böyük təşviş yaratdı: “Yalanlarla dolu Ermənistan. Dünən qonşumuz Henrix Baqdasaryanın 19 yaşlı nəvəsinin meyitini gətirdilər. Bizdə niyə geri dönən yalnız əsgərlərimizin cənazəsi olmalıdır. Hakimiyyətə gəlməsi üçün gecələr belə yatmadığımız, dəstək olduğumuz Paşinyan Ermənistanı məhvə aparır”. Bu fitnəkar yoldan da əliboş, kor-peşman halda qayıdan erməni rəhbərliyi növbəti yalanlarla, guya Azərbaycanın xeyli sayda texnikasını, canlı qüvvəsini itirdiyi barədə dezinformasiyalarla öz toplumuna toxtaxtlıq verməyə cəhd göstərdi, sosial şəbəkələrdə özlərinə məxsus hərbi obyektin məhv görüntülərini müxtəlif proqramlarla Azərbaycan adı altında saxtalaşdırmağa çalışdı. Ən ikrah hissi doğuran məqam isə Ermənistan Müdafiə Nazirliyinin guya Azərbaycana məxsus 13 pilotsuz uçuş aparatının zərərsizləşdirilməsi barədə yaydığı məlumat oldu. Lakin bu informasiyanın da, həqiqətən, çox-çox uzaq olduğu aşkara çıxdı. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin heç bir uçuş aparatının itirilməməsi barədə rəsmi açıqlaması ilə yanaşı, Almaniyanın tanınmış hərbi eksperti Julian Repke “Twitter” hesabında məntiqli fikirləri ilə düşməni məsxərəyə qoydu: “Əgər pilotsuz uçuş aparatını vurduğunuzu iddia edirsinizsə, hava hücumundan müdafiə sisteminizin yönəldiyi ikimühərrikli, dar gövdəli sərnişin təyyarəsini göstərməyin...”  
    Düşmənin boş-boşuna lovğalanıb, mənasız yerə haray-həşir qoparmasından fərqli olaraq Azərbaycan rəhbərliyi, ordusu, xalqı təmkinli şəkildə, həmrəy olaraq əsl güc, qətiyyət ortaya qoydu. Belə ki, sərhəddə baş verənləri dərhal, operativ təhlil etmək məqsədilə iyulun 13-də Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi, qapalı müzakirələr aparıldı, mövcud vəziyyət təhlil olunaraq atılacaq addımlar təftiş edildi. Nəticədə, qısa zamanda qarşı tərəfin bütün cəhdlərinin qarşısı alındı, düşmənin ön xətdəki atəş nöqtələri, müdafiəsinin dərinliyində yerləşən ehtiyatlar, dayaq məntəqələri, artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi obyektlər, döyüş texnikaları və 100-dək canlı qüvvəsi məhv edildi, Azərbaycan Müdafiə Nazirliyi ictimaiyyəti cəbhədə baş verən hadisələr barədə tez-tez dolğun, dəqiq məlumatlarla təmin etdi. Böyükdən-kiçiyə hər bir azərbaycanlı dövlətimizə, ordumuza dəstəyini göstərdi, iyulun 14-dən 15-nə keçən gecə on minlərlə igid, qorxmaz gəncimiz paytaxtımızda yürüş keçirərək Azərbaycan Ordusunun yanında olduğunu nümayiş etdirdi. Nazirlər Kabinetinin iyulun 15-də keçirilmiş iclasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram” çağırışına səs verən minlərlə vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aid qurumlarına müraciət edərək cəbhəyə yollanmaq istəklərini bildirdilər, könüllü olaraq qeydiyyata düşdülər. 
    Ümumilikdə, Aprel döyüşləri və Günnüt əməliyyatından sonra Tovuz döyüşləri də Azərbaycan Ordusunun yenilməzliyini, xalqımızın mübarizliyini, həmrəyliyini, dövlətimizin siyasi qətiyyətini, iradəsini bütün dünyaya bəyan etdi. Həmin döyüşlərdə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov böyük şücaət və qəhrəmanlıq nümunəsi göstərərək şəhidlik məqamına yüksəldilər. Generalla əsgərin eyni səngərdə çiyin-çiyinə vuruşduğu Tovuz döyüşləri Azərbaycan Ordusunda illərdir, səslənən “Hamı bir nəfər, bir nəfər hamı üçün!”, “Hər şey Vətən üçün!” şüarlarının əməli təsdiqi, milli həmrəyliyin təntənəsi, 44 günlük Vətən müharibəsindən öncə Böyük Qələbənin ayaq səsi idi. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Tovuz hadisələri barədə səsləndirdiyi fikirlər həm iyul döyüşlərində, həm də bir neçə ay sonra daha yüksək səviyyədə öz məntiqi nəticəsini göstərdi: “Mən göstəriş verdim ki, hərbçilərimizin intiqamı alınmalıdır. Onların qanı yerdə qalmamalıdır və düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxartmasınlar...”

Nail ƏSGƏROV

Nəşr edilib : 11.07.2023 20:17