AZ EN RU

Milli estetik təfəkkürdə Xurşidbanu Natəvan obrazı

Tariximizdə müstəsna yeri olan görkəmli şairə Azərbaycan təsviri
incəsənətinin mərdanəlik simvoluna çevrilib

    Azərbaycan xalqının yeni tarixi prinsip etibarilə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bir nidası ilə başlayır: “Qarabağ Azərbaycandır!” Qarabağ deyəndə isə bir çox böyük şəxsiyyətlərin Vətən uğrunda mücadiləsi, mübarizələrlə dolu tərcümeyi-halları göz önünə gəlir. Artıq əsr yarımdan çox bir müddətdir ki, estetik təfəkkürümüzdə Xurşidbanu Natəvan adlı fenomenal bir şəxsiyyət yer almaqdadır. Xüsusən də müstəqillik dövrü Azərbaycan rəssamlıq sənətində Qarabağ mövzusuna, eləcə də Xurşidbanu Natəvan mövzusuna müraciət edilməsi ənənə halını almışdır və bu da təsadüfi deyildir. Əslində, Qarabağ deyəndə, ilk növbədə, yada düşən şəxsiyyətlərdən biri də Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qızı, taleyi çar tərəfindən müəyyənləşdirilən Xurşidbanu Natəvandır. Müstəqillik dövrü Azərbaycan rəssamlıq sənətində də Xurşidbanu Natəvan mövzusuna dönə-dönə müraciət olunduğunu görürük.

    Xeyirxah əməlləri və nəcibliyi ilə xalq içində çox böyük hörmət qazanmış, “Xan qızı” adı ilə tanınan görkəmli Azərbaycan şairəsi həm də çox incə dərin zövqə malik rəssam və bədii tikmə ustası olmuşdur. Rəssamlıq fəaliyyəti ilə poetik yaradıcı­lığı vəhdət təşkil edən Natəvanın bizim dövrə gəlib çatmış yaradıcılıq irsi bir o qədər çox olmasa da, onlar Azərbaycan incəsənətini yeni bədii çalarlarla zənginləşdirən sənət əsərləri kimi qəbul olunur. Xurşidbanu Natəvanın Qafqazda, o cümlədən Bakıda səfərdə olmuş böyük fransız yazıçısı Aleksandr Dümaya özünün heyrətamiz tikmələrini bağışladığı faktı da mövcuddur.

    Görkəmli şairənin rəssamlıq qabiliyyəti bir neçə cəhətdən diqqəti cəlb etməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, onun ərsəyə gətirdiyi qrafik əsərlər XIX əsr Azərbaycan təsviri sənətinin inkişaf tarixini özünəməxsus bədii xüsusiyyətlərlə yeniləşdirmək baxımından mühüm əhəmiyyətə malikdir. Bir cəhəti xüsusilə diqqət önünə çəkmək lazımdır ki, orta əsrlərdə intibah mərhələsini yaşayan Azərbaycan miniatür rəssamlığı tədricən yeni ənənələrlə zənginləşməyə başlamışdı. Bu mühüm prosesdə Naxçıvan və Şuşa rəssamlıq məktəbi nümayəndələrinin çox böyük rol oynadıqlarını xüsusilə vurğulamağı özümüzə borc bilirik. Əgər mədəniyyət paytaxtımız Şuşada cərəyan edən bədii proseslərə nəzər yetirsək, onda rəssamlığın müxtəlif sahələrində Mir Möhsün Nəvvab, Usta Qəmbər Qarabaği ilə yanaşı, Xurşidbanu Natəvanın da səmərəli fəaliyyət göstərdiyini qeyd etmək yerinə düşər. Onun ərsəyə gətirdiyi rəsm əsərləri bədii həllinə görə o dövrdə yaradılan təsviri sənət nümunələri arasında özünəməxsus yaradıcılıq tərzi və manerası ilə seçilir.    

    Qeyd etdiyimiz kimi, sevimli şairəmizin bədii yaradıcılığı həm də çoxəsrlik tarixə malik Azərbaycan təsviri sənətinin yeni bədii-estetik zövqlə yeniləşməsinə xidmət edir.  Xurşidbanu Natəvanın möhtəşəm yaradıcılıq irsinin özündə, bütövlüklə, ənənə və müasirliyi birləşdirdiyini əyani şəkildə görürük.    
    Xurşidbanu Natəvanın rəsm əsərləri, eyni zamanda bədii şərhinə görə kifayət qədər realdır. Azərbaycan poeziyasında dərin iz saldığını bənzərsiz qəzəlləri ilə özünü təsdiqləyən şairə o vaxta qədərki, milli təsviri sənətimizdə yer almış əfsanəvi obrazlar dünyasına yeni simalar gətirmək baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Onun bədii yaradıcılıq nümunələri arasında tarixi əhəmiyyətə malik digər rəsmlər də mövcuddur. Bunların arasında məşhur Şeyx Şamilin evinin və Qunib qalasının rəsmi diqqət çəkir. 

    Tanınmış şairənin Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində qorunan dörd rəsm əsəri özünün ifadəli görünüşünə və incə bədii duyumuna görə olduqca maraq doğurur. İncə zövqlü qadın olan Natəvanın muncuqlu tikmə üsulunda gözoxşayan tikmələrinin bəziləri vaxtilə dövlət muzeyləri üçün alınıb. Məişətdə istifadəsi nəzərdə tutulan həmin tikmələr Milli Azərbaycan Tarixi və Milli Azərbaycan İncəsənəti muzeylərində mühafizə olunmaqdadır. Xüsusilə vurğulamaq lazımdır ki, muncuqlarla bəzədilmiş belə nəfis tikmələrdən birini Natəvanın həyat yoldaşı Xasay xan Usmiyev 1858-ci ildə Bakıya gəlmiş böyük fransız yazıçısı Aleksandr Düma ilə görüşündən sonra qonağa hədiyyə edib. 

    Qeyd etmək yerinə düşər ki, Xurşidbanu Natəvan obrazı Azərbaycan təsviri incəsənətində rəssam və heykəltəraşların yaradıcılığında da özünü bir çox məqamlarda parlaq şəkildə göstərmişdir. Bu sırada Azərbaycan heykəltəraşlığının görkəmli nümayəndələrindən biri, Xalq rəssamı, akademik Ömər Eldarovun, heykəltəraş İmran Mehdiyevin, Azərbaycan Respublikasının Xalq rəssamı Oqtay Sadıqzadənin, Azərbaycan Respublikasının Xalq rəssamı Altay Hacıyevin adlarını çəkmək yerinə düşər. Bu rəssam və heykəltəraşlar Xurşidbanu Natəvanın yaddaqalan obrazlar qalereyasını yaratmışlar.
    Xurşidbanu Natəvanın ən maraqlı obrazlarından birini Xalq rəssamı, heykəltəraş Ömər Eldarov yaratmışdır. Bu əsərdə sənətkarın əvvəlki əsərlərinin heç birinə bənzəməyən orijinallıq və məna çalarlığı ilə seçilən cəhətlər çoxdur. Heykəltəraş çətin bir işin öhdəsindən gələrək, müsəlman qadınlarına xas olan xüsusiyyətləri gözəl, lirik şairə obrazında birləşdirərək təsvir etməyi bacarmışdır. Düşüncəli Şərq qadınını təcəssüm etdirən heykəlin hər bir cizgisi – paltarının qırışlarından tutmuş kəlağayısınadək, əlindəki qələmdən barmaqlarının vəziyyətinə qədər hər şey onu yaradıcı bir obraz, nəcib insan, milli xüsusiyyətlərə malik bir qadın kimi gözlərimizin önündə canlandırır.
    Xurşidbanu Natəvan obrazına müraciət edənlərdən biri də istedadlı heykəltəraş İmran Mehdiyevdir. Onun ən uğurlu işlərindən biri məhz Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın heykəlidir. Zəngin geyinmiş “Xan qızı”nın oturmuş vəziyyətdə hazırlanmış fiquru plastik həllinə və incəliklərinə görə fərqlənir. Müəllif bürüncdən hazırladığı bu heykəldə el arasında böyük nüfuz sahibi olan şairənin lirik-psixoloji tutumlu, yaddaqalan obrazını yaratmışdır. Əsərdə Natəvanın düşüncəli və qəmli görkə­mi onun həyatının təzadlı, ağrılı-acılı keçdiyinə bədii işarə kimi qəbul olunur. Gənc heykəltəraşın bu dəyərli sənət nümunəsi Belçikanın Waterloo şəhərindəki parkda ucaldılıb.
    Xalq rəssamı Oqtay Sadıqzadə də Xurşidbanu Natəvan obrazına müraciət edən rəssamlarımız arasında xüsusilə seçilməkdədir. Rəssam görkəm­li şairə Xurşidbanu Natəvanın portretini 1983-cü ildə yaratmışdır. Təmtəraqlı planda düşünülmüş portretdə rəssam təbii və sərbəst vəziyyətdə oturmuş Natəvanı olduqca real təsvir etməyi bacarmışdır. Obrazın üzündə zərif, incə hisslər özünü büruzə verir, üzün cizgiləri və paltarının qollarındakı haşiyənin naxışları ilə bəzənmiş əllərin zərif cizgiləri tamaşaçını valeh edir. Xurşidbanu Natəvanın baş örtüyü, geyimi, xalı və digər detallar portretə xas olan milli koloriti daha da gücləndirir. Model bir əlini üzünə söykəmiş, digər əlində isə bir qızılgül tutaraq təsvir edilmişdir. Masanın üzərində isə şairənin şeirlər kitabı görünür. Rəssam obrazını onun yaradıcılıq fəaliyyəti ilə uyğun şəkildə təsvir etməyi bacarmışdır. Şairənin mavi gözləri, bir qədər soyuq və sakit siması onun geyiminin mavi-gümüşü rənginə, rəngarəng qırçınlarına, çiyninə salınmış tirmə şalın isti rənglərinə olduqca uyğundur. Rəssam burada müasir dövrün ideallarına sadiq qalan poetik, romantik obraz yarada bilmişdir. Xüsusilə vurğulamalıyıq ki, şairənin bu portreti sırf rəssam təxəyyülünün məhsulu deyil. Natəvanın XIX əsrdən qalma yeganə fotoşəkli zəmanəmizədək gəlib çatmışdır. Oqtay Sadıqzadə Natəvanın ən xarakterik cizgilərini həmin fotodan götürərək, öz düşüncələrini, baxışlarını əlavə edərək yeni bir kompozisiya yaratmışdır.
    Xalq rəssamı Altay Hacıyevin yaradıcılığında da Xurşidbanu Natəvan mövzusu öz zəngin bədii həllini tapmışdır. İncəlik rəmzi olan bu xanımın zəngin daxili aləmini yeni-yeni rəng çalarları ilə açmağa çalışan rəssam Natəvana həsr etdiyi portretində şairənin kövrək, həssas duyğularından, şairanə dünyasından, könül çırpıntılarından xəbər verir. Altay Hacıyevin yaradıcılığında bu obraz olduqca tutumlu, öz parlaq bədii əksini tapmışdır.
    Xan qızı Natəvanın şəxsiyyətini, ictimai fəaliyyətini xalqımız və dövlətimiz həmişə yüksək qiymətləndirmiş, onun adı daim əbədiləşdirilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2022-ci il 14 mart tarixdə Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamında deyildiyi kimi: “Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür”.
    Hesab edirik ki, bundan sonra da Xurşidbanu Natəvanın bənzərsiz yaradıcılığını və ona həsr edilmiş sənət əsərləri daha da artacaq, “Xan qızı”nın böyük yaradıcılıq irsi yeni-yeni tədqiqat əsərlərində sənətşünaslıq elmi müstəvisində təhlilə cəlb olunacaqdır.

Toğrul Cəfərli
Naxçıvan Dövlət Universitetinin
Təsviri incəsənət kafedrasının müəllimi

Nəşr edilib : 25.08.2022 19:17