AZ EN RU

“Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib

    Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi istiqamətindəki misilsiz xidmətlərindən bəhs edən videoçarx nümayiş olunub.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Cəlilzadə çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev son nəfəsinədək dövlətçilik ənənələrinin möhkəm fundament üzərində qurulması, qorunub-saxlanılması və gələcək nəsillərə estafet olaraq ötürülməsinə var gücü ilə çalışmaqla xalqımızın xilaskarı, Ümummilli Lideri adını qazanmışdır. Azərbaycan bu dahi şəxsiyyətin imzasını daşıyan bir “Şah əsərə” çevrildi. Ümummilli Lider bu gün dünyaya Günəş kimi doğan, müstəqil, suveren, möhkəm dövlətçilik ənənələrinin formalaşdığı, multikultural dəyərlərin yaşadıldığı Azərbaycanın, həmrəyliyimizin banisidir!
    Qeyd olunub ki, 1993-cü il 15 iyunda hakimiyyətə qayıdışından sonra görkəmli dövlət xadimi Heydər Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması, iqtisadi islahatlar fonunda diplomatik, ikitərəfli və çoxtərəfli beynəlxalq əlaqələrin qurulması ilə Azərbaycan tarixində yeni mərhələnin əsasını qoydu. Xüsusilə də 1994-cü ildə atılan bir sıra addımlar istər siyasi, istərsə də iqtisadi sabitlik və yüksəlişin bünövrəsi hesab olunur. Ermənistanla cəbhədə əldə olunan atəşkəs, “Əsrin müqaviləsi” neft sazişinin bağlanması sadalanan proseslərin dinamik inkişafına təkan verdi. 7 ölkəni təmsil edən dünyanın 11 ən iri neft şirkəti ilə bağlanan, müdrik, uzaqgörən, gələcəyə hesablanmış “Əsrin müqaviləsi” mahiyyət etibarilə iqtisadi müqavilə olsa da, əslində, gələcəkdə Azərbaycanın aktuallığını və önəmini birə-beş artıran neft-qaz və nəqliyyat-kommunikasiya layihələrinin bünövrəsinin qoyulması və sonrakı inkişafın mühüm perspektivlərinin formalaşmasının təməl addımı hesab oluna bilər. 
    Aidə Cəlilzadə vurğulayıb ki, bu gün Azərbaycanın istər daxili siyasəti, istərsə də beynəlxalq diplomatiyada qazandığı uğurlar, böyük nüfuz, bir sözlə, iqtisadi və siyasi mövqe Heydər Əliyev siyasi irsinin layiqincə davam etdirildiyinin bariz nümunəsidir. 
    Tədbir Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin “Araz” instrumental ansamblının musiqi nömrələri ilə davam edib.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 16.06.2023 20:58