AZ EN RU

Milli-dini həmrəyliyin, mənəvi-əxlaqi kamilliyin təcəssümü – Ramazan

    Xalqımızın böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev güclü qadağaların mövcud olduğu sovet dönəmində belə digər sahələrlə yanaşı, milli dəyərlərin qorunmasına, İslam dininə məxsus olan ayinlərin yerinə yetirilməsinə ehtiramla yanaşılmasına böyük önəm verirdi. Ulu Öndər deyirdi: “Azərbaycanda İslam dini VII əsrdən yayılıb və Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edib. Bizim çoxəsrlik islam dövrü tariximiz zəngindir... İslam dini həmişə insanları saflığa, təmizliyə, ülvi mənəviyyata dəvət etmişdir. “Qurani-Kərim” insanları düzlük, mənəvi paklıq ruhunda tərbiyə edir”. 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn Ümummilli Liderimizin xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi-memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi dahi rəhbərin islami dəyərlərə ehtiramını göstərən parlaq misallardır. 

    Artıq bütün dünya 2020-ci ilin tariximizə yazdığı yeni səhifələr içərisində işğaldan azad edilmiş torpaqlarımızda mövcud olan ibadət yerlərinin vəhşicəsinə dağıdılmasını, belə müqəddəs yerlərdən digər məqsədlər üçün istifadə edilməsini bilir. Ulu Öndər Heydər Əliyevin hər bir sahədə müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin bu ünvanlarda olması, həmin obyektlərin yenidən qurularaq dindarların ixtiyarına verilməsi ilə bağlı tapşırıqları hər birimizi ürəkdən sevindirir. Artıq həmin ünvanlarda azan səsləri eşidilir. Bu, ölkəmizdə həm dini dəyərlərimizə, həm də hər bir müsəlmana göstərilən qayğının bariz ifadəsidir.
    Ümummilli Liderimizin müəyyənləşdirdiyi bu xətt bu gün muxtar respublikamızda da uğurla davam etdirilir. Qeyd edək ki, 653-cü ildə İslam dininin könüllü qəbul edildiyi Təktanrıçılığın mərkəzlərindən biri olan qədim diyarımız Naxçıvanda sağlam dini etiqad və zəngin mənəvi dəyərlər sisteminin formalaşdırılması bu günün reallığıdır. On beşinci əsrdə tərtib olunmuş “Dünyanın İslam tarixi xəritəsi”ndə də Naxçıvan İslamın ən güclü dayaqlarından olan biri kimi göstərilib.
    Naxçıvanda ibadətçilər üçün yeni məscidlər tikilir, mövcud belə ünvanlar müasir standartlar əsasında təmir edilir, müqəddəs yerlərə ziyarətlər təşkil edilir. Müstəqillik illərində muxtar respublikamızda 169 məscid tikilib və ya yenidən qurularaq dindarların ixtiyarına verilib. Nuh Peyğəmbərin türbəsi, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi və 3 imamzadə bərpa edilib. Bu gün muxtar respublika dindarları 214 məsciddən istifadə edir. 2018-ci ildə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi də bu və digər belə amillərlə bağlıdır.
    Qeyd edək ki, digər dini ayinlər kimi Ramazan ayının da islami qaydalara uyğun şəkildə keçirilməsi təmin olunub. Hətta pandemiya dövründə belə dini mərasimlərin icrası müəyyən məhdudiyyətlər nəzərə alınmaqla yerinə yetirildi, Ramazan bayramının da ayinləri məscidlərimizdə ənənəvi İslam qaydalarına uyğun şəkildə icra olundu. Bu ayda iftar süfrələrinin açılması, dindarların bir araya gətirilməsi, şəhid və qazi ailələrinə, ahıl, xəstə və kimsəsizlərə, aztəminatlı ailələrə, əcnəbi vətəndaşlara və xüsusilə də xarici ölkələrdən gələrək muxtar respublikamızda ali təhsil alan tələbələrə Ramazan sovqatlarının verilməsi müqəddəs ayinlərimizin təbliğində mühüm rol oynayır. 
    Müqəddəs Ramazan ayını müsəlmanlar “on bir ayın sultanı” da adlandırırlar. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: “Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”.
    Oruc Həzrəti Adəmdən (ə) bəri bütün peyğəmbərlərə və onların ümmətlərinə vacib buyurulmuş qədim ibadətdir. Məsələn, Həzrəti Nuh (ə) bayram günləri istisna olmaqla bütün ilboyu, Həzrəti Davud (ə) isə günaşırı oruc tutarmış. Bu barədə “Qurani-Kərim”də: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (“əl-Bəqərə”, 183) – deyə bildirilir.
    Həzrəti Peyğəmbər (s.a.v) belə buyurub: “Ramazan ayı gələndə cənnətin qapıları açılır”. Bu ibadət müsəlmanlara Uca Yaradan tərəfindən hicrətin ikinci ilində – Şaban ayının on üçündə bəxş edilib. 
    Ramazan ayı müsəlmanlar üçün çox müqəddəs və mübarək aydır. Çünki müqəddəs “Qurani-Kərim” bu ayda nazil olmağa başlayıb, Həzrəti Məhəmmədə (s.a.v) Peyğəmbərlik bəxş edilməklə İslam dini meydana gəlib. İnsanları pis əməllərdən çəkindirən və axirətdə cəhənnəm əzabından qoruyan oruc ibadətinin bu ayda vacib buyurulması “Qurani-Kərim”də də əksini tapıb: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilib. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar...” (əl-Bəqərə, 185)
    Müasir tibb elmində də orucun faydaları barədə xeyli məlumatlar var. Fransız alimi, Nobel mükafatı qazanmış Aleksi Karel məsələ ilə bağlı fikrini belə bildirmişdir: “Orucluq müddətində orqanizmdə yığılmış qida maddələri işlənir, sonra isə onların yerinə yeniləri gəlir və vücudda təzələnmə baş verir. Bu və digər baxımdan oruc sağlamlıq üçün faydalıdır”. 
    Bu məsələ ilə bağlı Rəsulullah (s.a.v) da hədislərində buyurmuşdur: “Oruc tutun ki, sağlam olasınız”. 
    Həddi-büluğa çatmış, əqli cəhətdən sağlam olan hər müsəlmana oruc vacibdir. Üzrsüz səbəbdən oruc tutmamaq günahdır və cəzası (kəffarəsi) vardır. Kəffarə bir gün bilərəkdən tutulmamış oruca görə iki ay ardıcıl oruc tutmaq və ya altmış yoxsulu doyuzdurmaqdır. Oruc tuta bilməyən əldən düşmüş və yaşlı şəxslər isə Ramazanın hər günü üçün fidyə verirlər. Fidyənin miqdarı fitrə qədərdir.
    Oruc tutmağın məqsədi dini mükəlləfiyyəti icra etməklə Allahın əmr­lərindən birini yerinə yetirməkdir. Bununla yanaşı, orucun əxlaqi və ictimai baxımdan da müəyyən fayda və hikmətləri vardır. 

“Şərq qapısı”

Nəşr edilib : 19.03.2023 17:35