AZ EN RU

“Milli dəyərlərimiz folklorumuzda” müsabiqəsinin yekun tədbiri keçirilib

    Mayın 13-də Naxçıvan Dövlət Uşaq Teatrında “Milli dəyərlərimiz folklorumuzda” adlı səhnəciklərin nümayişi müsabiqəsinin yekun tədbiri keçirilib.
    Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova açaraq bildirib ki, qədim diyarımızda xalqımızın milli mədəniyyətinin öyrənilməsi və yaşadılmasına böyük dövlət qayğısı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 9 fevral tarixli Sərəncamına uyğun olaraq muxtar diyarımızın bütün bölgələrində və Naxçıvan şəhərində vaxtaşırı ənənəvi “Xalq yaradıcılığı günləri”nin keçirilməsi bunun bariz ifadəsidir. Muxtar respublika rəhbərinin böyük diqqət və qayğısı ilə qədim diyarımızın şifahi söz sənətini özündə əks etdirən 3 cildlik “Naxçıvan folkloru antologiyası”, “Naxçıvan-Şərur el yallıları”, “Yallılar dünəndən bu günə” kitabları işıq üzü görmüş, 100-ə yaxın yallının reyestri aparılmış, yallıların DVD diski hazırlanmışdır. Bütün bunlar muxtar diyarımızda xalq yaradıcılığı nümunələrinin kütləvi şəkildə öyrənilməsi və təbliği işinə böyük töhfələr verir.
    Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və nazir­liyin tabeliyindəki Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə keçirilmiş “Milli dəyərlərimiz folklorumuzda” adlı səhnəciklərin nümayişi müsabiqəsinin təşkilində əsas məqsəd müxtəlif yaşayış məntəqələrində fəaliyyət göstərən folklor qrup və kollektivlərinin fəaliyyətinin artırılması, bölgələr üzrə xalq yaradıcılığı nümunələrinin aşkara çıxarılması və təbliğindən ibarət olub. Muxtar respublikanın rayon (şəhər) mədəniyyət şöbələrinin tabeliyindəki klub müəssisələrində fəaliyyət göstərən 12 folklor kollektivinin iştirak etdiyi müsabiqədə yalnız milli adət-ənənələri, milli dəyərləri və xalq yaradıcılığı nümunələrini özündə ehtiva edən səhnəciklər nümayiş etdirilib.
    Nazir incəsənətin bütün sahələrinin təbliğinə və yaşadılmasına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mədəniyyət işçiləri adından minnətdarlığını bildirib.
    Sonra AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, dosent Aytən Cəfərova “Folklorumuzda yaşayan mədəniyyət tariximiz” mövzusunda çıxış edib. 
    Çıxışlardan sonra müsabiqədə qalib olan kollektivlər –“Xınayaxdı mərasimi” səhnəciyi ilə I yerin qalibi Babək Rayon Mədəniyyət Sarayının “Buta” folklor qrupu, “Gəlin-qayınana səhnəciyi” ilə II yerə layiq görülmüş, Culfa Rayon Kırna Kənd Mədəniyyət Evinin “Güləbətin” folklor kollektivi və “Xınayaxdı mərasimi” səhnəciyi ilə III yeri tutmuş Şahbuz Rayon Mədəniyyət Sarayının “Salvartı” folklor kollektivi nazirliyin diplomları və “Gəlinköçürmə adəti” səhnəciyi ilə müsabiqədə fərqləndiyinə görə Ordubad Rayonunun Vənənd və Dırnıs Kənd Mədəniyyət evləri, Vələver Kənd Klubunun “Zirvə” folklor kollektivi fəxri fərmanla təltif edilib.
    Sonda qalib kollektivlərin səhnəcikləri nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 13.05.2022 19:12