AZ EN RU

Milli dəyərlərimiz ətrafında birləşən Azərbaycan gəncliyi

Ümummilli Lider Heydər Əliyevin “Bizim bugünkü gəncliyimiz sağlamdüşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir” sözləri müasir gəncliyin yoluna işıq tutur. 
Diaspor Gənclərinin Heydər Əliyevin 100 illiyinə həsr olunmuş IV Yay Düşərgəsində tanış olduğumuz, orta təhsilini Şərur rayon Kürkənd kənd tam orta məktəbində başa vuran Milana Seyidzadə ilə skayp bağlantısı yaradaraq həmsöhbət olduq. O deyir: – Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) bakalavr pilləsinin ikinci kursunda Avropa ölkəsindəki təhsil sistemi ilə tanış olmaq üçün Erasmus Mundus tələbə mübadilə proqramı ilə 6 aylıq Rumıniyaya getməyi qərara aldım. 2018-2020-ci illərdə ilk magistr təhsilimi Latviya Universitetinin İngilis dili üzrə Lingvistika bölməsində almışam. Sonra daha spesifik bir sahə seçərək 2020-2023-cü illərdə ikinci magistr təhsilimi Uşaq təlim-tərbiyəsi, uşaqlara dilin oyun və oyuncaq vasitəsilə öyrədilməsi və Uşaq Hüquqları üzrə 3 fərqli ölkədə, İspaniya, Portuqaliya və Türkiyədə tamamladıqdan sonra ikinci magistr təhsilinə davam edib, Avropa Birliyinin 50 min avro dəyərindəki təqaüd proqramını seçdim. Uzun illər dövlət və özəl müəssisələrdə ingilis dili müəllimi olaraq fəaliyyət göstərmişəm və hazırda Portuqaliyanın yerli şirkətlərindən birində marketinq mütəxəssisi olaraq çalışıram. Müsahibimin sözlərinə görə, istər Latviya, istərsə də Portuqaliyada vətənini sevən hər bir kəs milli adət-ənənələrə uyğun olaraq bayramlar keçirir, Azərbaycan adət-ənənələrini, rəqsini, milli mətbəxini yaşadığı ölkədə tanıtmağa çalışır. Portuqaliyaya nəzərən Latviyada yaşayan həmyerlilərimiz say cəhətdən üstünlük təşkil etdiyinə görə, eyni zamanda Riqada Azərbaycan səfirliyi olduğuna görə bayramlarımız daha təmtəraqlı qeyd olunur. 
Ötən aylarda Diaspora Gənclərinin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş IV Yay Düşərgəsinin Naxçıvanda keçirildiyini eşidəndə çox sevindim. Düşündüm ki, uzun illər bu doğma şəhərdə yaşadığım üçün və uşaqlıq illərimin əksər xatirələri bu şəhərlə bağlı olduğu üçün bu düşərgədə iştirak etməliyəm. Bir həftəlik düşərgə zamanı əvvəllər gəzib-gördüyüm doğma yerləri yenidən gördüm, diaspor tərəfindən təşkil olunmuş elmi, mədəni, sosial və siyasi panellərdə iştirak edib yeni biliklər əldə etdim, eyni zamanda dünyanın 50 ölkəsindən düşərgəyə qatılan 120 nəfər gənclə tanış olub yeni dostlar qazandım. Belə tədbirlərin həyata keçirilməsi gəncliyimizin həmrəyliyinin göstəricisidir. Harada olmağımızdan asılı olmayaraq, hər birimiz vətənimiz üçün çalışırıq. Uşaqlığımın keçdiyi bu şəhərin havası, suyu, hər bir qarış torpağı, insanları mənə çox doğmadır. İnsan xaricdə yaşayarkən ölkəsinə daim həsrət hissi duyur. Qısa müddət olsa da, 1 həftə ərzində milli auranı hiss etmək mənə çox yaxşı təsir etdi. 
Müsahibim bugünkü gəncliyə səslənərək deyir: – Arzularını gerçəkləşdirmək üçün qarşılarına məqsəd qoyub və o məqsədə çatmaq üçün həvəslə addımlasınlar. İllər öncə Naxçıvanın balaca bir kəndində məktəbə gedərkən ağlıma da gəlməzdi ki, bir gün bu şəhərə Portuqaliyadan öz ölkəmi təmsil edən gənc vətəndaş kimi dəvət olunacağam. Əlbəttə, həyatda çətinliklər daim olur, amma hər çətin yolun sonunda layiq olduğumuz və gələcəyə açılan işıqlı bir qapı olduğunu unutmasınlar. Mənə görə, insanın özünü cəmiyyətə yararlı bir şəxsiyyət kimi formalaşdırması üçün təhsil ən əsas rol oynayan ünsürlərdəndir. İndiki dövrdə də bunun ən yaxşı yolu təhsil vasitəsilə özümüzü inkişaf etdirməkdir. Və təbii ki, buna yardım edən digər bir amil də bacaracağına inanmaqdır. Gənclər çalışmalıdır ki, öz üfüqlərini genişləndirsinlər. Verilən vasitələri uğura çevirmək bizim əlimizdədir. Günümüzdə internetin və texnologiyanın təkamülü ilə artıq istənilən vaxt bir cəhdlə sonsuz informasiya əldə etmək, uzaq məsafələrdəki insanlarla əlaqə saxlamaq imkanımız var. Mən zamanla bütün problemlərin öhdəsindən gəlsəm də, tək çətinliyim ailəmdən və Vətənimdən uzaq olmaqdır. 
Sonda gəncimiz əlavə etdi: – Xaricdə yaşadığım müddətdə öyrəndiklərimlə ölkəmə xidmət etmək üçün layihələr hazırlayıram və eyni zamanda elmi araşdırmalar edirəm. Hazırda magistr diplom müdafiəm üçün Azərbaycan və Portuqaliya arasında etdiyim müqayisəli araşdırmanı məqalə halına salıb elektron şəkildə yayımlamaq üçün çalışıram.
Dövlət gənclər siyasəti uğurla davam etdirilir. Ölkəmizdə müasir gəncliyin inkişafına göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, gənclərimizin səsi ölkə hüdudlarından kənardan da gəlir. 

Bülbül Quliyeva

Nəşr edilib : 02.02.2024 16:33