AZ EN RU

Milli atributumuz olan manata hörmətlə yanaşaq

    Azərbaycan Respublikası bütün dövrlərdə öz rəmzlərinə və atributlarına sahib bir dövlət kimi tanınıb. Atributlar dövlətlərin dünya sferasında tanınması üçün mühüm önəmə sahib dəyərləri özündə ifadə edir. Bayrağımız, gerbimiz və himnimiz kimi milli valyutamız olan manatı da bir atribut kimi görməliyik. 

    Min illər bundan öncə Azərbaycan torpaqlarında başlayan pul siyasəti əsrlərin süzgəcindən keçərək bu gün müstəqil və müasir Azərbaycan dövlətində uğurla davam etdirilməkdədir. Milli əskinasların hər biri ayrı-ayrılıqda öz üzərinə götürdüyü mədəniyyət, ədəbiyyat, tarix, Qarabağ, təhsil, iqtisadiyyat, müasirlik və zəfər kimi missiyaları uğurla təbliğ etməkdədir. Bir manatın üzərində əks olunan tar, kamança, dəf təsvirləri və himnimizin həkk olunmuş musiqisinin notları, sözsüz ki, mədəniyyətimizin carçısı olmaqla dünya dövlətləri və xalqları içərisində Azərbaycan xalqını təmsil etməkdədir. Pul kağız olsa da, üzərində əks olunan bu əvəzsiz dəyərlər min illər Azərbaycan xalqının sahib çıxdığı, günümüzə qədər gətirib çıxardığı və bu gün mühafizə etdiyi çox önəmli mirasdır. 
    Gündəlik həyatımızın bütün sahələrini əhatə edən, amma təəssüf ki, bəzi vətəndaşlar tərəfindən “qayğı” nöqteyi-nəzərindən diqqətdən kənar qalan milli valyutamız olan manat düzgün istifadə qaydalarına əməl edilməməsi nəticəsində tədavüldə olduğu müddətdə tez bir şəkildə yararsız vəziyyətə düşür. Yararsız vəziyyətə düşən manatın istifadəsinin mümkünsüzlüyü hər bir manat üçün sahib olduğu dəyərdən artıq sərf edilən vəsaitdə itirir. Manatımızı düzgün istifadə etməklə milli-mənəvi dəyərlərimizin təbliğatçısının yerinə yetirdiyi missiyaya dəstək olmaqla yanaşı, iqtisadiyyatımıza da dəstək olarıq. Azərbaycan Respublikasının Mərkəzi Bankı manatın dizayn və tərtibatının yüksək səviyyədə aparılması, manatın mühafizə sistemlərinin təhlükəsizlik səviyyəsinin yüksək olması üçün istehsalını xarici dövlətlərdə peşəkar qurumlarda həyata keçirməkdədir. Manatın istehsalına xərclənən vəsaitin itkisinin qarşısını maksimum səviyyədə almaq manatı düzgün bir şəkildə mühafizə etməklə birbaşa əlaqəlidir. Milli valyutamızı pul kisələrində saxlamaq, üzərinə hər hansı yazılar yazmamaq, cırmamaq, səliqəli istifadə etmək, digər kənar təsirlərdən qorumaq vicdani məsuliyyətimiz olmalıdır. Xüsusilə də manatı toplu şəkildə səpələmək qəbuledilməzdir. İstifadə qaydalarına riayət olunmaması nəticəsində təkcə 2021-ci il ərzində muxtar respublikada 695 303 ədəd 1 manatlıq, 245 568 ədəd 5 manatlıq, 77 060 ədəd 10 manatlıq, 170 358 ədəd 20 manatlıq, 85 014 ədəd 50 manatlıq, 13 469 ədəd 100 manatlıq və 35 ədəd 200 manatlıq əskinas yararsız kimi qəbul edilmiş və ümumi məbləği 11 705 503 manat olan vəsait dövriyyədən kənarlaşdırılmışdır. Nəticədə, bu qədər əskinasın hazırlanmasına xərclənmiş vəsait itirilmiş olur və dövriyyədə yaranan kəsirlərin yerinin doldurulması üçün əlavə vəsait cəlb olunur ki, bu da xərclərin artmasına gətirib çıxarır. Vətəndaşlarımız həssas olmalı və ətrafdakı insanları bu cür halların olmaması üçün məlumatlandırmalıdır. Bu sahədə həssas yanaşma sonrakı dövrlərdə öz müsbət nəticələrini göstərəcəkdir.

Nahid ƏLİYEV
Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin hüquqşünası

Nəşr edilib : 03.03.2022 20:37