AZ EN RU

Mikayıl Mirzəni sevindirən, Bəxtiyar Vahabzadəni ağladan uşaq...

Sərhəd hərəkatından 34 il ötür

Bu yaxınlarda sərhəd hərəkatı ilə bağlı bir yazı hazırlamaq üçün dost-tanışdan mənə o dövrün hadisələrini əks etdirən maraqlı bir fotoşəkil tapmağı xahiş etmişdim. Düzdür, indiyədək mətbuatda və ya sosial şəbəkələrdə həmin proseslərə aid bir çox fotoşəkilləri görmüşdüm, ancaq mən növbəti yazım üçün, necə deyərlər, gün üzünə çıxmayan bir şəkil axtarırdım. Nəhayət, belə bir fotoşəkli aldım. Təbii ki, fotoşəkil peşəkarcasına çəkilməmişdi, hətta fotonun Araz çayının kənarında çəkildiyini də ayırd etmək mümkün deyildi. Amma əsas diqqətimi çəkən ortayaşlı insanların olduğu fotokadrda bir yeniyetmənin də olması idi. Təxminən 11-12 yaşlarında bu uşağın qışın ən soyuq vaxtlarında Araz kənarında hərəkatçılarla birgə olması nədənsə məndə çox maraq oyatdı. Əslində burada qeyri-adi bir şey baş verməmişdi. Həmin dövrdə çox uşaqlar qohum-qardaşa, tanış-bilişə qoşulub sərhədə gedə və hadisələrin iştirakçısına çevrilə bilərdi. Əslində belə uşaqlar da az olmamışdı. Amma nədənsə bu fotoşəkildəki uşaq mənə daha fərqli təsir bağışlamışdı və tezliklə onu axtarıb tapmalıydım. Bəli, düşüncələrim məni yanıltmamışdı. Elə ilk görüşümüzdə də həmin uşağın həqiqətən də digərlərindən fərqli olduğu yəqinliyini qəbul edirəm. Zarafat deyildi, həmin dövrdə sərhəddəki insanları bir anın içində ruhlandırmağı, onlara mənəvi güc bəxş etməyi bacaran həmin uşaq təbii ki digər yaşıdlarından fərqlənirdi və bu bacarığı onun qısa müddətdə Azərbaycanın ən tanınmış insanları, xüsusilə dahi Heydər Əliyevlə görüşməsinə imkan verəcəkdi. Amma mənim üçün söhbətin digər maraqlı tərəfi həmsöhbətimin həm də hazırda bizim həmkarımız olması idi. Və bu söhbətə qədər, etiraf edim ki, bunu bilmirdim. Beləliklə, müsahibim Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Ramil Sadiqovdur.

         Ramil müəllim xoş gördük sizi. Fotoşəkildən yola çıxaraq sizi axtarıb tapmaq elə də çətin olmadı. Etiraf edim ki, culfalılar bu sahədə köməyimə çatdı. Demək ki, o zaman sizi çoxları tanıyıb.

– Biz də sizi xoş gördük. Bəli, o fotoşəkildəki yeniyetmə mənəm, o zaman 13 yaşım vardı.

Siz həmin gün təsadüfən ora getmişdiniz, yoxsa tez-tez olurdunuz Araz sahilində?

– Yox, mən demək olar ki, tez-tez sərhəd kənarında olurdum. Həm də tək mən yox, digər culfalılar da. Bildiyiniz kimi sərhəd hərəkatı Azərbaycanda ilk dəfə Naxçıvanda başlamışdı və həmin hadisələr də daha çox sərhədyanı ərazilərdə, daha doğrusu, sərhədə ən yaxın yaşayış məntəqələrində baş verirdi. Culfa şəhəri də bu tarixi prosesdə ən öndə gedən yerlərdən biri idi.

Ümumiyyətlə, necə xatırlayırsınız həmin hərəkat dövrünü?

Qeyd edim ki, sərhəd hərəkatı başlayan gündən hər kəs ümumi həmrəylik göstərərək keçirilən mitinqlərdə bigə iştirak edir, şüarlar səsləndirir, Arazın bu tayından o tayına müxtəlif ismarıclar göndərirdilər. Culfa şəhərində el arasında “panel binalar” deyilən məhəllə var, həmin məhəllə sərhədə ən yaxın yaşayış ərazisi idi, burada mikrofonlar qurulur, tədbirlər keçirilirdi. Səsgücləndirici ilə deyilən hər bir fikir Arazın o tayındakı culfalılara asanlıqla çatırdı. Məni isə bu hərəkata bağlayan əsl səbəb həmin tədbirlərdə gözəl şeir deməyim idi.

Yəni, şeirlər deyirdiniz?

– Bilirsiniz, həmin dövr milli hərəkatın oyandığı dövrlər idi. Hər kəs Azərbaycanın müstəqil olmasını istəyirdi. 70 illik sovet rejimindən sonra xalq öz azadlığını, müstəqil fikirlərini ortaya qoymağa başlamışdı. Mənim o dövrdə həmin tədbirlərdə ən çox səsləndirdiyim Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması idi. Bu poema məğzinə görə bir xalqın iki yerə bölünməsindən bəhs edir, buna görə də poemanı bədii qiraətlə, intonasiya ilə deməyim hər kəsin diqqətini cəlb edirdi. Həm bu taydan, həm də o taydan poemanı diqqətlə dinləyirdilər. Bunun üçün Arazın kənarında mikrofonlar və səsgücləndiricilər də qoyulmuşdu.

Yəqin ki, ədəbiyyata kiçik yaşlarınızdan marağınız olub. Bir də axı “Gülüstan” poeması da az deyil.

– “Gülüstan” poeması 50 bənddir. Ədəbiyyata gəldikdə isə bu marağı məndə rəhmətlik atam oyatmışdı.

Ədəbiyyatçı idi atanız?

– Yox, o ixtisasca feldşer idi. Amma ədəbiyyata böyük sevgisi var idi. Həmişə şeiri intonasiya ilə deməyi mənə tövsiyə edirdi. Bəzən dəqiqələrlə mənim şeir deməyimə qulaq asar, yol verdiyim yanlışlıqlara anında müdaxilə edərdi.

Düşünürəm ki, bu poemanın həmin dövrdə insanlara böyük təsiri olardı.

– Eyni ilə. Poema oradakılara elə təsir edərdi ki, alqış sədasından qulaq tutulardı. Bu qurtarandan sonra Məmməd Arazdan, Xəlil Rzadan şeirlər deyirdim.

Beləliklə, hər kəs sizi “şeir deyən uşaq” kimi tanımağa başladı.

– Bəli, artıq elə bir vəziyyət yaranmışdı ki, insanlar toplaşan kimi hər kəsin gözü məni axtarırdı. Təbii ki, özüm də bundan ruhlanırdım. Şeiri qurtaran kimi Arazın hər iki tayından alqış sədaları qalxırdı.

Bir də fotoşəkildə diqqətimi çəkdi, başınızda bir papaq var idi. Həmin vaxtlar çox adam həmin papaqdan qoyurdu.

– Bəli, həmin papaq quzu dərisindən idi. Onu atam Culfanın kəndlərindən birindən almışdı, əldə tikilmiş papaq idi. Formasına görə milli papaq idi, doğru qeyd etdiniz ki, həmin vaxt o papaqlar dəbdə idi. Proses olaraq hər şey milliliyə doğru gedirdi və bu amil geyimlərdə də öz əksini tapırdı.

Sərhəddəki məftillərin sökülməsini necə xatırlayırsınız?

– Yaxşı xatırlayıram. Yenə çoxsaylı insanlar, hər kəsin əlində balta, kəlbətin və yaxud fərqli bir kəsici alət, hamı həmin anı gözləyirdi. Bir...iki.. üç deyəndən sonra hər kəs məftillərin üzərinə hücum çəkdi. Günorta saatları idi. Dəqiq xatırlayıramsa, 1989-cu il dekabrın 31-i təxminən gündüz saat 12-nin yarısı idi. Rus əsgərləri də bizdən irəlidə, əllərində silahları, yanlarında itləri dayanmışdılar. Amma onlar məftil çəkilən xəttin o tərəfində idilər. Hər halda razılıq olmuşdu ki, qarşıdurma yaranmasın.

O zaman deyə bilərik ki, “Gülüstan” poeması sizi çox insanlara tanıtdı.

– Bəli. Demək, bu proseslərin getdiyi zaman mən poemanın müəllifi Bəxtiyar Vahabzadəyə bir məktub yazmışdım. Məktubda özüm haqqında məlumat vermişdim. Qeyd etmişdim ki, sizin “Gülüstan” poemanızı hər kəs sevir. Araz çayının sahilində bu poemanı səsləndirəndə hər kəs alqışlayır filan. Bəxtiyar Vahabzadə də bir az sonra bu məktuba cavab yazmışdı, məktubun da içərisində Bakıdakı ev ünvanını və telefon nömrəsini qeyd etmişdi. Bildirmişdi ki, nə vaxt Bakıya yolun düşsə bizə gələrsən səninlə görüşüm. Elə oldu ki, 1990-cı ildə, artıq sərhədlər açılmışdı, atamın işi ilə əlaqədar birgə Bakıya getməli olduq. Və Bakıda atam zəng elədi Bəxtiyar müəllimə, dedi ki, gəlmişik. O da bizi evinə dəvət elədi. Getdik, bizi çox xoş, gülərüzlə qarşıladı. İlk söhbətimiz sərhəddəki vəziyyətlə bağlı oldu. Burada onu da qeyd edim ki, həmin dövrdə informasiyalar indiki kimi əlçatan deyildi. Yəni televiziyadan, mətbuatdan hər xəbəri ala bilmirdin. Bəxtiyar müəllim ilk olaraq sərhədin necə açılmasını xəbər aldı. Atam başladı bu haqda məlumat verməyə, burada səsləndirilən şüarlardan, çadırların qurulmasından, hər iki tərəfdən qohum-əqrəbalarını axtaranlardan danışdı. Atam danışdıqca Bəxtiyar Vahabzadə çox kövrəlmişdi. Sonra birdən qayıtdı ki, orada şeir deyən bu uşaq idi hə? Cavab verdim ki, bəli, mən idim. Dedi ki, “Gülüstan”dan bir-iki kuplet de, qulaq asım sənə. Atam da dedi ki, Bəxtiyar müəllim o qədər uzaq yolu əziyyət çəkib Naxçıvandan gəlmişik, deyirsə, qoy el hamısını desin. Bəxtiyar Vahabzadə gülümsədi və əli ilə işarə etdi ki, başla. Deməli, ayağa qalxdım, çünki alışmışdım, oturduğum yerdə şeir deyə bilmirdim. Başladım poemanı yüksək səslə, əl hərəkətləri ilə deməyə. Şeir dediyim yer Bəxtiyar Vahabzadənin iş otağı idi. Otaqdakı rəflərdə xeyli kitablar var idi. Bir də gördüm şeir dediyim yerdə Bəxtiyar müəllimin ailə üzvləri hamısı gəlib qapının astanasında mənə qulaq asırlar. Gözüm sataşdı ki, mən poemanı səsləndirdikcə Bəxtiyar Vahabzadənin də gözləri yenidən dolur. Nə isə, bunu dedim qurtardım. Bəxtiyar müəllim ayağa qalxdı yaxınlaşıb üzümdən öpdü və əlini uzadıb rəfdən bir kitab götürdü – “Gəlin açıq danışaq”.

Üzü açıq çəhrayı rəngli kitab idi, o illərdə yeni çıxmışdı.

– Bəli, çəhrayı rəngli. Sonra kitabı götürdü və başdakı ilk səhifəni açıb belə bir cümlə yazdı: “Millətimizə layiq kişi olasan”. Aşağı hissədə də tarixini qeyd edərək adını yazdı.

Atam da ayağa qalxdı və dedi ki, Bəxtiyar müəllim biz də sizə bir hədiyyə gətirmişik. Sonra götürdüyümüz çantanın içərisindən taxtadan düzəldilmiş bir qutu çıxartdı. Qutunun da içərisində sərhəddən kəsib götürdüyümüz iki ədəd, təxminən 15-20 santimetr uzunluğunda məftili Bəxtiyar müəllimə tərəf uzatdı. Bəxtiyar müəllim bunu görəndə... yenidən kövrəldi...Vallah həmin anı təsvir edəcək sözləri tapmaqda çətinlik çəkirəm. Nə isə sonra bir az söhbətləşdik, oradan, buradan. Öyrəndim ki, tanınmış şairimiz göndərdiyim məktubu və Araz sahilində şeir dediyim zaman çəkilən fotoşəklimi Ədəbiyyat Muzeyinə hədiyyə edib.

Ramil müəllim, Ulu Öndərlə ilk görüşünüz necə olub?

– Mənim Ümummilli Liderimiz Heydər Əliyevlə ilk görüşüm rəhmətlik Xəlil Rza və Mikayıl Mirzə Naxçıvana gələndə olub. Həmin vaxt həm şəhidlər xiyabanında şeir demişəm, həm də Naxçıvan Dövlət Milli Dram Teatrının binasında bir görüş keçirilirdi, tam xatırlamıram görüş nə ilə bağlı idi. Həm də o görüşdə şeir deməli olmuşdum. Şeir qurtarandan sonra zaldan elə bil alqış qopdu ki, Mikayıl Mirzə yerindən qalxıb gəlib məni səhnədə qucaqlayıb öpdü. Tədbirdən sonra Ulu Öndər adəti üzrə səhnə arxasına keçib Mikayıl Mirzə və Xəlil Rza ilə görüşəndən sonra əlini uzadıb mənimlə də görüşdü və məni yerimdə döndərərək əllərini arxadan çiynimə qoyub xeyli təriflədi və başladı kollektivlə söhbət etməyə. Həmin kadrlar yəqin ki, Naxçıvan Televiziyasının arxivində qalır. Yəni artıq Ulu Öndər Heydər Əliyev də məni şeir deyən uşaq kimi tanıyırdı. Həmin görüşdə həm Ümummilli Liderimiz, həm də Mikayıl Mirzə haqqımda çox xoş sözlər dedilər, mənə uğurlar arzuladılar. Yaxşı yadımdadır ki, həmin dövrdə Naxçıvanda keçirilən bir çox tədbirlərə məni dəvət edirdilər və mən də şeirlər deyirdim.

Amma nədənsə, sonra bu yolu davam etdirmədiniz?

– Hə, sonradan mən ingilis dili üzrə ali təhsil aldım və fəaliyyətimi fərqli sahədə davam etdirdim. Amma bütün bunlarla yanaşı, şeirə, poeziyaya həvəsim mənim uşaqlıq dövrümdə bu cür maraqlı xatirələrin yaranmasına səbəb olub.

Çox sağ olun müsahibə üçün.

– Sağ olun.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 31.12.2023 10:50