AZ EN RU

“Microsoft” korporasiyası tərəfindən keçirilən vebinarlar davam edir

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazir­liyinin təşkilatçılığı ilə “Microsoft” korporasiyasının Azərbaycan nümayəndəliyi tərəfindən Naxçıvan Dövlət Texniki Kollecində tələbələrə “Robotic Process Automation – tez-tez təkrar olunan işlərin tam və ya qismən avtomatlaşdırılması”, “Hibrid həllərin tətbiqi”, “Süni intellektin sənayedə tətbiqi” mövzularında vebinar keçirilib.
    Əvvəlcə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov giriş sözü ilə çıxış edərək tədbirin mahiyyəti haqqında ətraflı məlumat verib. Rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimaliyev rabitə və yeni texnologiyalar sahəsinə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində yeni texnologiyalar geniş tətbiq olunur, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi, əhalinin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanlarının yaxşılaşdırılması, mobil rabitə xidmətinin əhatə dairəsinin genişləndirilməsi diqqətdə saxlanılır.
    Vebinarda “Microsoft” korporasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri, Amerika Ticarət Palatasının Rəqəmsal Texnologiyalar və İnnovasiyalar komitəsinin sədri, Azərbaycan Sahibkarlar Konfederasiyasının İnnovasiyalar və Rəqəmsal Həllər komissiyasının üzvü Qaçay Mirzəyev dünyanın ən qabaqcıl texnologiyalarının tətbiqindən bəhs edib.
    Təlimdə  kompüterdə və digər sistemlərdə tez-tez təkrar olunan tapşırıqların 60 faizini avtomatlaşdırmaq və bunun zamana qənaət etmək, daha səmərəli işləmək imkanı olması kimi üstünlükləri diqqətə çatdırılıb.
    Vurğulanıb ki, “Microsoft” korporasiyasının əksər həllərini hibrid rejimdə istifadə etmək mümkündür. Bu zaman cari infrastruktura yatırılmış sərmayələri daha səmərəli istifadə etməklə müasir bulud həllərinin təqdim etdiyi üstünlüklərdən də faydalanmaq olar. 
    Təlimçi süni intellekt haqqında məlumat verərək diqqətə çatdırıb ki, hazırda bu sistem dünyanın bir çox ölkəsində, müxtəlif sahələrdə və müxtəlif problemlərin həlli üçün tətbiq olunur. Tibbi diaqnozların qoyulmasından başlayaraq robotların idarəsi, trade platformaları, insan resurslarının idarə olunması, özünü idarə edən maşınlar və insan təhlükəsizliyi kimi sahələrdə süni intellektin tətbiqinə rast gəlmək olar. Cüzi və ya insan faktoru olmadan süni intellekt sistemləri və maşın öyrənməsi vasitəsilə proseslərin qərar qəbul edilməsinin avtomatlaşdırılması bir çox sahələrdə tətbiq olunur.
    Bildirilib ki, süni intellekt dayanmadan inkişaf edən sahələrdəndir və növbəti  onillikdə bu texnologiya dünyanı, iqtisadiyyatı, bir sözlə, bütün xidmətləri və peşələri dəyişə bilər. Bu yeniliyin gətirdiyi mənfi və müsbət tərəfləri araşdırmaq, asanlaşdırmaq və idarə etmək isə hazırda cəmiyyətin ən vacib mövzularından biri olaraq qalır.
    Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
  

  Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.02.2022 19:49