AZ EN RU

Məzunlarını nurlu sabahlara aparan elm, təhsil məbədgahı nailiyyətləri ilə ilk sıradadır

    Mənə doğma olan bu küçələrdən, səkilərdən, yollardan, qarşısında qayğısız şagirdi kimi yox, onun elmindən bəhrələnmiş jurnalist kimi dayandığım bu binadan beş ildir ki, ayrılmışam. Amma heç zaman köhnəlməyən, unudulmayan xatirələri ömür kitabımda daim vərəqlənir. Sanki dünən yaşamışam bu hissləri... əynimdə səliqəli forma, əlimdə bir dəstə çiçək, valideynlərimin əlindən tutub bir ünvana tələsirəm... A məktəb yolları, məktəb yolları, səndə neçə günlərin, ayların, illərin xatirəsi var. Doğma məktəb, əziz müəllimlərim sizdə minlərlə fidanların, şagirdlərin zəhməti, alın təri var... Ancaq o illərdən çox fərqlidir bu görüş, bu dəfə parta arxasında əyləşib dərs danışmağa yox, gələcəyimizə nur çiləyən şagirdlərlə, tələbə adını qazanmış gənclərlə, təbaşirdən çıxan o tozlarla saçına nur çəkmiş müəllimlərlə söhbət etməyə gəlmişəm. Bir sözlə, qəbul göstəricilərinə görə muxtar diyarımızın ümumtəhsil məktəbləri içərisində birincilik əldə edən bu elm məbədgahından – Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdən danışmağa gəlmişəm. Sevincliyəm, axı mən də bir zamanlar bu məktəbin şagirdi olmuşam...

    Məktəbin həyətində olarkən bir zamanlar mənə dərs demiş müəllimlərimlə salamlaşıb hal-əhval tuturam, gəlişimizin məqsədini izah edirəm. Ayaqüstü söhbətdən sonra məktəb binasında bizi təhsil müəssisəsinin direktoru, ömrünün 40 ilə yaxın bir dövrünü Vətənimizin nurlu gənclərinə təlim-tərbiyə verməyə, şagirdlərinə bilik öyrətməyə, mənəviyyat aşılamağa həsr etmiş Tahirə Qasımova qarşılayır. Tahirə müəllim bizimlə söhbət zamanı ilk olaraq təhsil sistemində əsas məsələ sayılan pedaqoji münasibət mövzusuna toxunaraq diqqətə çatdırır ki, şagirdlər vaxtlarının çox hissəsini məktəbdə müəllimləri və sinif yoldaşları ilə keçirirlər. Bildiyiniz kimi, müəllim şagirdlər üzərində əhəmiyyətli nüfuza malik olduğundan müəllim-şagird münasibətləri digər münasibət növlərinə görə təhsilin keyfiyyətinə və şagirdlərin fərdi, mədəni inkişafına daha çox təsir edir. Yaxşı bir müəllimi olan uşaqların özünəinam duyğusu artır, dərs zamanı fəal olur, həm təhsil müəssisəsinə, həm də sinif yoldaşlarına qarşı daha humanist davranır. Lakin səriştəsiz müəllimə sahib şagirdlərin özlərinə inamı və öyrənmə səviyyələri aşağı düşür. Əslində, yaxşı, pis müəllim və yaxşı, pis şagird anlayışı yoxdur, sadəcə, düzgün ünsiyyət qura bilməyən şagird və kommunikativ bacarıqlarını inkişaf etdirməmiş müəllim vardır. Yəni burada inkişafa ehtiyacı olan tərəf, sadəcə, onların bir-birinə olan yanaşmasıdır. Bu səbəblə müəllim-şagird arasında qarşılıqlı inam-dəyər-ünsiyyət-sevgi-hörmətə söykənən münasibətlər qurmaq çox vacibdir. Təvazökarlıqdan bir az uzaq olsa da, düşünürəm ki, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin pedaqoji kollektivi buna nail ola bilib. Bunu hər il əldə etdiyimiz yaxşı nəticələrdə də görmək mümkündür. 
    Tahirə müəllim təhsil ocağının tarixinə də qısaca nəzər salır: – Afiyəddin Cəlilov adına 12 nömrəli tam orta məktəb 1986-cı ildə istifadəyə verilib. Ətraflı yenidənqurma, tikinti və abadlıq işləri isə 2011-ci ildə həyata keçirilib. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada 56 sinif otağı, 3 kompüter otağı, 4 elektron lövhəli sinif, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, akt zalı, idman zalı, zəngin kitabxana və digər otaqlar yerləşir. Ümumilikdə, 1360 şagird yerlik məktəbdə, hazırda 1072 şagird təhsil alır və onların təlim tərbiyəsi ilə 96 müəllim məşğul olur. Pedaqoji kollektivimizdən bir müəllim dövlətimizin diqqəti ilə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına, bir müəllimimiz “Tərəqqi” medalına, iki müəllim “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” adına layiq görülüb. 
    Direktor məktəbin bu illər ərzində əldə etdiyi uğurlardan söhbət açır. Diqqətə çatdırır ki, 2012-ci ildən 2023-cü ilədək məktəbimizdə 5 “Gümüş” və 5 “Qızıl” nişana layiq görülən məzunlarımız olub. Bu nailiyyətlərin davamı kimi, bu il də məktəbimizi bitirən 63 məzundan 58-i keçirilən qəbul imtahanlarında iştirak etmiş, onlardan 3 nəfər 600-700 bal, 13 nəfəri 500-700 bal intervalında nəticə göstərmişdir. Həmin məzunlardan yüksək nəticə toplamış Elnar Əhmədli “Gümüş” nişana, Süleyman Məmmədli və Qəzənfər Babayev fərqlənmə attestatına layiq görülüblər. Hətta məzunlarımız içərisində xarici ölkələrdə təhsil almaq imkanı əldə edənlər də var. Belə ki, məzunlarımızdan biri SAT imtahanında iştirak edərək yüksək nəticə göstərib və Almaniyanın Constructor Universitetində Kompüter elmləri fakültəsinə daxil olub. Dörd məzunumuz isə YÖS imtahanında iştirak edərək qardaş Türkiyə Respublikasının universitetlərində ali təhsil almaq imkanı əldə edib. Bir məqamı da diqqətə çatdırım ki, məzunlarımız müxtəlif intellektual yarışlarda da mütəmadi olaraq iştirak ediblər. Şagirdlərimizdən Emil Nabatov riyaziyyat fənni üzrə maksimum nəticə olan 300 baldan 275 bal, Elnar Əhmədov tarix fənnindən 266 bal, Candaş Məmmədov isə kimya fənnindən 257 bal nəticə qazanmaqla məktəbimizi uğurla təmsil ediblər. Bütün bu uğurların qazanılmasında isə, təbii ki, təhsil müəssisəmizin savadlı, peşəkar müəllim kollektivinin böyük rolu vardır. İnanırıq ki, bu nailiyyətlərimizi növbəti illərdə də davam etdirəcəyik. 
    Söhbətimizə adıçəkilən uğurlu məzunlarımızı ən təməlindən, məktəbə daxil olduğu ilk gündən – birinci sinifdən formalaşdıran müəllimimizlə davam edirəm. Müsahibimiz məktəbin yüksək bal toplayaraq ali məktəblərə qəbul olan 11c sinfinin ibtidai sinif müəllimi, bir zamanlar “Şərq qapısı” qəzetinin redaktoru olmuş ziyalı Məmməd Bektaşinin qızı İltifat Bektaşidir. İltifat müəllim 40 ilə yaxındır ki, həyatını peşələrin ən müqəddəsi, şərəflisi olan müəllimliyə həsr edib. İllərin ona qazandırdığı təcrübədən, peşəkarlıqdan ürəkdolusu danışan müsahibimiz deyir ki, məktəbi uğurla başa vurmuş hər bir şagirdin müvəffəqiyyətinin, nailiyyətinin təməli elə birinci sinifdə təhsil aldığı illərdən başlayır. Bu dövr ərzində ən böyük məsuliyyət, təbii ki, müəllim və valideynlərin üzərinə düşür. İltifat müəllim şagirdləri uğurlara, müvəffəqiyyətlərə sövq edəcək bir mövzuya da toxundu: – Şagirdlər məktəbə daxil olduqları ilk günlərdən potensiallarına uyğun bilik, bacarıq və arzuolunan davranışlar nümayiş etdirirlər. Şagirdin cövhərində, təməlində olan təlim-tərbiyəni, ən əsası isə potensialı görüb düzgün istiqamətləndirmək hər bir müəllimin peşə vəzifəsi olmalıdır. Müəllim şagirdlərinə bilik və bacarıq qazandırdığı kimi, insanlara qarşı sevgi, hörmət, mərhəmət, dostluq, nizam-intizam kimi anlayışları da aşılamalıdır. Bu vəzifə yalnız orta məktəb müəllimləri üçün yox, statusundan asılı olmayaraq, bütün təhsil işçiləri üçün prioritetdir. Müasir Qərb psixologiyasının araşdırmalarına görə, şagirdlər məktəbdaxili münasibətlərdə müəllimlərini özlərinə rol-model seçir və onların mənfi, müsbət bütün davranışlarını nümunə götürürlər. Müəllimin geyimi, hərəkətləri, danışığı, həmkarlarına olan münasibəti, yanaşması şagirdlərin baxışını formalaşdırır. Sübuta ehtiyacı olmayan bir reallıqdır ki, fənn müəllimi şagirdin akademik göstəricilərindən asılı olmayaraq, ona xoş münasibət göstərərsə, şəxsiyyətinə hörmətlə yanaşarsa, bu, şagirdin fənn müəllimini və fənni sevməsinə səbəb olacaqdır. Təcrübə də onu göstərir ki, fənni sevən şagird onu daha yaxşı mənimsəyir, uğur qazanır. Əks-təqdirdə müəllimin şagirdlərin dərs zamanı etdiyi səhvləri “düzəldilməsi mümkün olmayan” yanlış kimi göstərməsi, onlara yenidən cəhd etmək fürsətini yaratmaması, xüsusən də bu səhvləri şagirdlərin bilikləri ilə əlaqələndirməsi, onlarda “qapalı-sabit düşüncə” tərzinin formalaşmasına gətirib çıxarır. Əgər 40 illik pedaqoji fəaliyyətimdə uğur əldə etmişəmsə, bunun yeganə səbəbi şagirdlərimi sevdiyim üçündür...
    Uzun illərdir, 12 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olan, bu ilin qəbul göstəricilərində ən yüksək nəticə qazanan məzunlara 7 il Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən Aynur Fərəcova ilə söhbətimizə davam edirik. Müsahibimiz illər əvvəl mətbuatdan öyrəndiyi bir hadisəni bizimlə bölüşərək deyir: – Yaxşı xatırlayıram, illər əvvəl mediadan oxumuşdum ki, qardaş Türkiyə Respublikasının sadə həyat yaşayan, zəhmətsevər insanlarının cəm olduğu bir məhəllədə təhsil alan bütün abituriyentlər yüksək nəticə qazanıb. Bu hadisə həmin illərdə böyük əks-səda yaratmışdı. Çünki məhəllənin uçub-dağılmış, şəraitsiz məktəbində təhsil alan şagirdlərin yüksək nəticə əldə etməsini insanlar heyranlıqla qarşılayırdı, daha doğrusu, bunun mümkünsüz olduğuna inanırdılar. Sonradan məlum olmuşdu ki, müvəffəqiyyət əldə edən məzunların hamısı onları yetişdirən, elm-təhsil öyrədən bir müəllimin şagirdləri olub. Həmin müəllimə sual verilmişdi. Siz necə oldu ki, bu cür çətin şəraitdə bütün şagirdlərinizə böyük nailiyyət qazandırdınız. Müəllim isə cavabında belə demişdi. Mən şagirdlərimə sevgimi vermişdim. Müəllim sevgisi elə bir sevgidir ki, elə duyğudur ki, onun işığında Vətən sevgisi, yurd sevgisi, xalq sevgisi var. Bu sevgini şagirdlərinə bəxş edən müəllim necə də xoşbəxtdir, bəxtiyardır. Təvazökarlıqdan bir az uzaq olsa da, deyəsən, biz də bu ömrü boşa yaşamadıq.
    Aynur müəllim söhbətinə belə davam edir: – Qeyd etmək istəyirəm ki, dövlətimiz təhsilin inkişafını daim diqqət mərkəzində saxlayır. Müasirtipli məktəb binalarının tikintisi, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi, həmçinin ucqar kəndlərdə çalışan müəllimlərin, təhsil işçilərinin əməkhaqlarının artırılması, bütün bunlar təhsilin inkişafını şərtləndirən əsas amillərdəndir. Bununla yanaşı, müəllimlərin diaqnostik qiymətləndirmə imtahanının (DQ) aparılması, müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin keçirilməsi, məktəblərdə təmayül siniflərinin yaradılması və digər layihələr – bütün bunlar bu gün Azərbaycan təhsilinin uğurlarıdır. Bunun nəticəsidir ki, təhsilimizdə, xüsusən də orta məktəblərdə böyük uğurlarımız var. Ali məktəblərə qəbul zamanı məzunların və eyni zamanda yüksək balla qəbul olanların sayının artması təhsilin keyfiyyətinin yüksəlməsinin sübutudur. Bu istiqamətdə dövlət təhsil siyasətinin əldə etdiyi uğur bu il 12 nömrəli tam orta məktəbin payına düşüb. 
    Müəllimlərimizlə maraqlı keçən söhbət bizə xatırladır ki, hələ qədim zamanlardan müdriklər təhsili “uğurlu gələcəyə açılmış qapı” adlandırırlar. XIII əsr İslam aləminin böyük mütəfəkkiri Mövlana Cəlaləddin Rumi yazırdı: “İnsanda iki böyük fəzilət var: birincisi təhsil, ikincisi fədakarlıqdır. Bəzilərində təhsil var, fədakarlıq yoxdur, bəzilərində fədakarlıq var, təhsil yoxdur. Hər ikisinə sahib olan şəxslər xoşbəxtdirlər”. Daim azərbaycanlıları xoşbəxt, dövlətimizi isə müstəqil görmək istəyən, bu yolda əsl fədakarlıq və sonsuz iradə nümayiş etdirən Ulu Öndərimiz Heydər Əliyev təhsil olmadan ölkənin gələcəyinin qurulmasının mümkün olmadığına diqqəti cəlb edərək deyirdi: “İndi bizim təhsilimizin əsas məqsədi gənc nəslə, uşaqlara təhsil verib, onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsəd Azərbaycan vətəndaşını hazırlamaqdır”.

    Məktəbi müvəffəqiyyətlə başa vuran məzunlardan Süleyman Məmmədli ilə də həmsöhbət olduq. Qeyd edək ki, Süleyman qəbul imtahanlarının hər iki mərhələsində iştirak edərək 573 bal toplayıb. İxtisas seçimində Azərbaycan Dövlət Neft və Sənaye Universitetini seçib və o, həmin ali təhsil ocağının tədrisi ingilis dilində olan Kompüter mühəndisliyi ixtisasında təhsil alacaq. Süleyman deyir ki, ali məktəbə qəbul olmaq üçün ilk öncə orta məktəb proqramını yüksək səviyyədə mənimsəmək, seçəcəyin ixtisas üzrə fənləri dərindən öyrənmək vacib şərtdir. Hər halda orta məktəbdə dərslərə laqeyd yanaşan biri, fikrimcə, istədiyi ixtisas üzrə ali məktəbə qəbul ola bilməz. Biz məktəbdə oxuduğumuz müddətdə müəllimlərimizin verdiyi tövsiyələrdən istifadə etməyi bacarmalıyıq. Əlbəttə ki, hər hansı kursa və ya repetitor hazırlığına getməklə də öz biliyimizi artıra bilərik. Ancaq orta məktəbdə aldığımız fundamental təhsil olmadan biz heç vaxt ali məktəbə qəbul ola bilmərik. Qəbul olsaq belə yüksək nəticə əldə etmək çətindir. Bir də ki, bu yol, sözün əsl mənasında, səbir və əzmkarlıq tələb edir. Təbii ki, müəllimlərimizin, valideynlərimizin də dəstəyini inkar etmək olmaz. Tələbə adını qazanmağımda mənə düzgün yol göstərən müəllimlərimə, ən əsası isə təhsil aldığım 12 nömrəli tam orta məktəbin pedaqoji kollektivinə minnətdarlığımı bildirirəm.
    Azərbaycan xalqının xilaskar lideri, Ulu Öndər Heydər Əliyev ölkəmizin bu günü, gələcəyi yolunda təhsil siyasətinin zərurətini diqqətə çatdıraraq deyirdi: “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”. Ölkəmizin bugünkü inkişaf tempinə baxsaq, görərik ki, dövlətimizin xüsusi diqqəti daim təhsil siyasətini əhatə edir, məktəblərimiz, ali təhsil ocaqlarımız dünya təhsil siyasəti ilə müştərək əlaqələr qurur, inkişaf edir, müasirləşir. Bu da, təbii ki, hər il yeni-yeni uğurların qazanılmasına, təlim-tədris ocaqlarımızın müasir tələblər səviyyəsində qurulmasına şərait yaradır. Bu fürsətdən layiqincə istifadə edən müəllimlərimiz, həmçinin şagirdlərimiz təhsildə böyük uğur qazanmağa nail olurlar. Eynilə 12 nömrəli tam orta məktəb kimi. Uğurların, müvəffəqiyyətlərin daim olsun, əziz məktəb, doğma kollektiv...

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 07.09.2023 18:02