AZ EN RU

Məzunlar 50 il sonra tələbəlik illərinə qayıdıblar

Naxçıvan Dövlət Pedaqoji İnstitutunun ilk məzunları Naxçıvan Dövlət Universitetində olublar. Universitetin rektoru Elbrus İsayev onlarla görüşüb. 50 il bundan öncə Coğrafiya ixtisasını bitirən məzunları salamlayan rektor onları uzun illərdən sonra ali təhsil ocağında birlikdə görməkdən sevinc və qürur duyduğunu bildirib. Ali təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan söhbət açan Elbrus İsayev universitetin genişlənən beynəlxalq əlaqələri, inkişaf perspektivləri barədə qonaqlara ətraflı məlumat verib. Məzunlar arasında sıx əlaqələrin qurulmasının çox
əhəmiyyətli və faydalı nəticələr verəcəyini bildirən rektor bu cür mənəvi-əxlaqi dəyərlərin qorunaraq gənc nəsilə ötürülməsinin vacibliyini vurğulayıb. Səmimi görüşə və söhbətə görə qonaqlara təşəkkür edən Elbrus İsayev bu ənənənin davamlı xarakter alacağına əminliyini ifadə edib.

Görüşdə iştirakdan məmnun olduqlarını qeyd edən məzunlar universitetdə son dövrlər gedən inkişafı yüksək dəyərləndiriblər. Tələbəlik illərini, müəllimlərini yad edib, xoş xatirələrini bölüşən məzunlar qayğısız gənclik illərinə qayıtdıqları,ehtiramla xatırlandıqları, onlara sevinc və fərəh dolu gün yaşatdıqları üçün tədbirin
təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Sonra doğma fakültələrini ziyarət edən məzunlar yenidən eyni parta arxasında əyləşərək 50 il bundan öncə onlara dərs deyən müəllimlərini bir daha dinləyiblər. Universitein Sosial mərkəzində çay masası ətrafında toplaşan məzunlar keçmiş günlərini yad ediblər.

Məmmədbağır DÜNYAMALIYEV
NDU-nun Tv, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

Nəşr edilib : 17.07.2023 16:41