AZ EN RU

Məzun tədbiri olub

    Naxçıvan Müəllimlər İnstitutunda təhsilini başa vuran tələbələr üçün məzun tədbiri keçirilib.Tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov qeyd edib ki, Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətini günün tələbləri səviyyəsində qurması ölkəmizdə təhsil sahəsində aparılan məqsədyönlü siyasətin nəticəsidir. Rektor diqqətə çatdırıb ki, ilk dəfə 2004-cü ildə 1 ixtisas üzrə 27 nəfər tələbəsini məzun edən Naxçıvan Müəllimlər İnstitutunun bu il 8 ixtisas üzrə 291 bakalavr, 5 ixtisas üzrə 40-a yaxın magistr tələbəsi məzun olur. Vurğulanıb ki, hazırda institutda 15 ixtisas üzrə bakalavr, 5 ixtisas üzrə magistr, 5 ixtisas üzrə doktorantura səviyyəsi üzrə kadr hazırlığı aparılır və 2 istiqamət üzrə Dissertasiya Şurası fəaliyyət göstərir.
    İnstitutun gələcək perspektivlərindən danışan rektor bildirib ki, müəllim kadrları hazırlayan təhsil müəssisəsi kimi məqsəd müasir kompetensiyalara cavab verə bilən, özünü hər sahədə mükəmməl səviyyədə doğrultmağı bacaran, əsl vətənpərvər şəxsiyyətlər formalaşdırmaqdır. Bu istiqamətdə institutun professor-müəllim heyəti ilə yanaşı, təhsil alan və məzun olan hər bir tələbənin üzərinə böyük məsuliyyət düşür. Gənclər heç vaxt bu müvafiq zaman kəsiyində aldıqları biliklərlə kifayətlənməməli, öz üzərlərində müntəzəm işləyərək daim təkmilləşməli, Azərbaycanın yeni quruculuğunda fəal iştirak etməlidirlər. 
    İnstitutun Tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev, İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Həbibə Allahverdiyeva, elmi katib Qurban Qurbanlı, fakültə dekanları Samirə Həsənova və Rövşən Vəliyev məzunları təbrik ediblər. 
    Sonra İbtidai sinif müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Gülcan Əlizadə bütün məzunlar adından çıxış edərək onların təhsil almaları və hərtərəfli inkişafları üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib, məzunlar adından Vətənə, millətə layiqli övlad olacaqlarına, daim onlara göstərilən etimadı doğruldacaqlarına söz verib. 
    Tədbirin bədii hissəsində institutun teatr studiyasının üzvləri olan tələbələrin və məzunların iştirakı ilə rəqslər nümayiş edilib, şeir və bir-birindən gözəl musiqi nömrələri səsləndirilib, səhnəciklər təqdim edilib. Sonda Təsviri incəsənət müəllimliyi ixtisasının məzunlarının hazırladıqları hesabat sərgisinə baxış olub.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə

əlaqələr xidməti

Nəşr edilib : 03.06.2022 20:05