AZ EN RU

“Məzun Günü” qeyd olunub

    Naxçıvan Dövlət Universitetində çoxsaylı müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən “Məzun Günü”ndə aparıcılar tamaşaçıları salamladıqdan sonra orkestrin musiqi sədaları altında məzun keçidi baş tutub.
    Universitetin rektoru Elbrus İsayev təbrik çıxışı zamanı qeyd edib ki, tələbəlik illəri insan həyatında yer tutan ən önəmli dövrü təşkil edir. Həmin dövr gəncliyin xoş günlərini özündə əks etdirməklə yanaşı, hər hansı bir ixtisasa, elmə, biliyə yiyələnmək, gələcəkdə ondan daim yararlanmaq baxımından tələbələrin həyatında böyük izlər qoyur. Qeyd olunub ki, universitetin də məqsədi məhz intellektual, bacarıqlı, vətənpərvər gənclər yetişdirməkdir. Bu illər ərzində məzunların ictimai həyatda da aktiv olduğunu diqqətə çatdıran rektor bildirib ki, məzunlar təkcə auditoriyada deyil, ictimai işdə fəallıq göstərib, universitetin bütün tədbirlərində fəal iştirak ediblər. Vurğulanıb ki, universitet həyatında baş verənlər tələbələrin həyatında gözəl xatirə kimi hər zaman yaşayacaq. Elbrus İsayev bütün məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. 

    Vaxtilə Naxçıvan Dövlət Universitetində ali təhsil almış tanınmış şair-yazıçı, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar qeyd edib ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəslə bağlayır. Bildirilib ki, gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin dünyanın istənilən ölkəsində gənclər  sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatlarını hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur. Məhz Naxçıvan Dövlət Universiteti də bacarıqlı gənclərin yetişdirilməsində xüsusi rol oynayır. Asim Yadigar məzunları təbrik edərək onlara cansağlığı arzulayıb.
    Məzunlardan Vətən müharibəsində qəhrəmanlıqla vuruşaraq şəhid olan, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən Faiq Qasımovun övladı Zamin Qasımov ali təhsilini məhz Naxçıvan Dövlət Universitetində aldığına görə qürur hissi duyduğunu bildirib. O bütün məzun yoldaşlarını təbrik edib.
    Tədbir tələbələrin hazırladığı konsert proqramı ilə davam edib. Xarici tələbələrin də musiqi nömrələri ilə çıxış etdiyi konsert və rəqs nümunələri iştirakçılarda xoş ovqat yaradıb. Tələbələrin əl işlərinin nümayiş olunduğu sərgi izləyicilərdə maraq doğurub.
    Sonra fakültələr üzrə məzunların təbrik çıxışları olub. Pedaqoji fakültənin tələbələrinin hazırladığı tamaşa iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. 
    Universitet məzunlarından ümumi orta müvəffəqiyyət göstəricilərinə görə fərqlənən tələbələrə plaket və hədiyyələr təqdim olunub, məzun Səkinə Məmmədzadə “Məzun kötüyü”nə xatirə lövhəsini vurub. 
    Sonda məzunların “papaqatma” mərasimi olub. 

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və 
ictimaiyyətlə əlaqələr bölməsi 
​​​​​​​

Nəşr edilib : 22.06.2022 21:50